Məhkəmə qərarları › İş №e-2(018)-1155/2023

Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-1155/2023

24.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-1155/2023 24.08.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, Mirzəzadə Ofeliya Cavad oğlunın katibliyi ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «borc tələbinə dair» kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC-nin Problemli Kreditlər Departmentinin Rəhbəri NümayəndəX iddia verərək, 26 yanvar 2022-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********1233 Samsung Galaxy A12 markalı telefon 190 (bir yüz doxsan ) manat, 74 (yetmiş dörd) qəpik əsas borc, 19 (on doqquz) manat, 26 (iyirmi altı) qəpik cərimə, ümumilikdə 210 (iki yüz on) manat borc və 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, Cavabdeh iddiaçı "xxxx" MMC ilə 26 yanvar 2022-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********1233 Samsung Galaxy A12 markalı telefon almışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 26 yanvar 2022-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 388 (üç yüz səksən səkkiz)) manat, 44 (qırx dörd) qəpik olan İMEİ kodu **********1233 Samsung Galaxy A12 markalı telefon üçün ümumillikdə 210 (iki yüz on) manat olmaqla, ondan 190 (bir yüz doxsan) manat, 74 (yetmiş dörd) qəpik ödənilməmiş hissə, cavabdehə güzəşt olunaraq 19 (on doqquz) manat, 26 (iyirmi altı) qəpik cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 197 (bir yüz doxsan yeddi) manat, 70 (yetmiş) qəpik təşkil edir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Mülki işin materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, iddiaçı "xxxx" MMC-nin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş 26 yanvar 2022-ci il tarixli, 02081012 nömrəli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-ndən İMEİ kodu **********1233 Samsung Galaxy A12 markalı telefon almışdır. İş materiallarına əlavə olunmuş ödəniş və maliyyə cədvəlindən görünür ki, Cavabdehnın 26 yanvar 2022-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC-nə İMEİ kodu **********1233 Samsung Galaxy A12 markalı telefon üçün ödənilməmiş 190 (bir yüz doxsan) manat, 74 (yetmiş dörd) qəpik əsas borc, 19 (on doqquz) manat, 26 (iyirmi altı) qəpik cərimə, ümumilikdə 210 (iki yüz on) manat borcu yaranmışdır. İş materiallarına əlavə olunmuş 22 iyun 2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh 26 yanvar 2022-ci il tarixli müqaviləsi üzrə öhdəliklərinin icrasının gecikdirdiyi barədə bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM-in) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. İddia tələbini qismən təmin edən məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək, habelə qanunvericilik aktlarının müddəalarına istinad edərək belə qənaətə gəlir ki, 26 yanvar 2022-ci il tarixli müqaviləsi üzrə iddiaçının iddia etdiyi 19 (on doqquz) manat, 26 (iyirmi altı) qəpik məbləğində olan dəbbə pulu azaldılaraq 5 (beş) manat həddində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən və ya rədd haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30 (otuz) manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 190 (bir yüz doxsan) manat, 74 (yetmiş dörd) qəpik ödənilməmiş hissə, 5 (beş) manat cərimə, cəmi 195 (bir yüz doxsan beş) manat, 74 (yetmiş dörd) qəpik və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutulub iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia cərimə ilə bağlı 14 (on dörd) manat, 26 (iyirmi altı) qəpik hissəsində təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Mübariz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar