Məhkəmə qərarları › İş №e-2(017)-2567/2023

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(017)-2567/2023

28.12.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № e-2(017)-2567/2023 28.12.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsinin hakimi Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, Paşayev Şamxal Yəhya oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun alınıb verilməsi” tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Ağcabədi Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı “su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun alınıb verilməsi” barədə iddia verərək, Cavabdeh 700,50 manat su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun və 30 manat dövlət rüsumunun alınıb İddiaçı ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh **********00 nömrəli su təchizatı sistemindən su buraxılması və tullantı sularının axıdılması xidməti göstərilir. Cavabdeh əhali qrupu abonentinə aid olmaqla ötən dövr ərzində istifadə etdiyi xidmətlərin dəyərini tam ödəməmiş, nəticədə xx.xx.2023-cü il tarixə 700,50 manat borcu yaranmışdır. Ona görə də həmin məbləğin, habelə 30 manat ödənilmiş dövlət rüsumunun alınıb onlara verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, cavabdeh tərəfindən məhkəməyə göndərilmiş "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 3804 nömrəli arayışından görünür ki, Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC-nin inşa etdiyi Abşeron rayonu Xırdalan şəhəri Sumqayıt şossesi 7-ci km ünvanında yerləşən Abşeron Gənclər Şəhərciyi yaşayış kompleksi bina 1, blok 7, mənzil 10 da xx.xx.2016-cı il tarixdən etibarən yaşayış yoxdur. İş materiallarında olan Ağcabədi rayon İHB-nın Xocavənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 718 nömrəli, 14 dekabr 2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh ailə üzvləri ilə birlikdə Ağcabədi rayonunun Xocavənd kəndində yaşayır. İş materiallarında olan X1 Cəmiyyəti 003065 nömrəli, 13 dekabr 2023-cü il tarixli arayışından görünür ki, Xırdalan şəhəri Masazır qəsəbəsi Akkord Gənclər Şəhərciyi ev (bina) 0002, mənzil 0014 ünvanında yaşayan **********20014 kodlu abonent Cavabdeh aid 17864702M679455 nömrəli sayğacın xx.xx.2023-cü il tarixli 118 son indeks göstəricisinə əsasən qeyd edilən tarixə elektrik enerjisinin istifadəsinə görə borcu (sərfiyyat) yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı ASC ilə Cavabdeh arasında su təchizatı sistemindən su buraxılması və tullantı sularının axıdılması xidməti göstərilməsinə dair müqavilə yoxdur. Eyni zamanda, 2016-cı il tarixdən su buraxılması və tullantı sularının axıdılması xidməti göstərilməsi iddia olunan ünvanda yaşayış olmamışdır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara və işin faktiki hallarına obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbində göstərilən dəlillər əsassızdır və heç bir sübutla təsdiq olunmamışdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı ASC-nin Cavabdeh 700,50 manat su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borc tələbinə dair iddiası təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə qət etdi: İddiaçı ASC-nin Cavabdeh 700,50 manat su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun tutulması barədə iddiası təmin edilməsin. Qətnamədən 01 (bir) ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar