Məhkəmə qərarları › İş №e-2(018)-158/2024

Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-158/2024

09.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-158/2024 09.01.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Mirzəzadə Ofeliya Cavad qızının katibliyi ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında zərərin ödənilməsinə” kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 3500 (üç min beş yüz) manat məbləğində vurulmuş zərər məbləğinin və 55 (əlli beş) manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq "xxxx" ASC-nin hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdə, saat 23:50 radələrində Bakı şəhəri, H. Aslanov küçəsi ilə M. İbrahimov küçəsinin kəsişməsində baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində, Cavabdeh idarə etdiyi “Peugeot 406” markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobil, X1 idarə etdiyi “Toyota Prius ” markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddi ziyan dəymişdir. “Peugeot 406” markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinə qədər PXA ********** saylı icbari sığorta şəhadətnaməsi ilə avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmışdır. xx.xx.2021-ci il tarixli qiymətləndirmə aktından görünür ki, “Toyota Prius” markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobilə 3500 manat zərər dəymişdir. xx.xx.2021-ci il tarixli ödəniş sənədinə əsasən, 3500 (üç min beş yüz) manat iddiaçı tərəfindən X1 bank hesabına ödənilmişdir. Yasamal rayon DYPŞ-nin xx.xx.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından və bunun əsasında tərtib olunmuş YNH-nin təfərrüatları barədə arayışdan göründüyü kimi, Məmmədov X2 Xətalar Məcəlləsinin 327.1-ci (yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasını) və 333.1-ci (nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinialkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə) maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinmiş, barəsində 400 manat məbləğində cərimə edilmə haqqında inzibati tənbeh növü tətbiq edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 333.1ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - məsuliyyət müəyyən olunmuşdur. İş materiallarından aydın olur ki, Cavabdeh alkoqollu içkinin qəbulu nəticəsində nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etmişdir. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.2-ci maddəsinə əsasən, "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasinin Qanununun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması halında da, sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Mülki işə əlavə edilmiş ödəniş tapşırığından görünür ki, iddiaçı Məhkəməyə müraciət etmək üçün dövlət büdcəsinə 55 (əlli beş) manat məbləğində dövlət rüsumu ödəmişdir. Mülki işə əlavə edilmiş “İcbari Sığorta müqaviləsinə dair” məlumatından görünür ki, « Peguot» markalı, **-DR-*** dövlət nömrə nişanlı avtomobil 05 mart 2021-ci il tarixdən 05 mart 2022-ci il tarixədək PXA********** saylı icbari siğorta şəhadətnaməsi ilə avtonəqliyyat sahiblərinin "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Mülki işə əlavə edilmiş PXA83115 saylı sığorta aktından görünür ki, 05 mart 2021-ci il tarixdə sığortalanmış xx.xx.2021-ci il tarixdə, saat 23:50 radələrində Bakı şəhəri, H. Aslanov küçəsi ilə M. İbrahimov küçəsinin kəsişməsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində, Cavabdeh idarə etdiyi “Peugeot 406” markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobil, X1 idarə etdiyi “Toyota Prius” markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya 3500 (üç min beş yüz) manat maddi ziyan dəymişdir. 3500 (üç min beş yüz) manat maddi ziyan "xxxx" ASC tərəfindən X3 ödənilmişdir. Mülki işə əlavə edilmiş 29 mart 2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 400 (dörd yüz) manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tədbiq edilmişdir. Azərbaycan Respublikası MM-in 926-cı maddəsinin 1 və və 2-ci hissələrinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. Azərbaycan Respublikası MM-in 936-cı maddəsinin 1 və 2-ci hissələrinə müvafiq olaraq subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında zərərin ödənilməsinə dair onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası MM-in 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh 3500 (üç min beş yüz) manat məbləğində vurulmuş zərər "xxxx" ASC-nin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya qismən və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının tələb etdiyi 55 (əlli beş) manat məbləğində olan dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «subroqasiya qaydasında zərərin ödənilməsinə dair» iddiası təmin edilsin. Cavabdeh 3500 (üç min beş yüz) manat məbləğində vurulmuş zərərin məbləği və 55 (əlli beş) manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin bank hesabına ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Mübariz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar