Məhkəmə qərarları › İş №e-2(017)-2581/2025

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(017)-2581/2025

06.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № e-2(017)-2581/2025 06.10.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsinin hakimi Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, Paşayev Şamxal Yəhya oğlunun katibliyi ilə, İddiaçı «X2 Kompleksi» MMC-nin Cavabdeh qarşı «borcunun ödənilməsi» tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Ağcabədi Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «X2 Kompleksi» MMC Cavabdeh qarşı «borcunun ödənilməsi» barədə iddia verərək, Cavabdeh 2264,91 manat əsas, 452,98 manat cərimə borcun və 48 manat dövlət rüsumunun alınıb «X2 Kompleksi» MMC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasn ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, «X2 Kompleksi» MMC-nin «X1 və İstehsalı Zavodu» filialı ilə Cavabdeh arasında 30 yanvar 2023-cü il tarixli, 326 nömrəli xam pambığın alqı-satqısı barədə müqavilə imzalanmışdır. Həmin müqaviləyə uyğun olaraq tərəflər arasında razılaşma imzalanmış və cavabdehə hər hektar torpaq sahəsində 32 sentnerdən az olmamaqla xam pambıq istehsal etməklə əldə etdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan 9047,35 manat məbləğində avans vəsaitlər (nağd vəsait, dərman, çiyid, gübrə və.s.) verilmiş, müxtəlif xidmətlər göstərilmişdir. Müqavilə şərtlərinə əsasən, cavabdeh götürdüyü avansın dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra, təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Lakin cavabdeh yaranmış borcdan 6782,34 manat dəyərində xam-pambıq verməklə ödəmişdir. Beləliklə, cavabdeh tərəfindən 2023-cü il mövsümü üzrə xx.xx.2023-ci il tarixli, 326 saylı müqavilənin 2.1.1, 2.1.7, 5.1-ci bəndlərini pozaraq götürdüyü avans müqabilində borcunu tam ödəməmişdir. Nəticədə cavabdehin iddiaçıya 2264,91 manat borcu qalmışdır. Lakin, Cavabdeh xam-pambıq təhvil verməmiş, beləliklə də 2264,91 manat əsas, 452,98 manat cərimə borcu yaranmışdır. Ona görə də həmin məbləğin, habelə 48 manat dövlət rüsumunun alınıb onlara verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan «X2 Kompleksi» MMC-nin «X1 və İstehsalı Zavodu» filialı ilə Cavabdeh arasında bağlanmış 30 yanvar 2023-cü il tarixdə xam pambığın istehsalı və alqı-satqısı barədə müqaviləsindən görünür ki, Cavabdeh 2,20 hektar sahədə pambıq əkməyi və əldə etdiyi məhsulu istehsal edib iddiaçıya satmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan üzləşmə aktından və maliyyə arayışından görünür ki, Cavabdeh iddiaçıya 2264,91 manat əsas, 452,98 manat cərimə borcu vardır. Mülki işin materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, iddiaçı «X2 Kompleksi» MMC məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 48 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasn bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcələsinin 462.1-ci maddəsinə əsasən dəbbə (cərimə, penya) pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehdən 30 yanvar 2023-cü il tarixli müqaviləyə əsasən 2264,91 manat əsas, 10 manat cərimə borcu alınaraq iddiaçı «X2 Kompleksi» MMC-nə ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasn ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasn işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Göstərilənlərə əsasn və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 2264,91 manat əsas, 10 manat cərimə borcu və 48 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq «X2 Kompleksi» MMC-nə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən 01 (bir) ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar