Məhkəmə qərarları › İş №e-2(017)-254/2024

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(017)-254/2024

18.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № e-2(017)-254/2024 18.01.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsinin hakimi Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, Paşayev Şamxal Yəhya oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «borcun ödənilməsi» tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Ağcabədi Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «borcun ödənilməsi» barədə iddia verərək, Cavabdeh 2619 manat borcun və 47 manat dövlət rüsumunun alınıb İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 17 noyabr 2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdehə qiyməti 2360 manat olan Beko markalı Led TV ilkin ödəniş 20 manat olmaqla, 12 ay müddətinə, hər ay 130 manat və 21 dekabr 2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdehə qiyməti 1346 manat olan Beko markalı ətçəkən ilkin ödəniş 500 manat olmaqla, 18 ay müddətinə, hər ay 47 manat ödəmək şərti ilə kredit verilmişdir. Lakin, Cavabdeh kredit borcunu ödəməkdən yayınmış, beləliklə 17 noyabr 2019-cu il tarixli müqavilə üzrə 1520 manat əsas, 455 manat cərimə və 21 dekabr 2019-cu il tarixli müqavilə üzrə 496 manat əsas, 148 manat cərimə borcu yaranmışdır. Ona görə də həmin məbləğin, habelə 47 manat ödənilmiş dövlət rüsumunun alınıb onlara verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış 17 noyabr 2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh 2360 manat olan Beko markalı Led TV ilkin ödəniş 20 manat olmaqla, 12 ay müddətinə, hər ay 130 manat ödəmək şərti ilə kredit verilmişdir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış 21 dekabr 2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh 1346 manat olan Beko markalı ətçəkən ilkin ödəniş 500 manat olmaqla, 18 ay müddətinə, hər ay 47 manat ödəmək şərti ilə kredit verilmişdir. İş materiallarında olan İddiaçı tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh 17 noyabr 2019-cu il tarixli müqavilə üzrə 1520 manat əsas, 455 manat cərimə və 21 dekabr 2019-cu il tarixli müqavilə üzrə 496 manat əsas, 148 manat cərimə borcu olmaqla, iki müqavilə üzrə 2619 manat iddiaçıya borcu vardır. Mülki işin materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, İddiaçı məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 47 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcələsinin 462.1-ci maddəsinə əsasən dəbbə (cərimə, penya) pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən cavabdehdən 17 noyabr 2019-cu il tarixli, müqaviləyə əsasən 1520 manat əsas, 5 manat cərimə və 21 dekabr 2019-cu il tarixli, müqaviləyə əsasən 496 manat əsas, 5 manat cərimə borcu alınaraq İddiaçı ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən yaranmış borc cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 47 manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 17 noyabr 2019-cu il tarixli, müqaviləyə əsasən 1520 manat əsas, 5 manat cərimə və 21 dekabr 2019-cu il tarixli, müqaviləyə əsasən 496 manat əsas, 5 manat cərimə və 47 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən 01 (bir) ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar