Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № e-2(017)-2223/2023 17.11.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsinin hakimi Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, Paşayev Şamxal Yəhya oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh və Zamin qarşı “borcun ödənilməsi” tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Ağcabədi Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh və Zamin qarşı “borcun ödənilməsi” barədə iddia verərək, cavabdehlər Cavabdeh və Zamin əsas borca görə 2398 manat, xidmət haqqına görə 0,40 qəpik, məktub puluna görə 4,40 manat və dövlət rüsumuna görə ödənilmiş 43,98 manat pulun alınıb İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehlərə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 06 may 2023-cü il tarixdə nisyə iki alqısatqı müqaviləsi bağlanmışdır. Həmin müqavilələrə uyğun olaraq Cavabdeh qiyməti 1840 manat olan Samsung markalı soyuducu ilkin ödəniş 115 manat olmaqla, 15 ay müddətinə, hər ay 115 manat və qiyməti 558 manat olan Redmi Note 12 markalı mobil telefon ilkin ödəniş 31 manat olmaqla, 12 ay müddətinə, hər ay 44 manat ödəmək şərti ilə kredit verilmişdir. Cavabdeh Zamin həmin zaminlik müqaviləsinə uyğun olaraq zamin kimi üzərinə məsuliyyət götürmüşdür. Lakin cavabdeh 1-ci müqavilənin şərtini pozaraq 00,00 manat pul ödəyib və qalıq qalmış 1840 manat, 2-ci müqavilənin şərtini pozaraq 00,00 manat pul ödəyib qalıq qalmış 558 manat borcu, ümumilikdə 2398 manat borcu ödəməmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər kredit borcunu ödəməkdən boyun qaçırmışlar. Ona görə də iki müqavilə üzrə ümumilikdə yaranmış əsas borca görə 2398 manat, 0,40 qəpik xidmət haqqı, 4,40 manat məktub pulu, habelə 43,98 manat ödənilmiş dövlət rüsumunun cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan İddiaçı ilə Cavabdeh və Zamin arasında bağlanmış 06 may 2023-cü il tarixli nisyə alqı-satqı müqavilələrindən və zaminlik müqaviləsindən görünür ki, Cavabdeh 1-ci müqavilə üzrə qiyməti 1840 manat olan Samsung markalı soyuducu ilkin ödəniş 115 manat olmaqla, 15 ay müddətinə, hər ay 115 manat və qiyməti 558 manat olan Redmi Note 12 markalı mobil telefon ilkin ödəniş 31 manat olmaqla, 12 ay müddətinə, hər ay 44 manat ödəmək şərti ilə kredit verilmiş və Zamin kimi üzərinə məsuliyyət götürmüşdür. Birinci müqavilənin 4.2-ci bəndinə görə malın qiymətinin 115 manat olan hissəsi müqavilə bağlanan zaman alıcı tərəfindən ilkin ödənilir, digər hissəsi isə müqavilə qüvvəyə mindiyi gündən etibarən hər 30 təqvim günü keçdikdən sonra ertəsi gün 15 ay ərzində hər ay 115 manat olmaqla ödənilir. İkinci müqavilənin 4.2-ci bəndinə görə malın qiymətinin 31 manat olan hissəsi müqavilə bağlanan zaman alıcı tərəfindən ilkin ödənilir, digər hissəsi isə müqavilə qüvvəyə mindiyi gündən etibarən hər 30 təqvim günü keçdikdən sonra ertəsi gün 12 ay ərzində hər ay 44 manat olmaqla ödənilir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh 1-ci müqavilə üzrə 1840 manat, 2-ci müqavilə üzrə isə 558 manat olmaqla, iki müqavilə üzrə 2398 manat iddiaçıya borcu vardır. Mülki işin materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, İddiaçı məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 43,98 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcələsinin 462.1-ci maddəsinə əsasən dəbbə (cərimə, penya) pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, iddia qismən sübut olunduğundan qismən təmin olunmalı, tərəflər arasında bağlanmış 06 may 2023-cü il tarixli müqavilələrə əsasən 1-ci müqavilə üzrə 1725 (1840-115) manat, 2-ci müqavilə üzrə 527 (558-31) manat olmaqla, iki müqavilə üzrə 2252 manat məbləğində borc cavabdehlərdən alınaraq İddiaçı ödənilməlidir. İddia tələbi qalan hissədə sübuta yetirilmədiyinə görə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 43,98 manat dövlət rüsumu da onun xeyrinə cavabdehlərdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh və Zamin iki müqavilə üzrə cəmi 2252 manat borc və 43,98 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №e-2(017)-2223/2023
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(017)-2223/2023
17.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver