Məhkəmə qərarları › İş №e-2(018)-1062/2023

Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-1062/2023

07.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-1062/2023 07.08.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, hakim köməkçisi Mirzəzadə Ofeliya Cavad qızının katibliyi ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «borc tələbinə dair» kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC-nin Baş direktoru Nümayəndə iddia verərək:

1. 18 oktyabr 2021-ci il tarixli müqaviləsinə əsasən İmei kodu **********92631 Samsung Galaxy A32 markalı telefon üçün 297 (iki yüz doxsan yeddi) manat, 10 (on) qəpik ödənilməmiş hissə, 29 (iyirmi doqquz) manat, 90 (doxsan) qəpik cərimə;

2. 13 may 2022-ci il tarixli müqaviləsinə əsasən Aksesuar 4D X1 Samsung, Aiwa markalı qulaqlıq üçün 52 (əlli iki) manat, 04 (dörd) qəpik ödənilməmiş hissə, 5 (beş) manat, 96 (doxsan altı) qəpik cərimə, ümumilikdə 385 (üç yüz səksən beş) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, Cavabdeh iddiaçı "xxxx" MMC ilə 18 oktyabr 2021-ci il tarixli və 13 may 2022-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********92631 Samsung Galaxy A32 markalı telefon və Aksesuar 4D X1 Samsung, Aiwa markalı qulaqlıq almış, nəticədə 385 (üç yüz səksən beş) manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 18 oktyabr 2021-ci il tarixli müqaviləsinə əsasən, alğı-satqı qiyməti 624 (altı yüz iyirmi dörd) manat, 60 (altmış) qəpik İmei kodu **********92631 Samsung Galaxy A32 üçün ümumilikdə 327 (üç yüz iyirmi yeddi) manat olmaqla, ondan 297 (iki yüz doxsan yeddi) manat, 10 (on) qəpik ödənilməmiş hissə, cavabdehə güzəşt olunaraq 29 (iyirmi doqquz) manat, 90 (doxsan) qəpik cərimə; 13 may 2022-ci il tarixli müqaviləsinə əsasən, alğı-satqı qiyməti 63 (altmış üç) manat Aksesuar 4D X1 Samsung, Aiwa markalı qulaqlıq üçün ümumilikdə 58 (əlli səkkiz) manat olmaqla, ondan 52 (əlli iki) manat, 04 (dörd) qəpik ödənilməmiş hissə, cavabdehə güzəşt olunaraq 5 (beş) manat, 96 (doxsan altı) qəpik cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 338 (üç yüz otuz səkkiz) manat, 46 (qırx altı) qəpik təşkil edir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Mülki işin materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, iddiaçı "xxxx" MMC-nin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş 18 oktyabr 2021-ci il tarixli, ******* nömrəli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-ndən İmei kodu **********92631 Samsung Galaxy A32 almışdır. İş materiallarına əlavə olunmuş 13 may 2022-ci il tarixli, ******* nömrəli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-ndən Aksesuar 4D X1 Samsung, Aiwa markalı qulaqlıq almışdır. İş materiallarına əlavə olunmuş ödəniş və maliyyə cədvəlindən görünür ki, Cavabdeh 18 oktyabr 2021-ci il tarixli müqaviləsinə əsasən "xxxx" MMC-nə ödənilməmiş 297 (iki yüz doxsan yeddi) manat, 10 (on) qəpik əsas, cərimə 29 (iyirmi doqquz) manat, 90 (doxsan) qəpik, 13 may 2022-ci il tarixli müqaviləsinə əsasən 52 (əlli iki) manat, 04 (dörd) qəpik ödənilməmiş hissə, 5 (beş) manat, 96 (doxsan altı) qəpik cərimə, ümumilikdə 385 (üç yüz səksən beş) manat borcu yaranmışdır. İş materiallarına əlavə olunmuş xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh 18 oktyabr 2021-ci il tarixli ******* nömrəli və 13 may 2022-ci il tarixli, 03011412 nömrəli müqavilələr üzrə borcu olduğu barədə bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İddia tələbini qismən təmin edən məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək, habelə qanunvericilik aktlarının müddəalarına istinad edərək belə qənaətə gəlir ki, 18 oktyabr 2021-ci il tarixli müqaviləsi üzrə iddiaçının iddia etdiyi 29 (iyirmi doqquz) manat, 90 (doxsan) qəpik məbləğindəki dəbbə pulu silinərək 0 (sıfır) manat həddində, 13 may 2022-ci il tarixli müqaviləsi üzrə iddiaçının iddia etdiyi 5 (beş) manat, 96 (doxsan altı) qəpik məbləğindəki dəbbə pulu silinərək 0 (sıfır) manat həddində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən və ya rədd haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30 (otuz) manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh 18 oktyabr 2021-ci il tarixli müqaviləsinə əsasən 297 (iki yüz doxsan yeddi) manat, 10 (on) qəpik ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə, 13 may 2022-ci i il tarixli müqaviləyə əsasən 52 (əlli iki) manat, 04 (dörd) qəpik ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə, ümumilikdə 349 (üç yüz qırx doqquz) manat, 14 (on dörd) qəpik borc, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutulub iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissəsədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.

Hakim: Mübariz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar