Məhkəmə qərarları › İş №e-2(018)-1074/2025

Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-1074/2025

03.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-1074/2025 03.07.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı «borcun ödənilməsi» tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh 18 oktyabr 2021-ci il tarixli, 58 444 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 1181 (min yüz səksən bir) manat məbləğində borcun və 32 (otuz iki) manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 18 oktyabr 2021-ci il tarixli, 58 444 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdehə 1181 manat dəyərində “Tel.Samsung Galaxy A725 Black 128GB” adlı mal satılmışdır. Müqavilənin şərtlərinə əsasən cavabdeh məhsulun dəyərini 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. 18 oktyabr 2021-ci il tarixli, 58 444 saylı nisyə alqı-satqı müqaviləsinin şərtlərinə görə borc alan borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh 18 oktyabr 2021-ci il tarixli, 58 444 saylı nisyə alqı-satqı müqaviləsi üzrə borcunun məbləği 1 181 manat təşkil edir. Yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh 18 oktyabr 2021-ci il tarixli, 58 444 saylı borc müqaviləsinə əsasən 1181 (min yüz səksən bir) manat məbləğində pul və 32 (otuz iki) manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı MMCyə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının ərizəsinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Məhkəmə iddia ərizəsini, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 18 oktyabr 2021-ci il tarixli, 58 444 saylı müqavilə və ona əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, cavabdeh 12 ay müddətinə, ilkin ödəniş 0 manat olmaqla, hər ay 98 (doxsan səkkiz) manat ödəmək şərti ilə ümumi məbləği 1181 (min yüz səksən bir) manat olan “Tel.Samsung Galaxy A725 Black 128GB” mal almışdır. İş materiallarında olan, İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Cavabdeh ümumilikdə 1181 (min yüz səksən bir) manat borcu vardır. İş materiallarında olan, İddiaçı MMC tərəfindən verilmiş bildirişin məzmunundan görünür ki, Cavabdeh borcun qaytarılması üçün lazımi qaydada xəbərdar edilmişdir. İş materiallarında olan, xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 32 (otuz iki) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Məhkəmə iş materiallarını tədqiq edərək müəyyən etdiki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış müqaviləyə əsasən cavabdehlə 12 ay müddətinə, 18 oktyabr 2021-ci il tarixli nisyə alqısatqı müqaviləsi bağlanmışdır. İş üzrə İddiaçı MMC qeyd olunan müqaviləyə əsasən üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdeh müqavilələr üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən, məhkəmə hesab edir ki, cavabdehin hərəkətləri nisyə alqı-satqı müqaviləsinin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh nisyə alqı-satqı müqaviləsi əsasında iddiaçıdan əşya almaq hüququna malik olduğu kimi, eyni zamanda, həmin müqavilə əsasında aldığı müqavilə üzrə müəyyən olunan malların dəyərini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh iddiaçıdan müqavilə üzrə müəyyən olunan mallar almasına dair hüququndan istifadə etmiş, lakin həmin malların dəyərini ödəməli olmasına dair vəzifəsini icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun qaytarılmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən və ya rədd haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki iddia üzrə iddia tələbi tam təmin edildiyindən iddia qaldırılması üçün iddiaçının ödədiyi 32 (otuz iki) manat dövlət rüsumu da iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 18 oktyabr 2021-ci il tarixli, 58 444 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 1181 (min yüz səksən bir) manat məbləğində borc və 32 (otuz iki) manat dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Şəfiqə Meybullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar