Məhkəmə qərarları › İş №e-2(017)-618/2025

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(017)-618/2025

29.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № e-2(017)-618/2025 29.04.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borc tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 4738,32 manat ödənilməmiş hissə, 1421,50 manat cərimə, ümumilikdə 6159,82 manat məbləğində borcun və ödənilmiş 81,60 manat dövlət rüsumunun tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 03 noyabr 2023-cü il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olmadan 18 ay müddətinə hər ay 263,24 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 4738,32 manat olan İMEİ kodu **********90830 “İphone 14 Pro Max” markalı mobil telefon, 2 ədəd “Vinil Mat” və “Apple” adapter almışdır. Lakin Cavabdeh müqavilə üzrə ümumiyyətlə ödəniş etməmişdir. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Ona görə də, Cavabdeh 03 noyabr 2023cü il tarixli müqaviləyə əsasən 4738,32 manat ödənilməmiş hissə, 1421,50 manat cərimə, ümumilikdə 6159,82 manat məbləğində borcun və ödənilmiş 81,60 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını və iddianın tam təmin olunmasını xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İşdə olan 03 noyabr 2023-cü il tarixli müqavilənin surətindən görünür ki, bu müqavilə ilkin ödəniş olmadan 18 ay müddətinə hər ay 263,24 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 4738,32 manat olan İMEİ kodu **********90830 “İphone 14 Pro Max” markalı mobil telefon, 2 ədəd “Vinil Mat” və “Apple” adapteralınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 03 yanvar 2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 03 noyabr 2023-cü il tarixli müqaviləyə əsasən 4738,32 manat ödənilməmiş hissə, 1421,50 manat cərimə, ümumilikdə 6159,82 manat borcu vardır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. İş materialları araşdırılarkən müəyyən olundu ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 03 noyabr 2023-cü il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olmadan 18 ay müddətinə hər ay 263,24 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 4738,32 manat olan İMEİ kodu **********90830 “İphone 14 Pro Max” markalı mobil telefon, 2 ədəd “Vinil Mat” və “Apple” adapter almışdır. Lakin Cavabdeh müqavilə üzrə ümumiyyətlə ödəniş etməmişdir. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Ona görə də, Cavabdeh 03 noyabr 2023-cü il tarixli müqaviləyə əsasən 4738,32 manat ödənilməmiş hissə, 1421,50 manat cərimə, ümumilikdə 6159,82 manat borcun alınmasını tələb etməkdə haqlıdır. Lakin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək cərimə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehdən tələb olunan dəbbə pulunun (cərimənin) tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, dəbbə pulunun miqdarı 10 manatadək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilərək Cavabdeh iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə 4738,32 manat məbləğində ödənilməmiş hissə, 10 manat məbləğində cərimə, cəmi 4748,32 manat məbləğində pul tutulmalı və iddia tələbi qalan hissədə təmin edilməməlidir. İşdə olan 06 yanvar 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 81,60 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün iddiaçı tərəfindən ödənilmiş 81,60 manat dövlət rüsumu cavabdehdən alınıb iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 4738,32 manat məbləğində ödənilməmiş hissə, 10 manat məbləğində cərimə və ödənilmiş 81,60 manat dövlət rüsumu, cəmi 4829 (dörd min səkkiz yüz iyirmi doqquz) manat 92 (doxsan iki) qəpik borc pul tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar