Məhkəmə qərarları › İş №e-2(018)-1584/2023

Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-1584/2023

14.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-1584/2023 14.12.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclas katibi Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «borc tələbinə dair» kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə Cavabdeh qarşı «borc tələbinə dair» iddia qaldıraraq 11 oktyabr 2023-cü il tarixinə yaranmış 29 oktyabr 2022-ci il tarixli, ********* saylı müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 919 (doqquz yüz on doqquz) manat, 70 (yetmiş) qəpik əsas, 137 (bir yüz otuz yeddi) manat, 90 (doxsan) qəpik cərimə borcu, ümumillikdə 1057 (bir min əlli yeddi) manat, 60 (altmış) qəpik və 30 (otuz) manat, 50 (əlli) qəpik ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 29 oktyabr 2022-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən cavabdeh 1579 (bir min beş yüz yetmiş doqquz manat, 90 (doxsan) qəpik dəyərində olan «Samsung» markalı televizor və aksesuara görə 12 ay müddətinə ödəniş cədvəli üzrə hər ay 132 (bir yüz otuz iki) manat ödəməyi öz üzərinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq, 29 oktyabr 2022-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə sonuncu dəfə 14 aprel 2023-cü il tarixində 132 (bir yüz iki) manat, 20 (iyirmi) qəpik ödəniş etmiş və müqavilə üzrə cəmi qalıq qalmış borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır. Nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1 (bir) faiz dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Cavabdehin 29 oktyabr 2022ci il tarixli müqavilə üzrə hesablanmış cərimə məbləğinin miqdarı 193 (bir yüz doxsan üç) manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90% iddiaçı tərəfindən güzəşt edilmiş və cavabdeh tərəfindən cərimə məbləğinin 10%, yəni 137 (bir yüz otuz yeddi) manat, 90 (doxsan) qəpik "xxxx" MMC-yə ödənilməlidir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Mülki işin materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, iddiaçı "xxxx" MMC-nin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 30 (otuz) manat, 50 (əlli) qəpik dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş 29 oktyabr 2022-ci il tarixli, ********* saylı nisyə alqısatqı müqaviləsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən cavabdeh aldığı «Samsung» markalı telefona görə 12 ay müddətinə ödəniş cədvəli üzrə hər ay 132 (bir yüz otuz iki) manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 11 oktyabr 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" MMC-ə 29 oktyabr 2022-ci il tarixli, ********* saylı müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 11 oktyabr 2023-cü il tarixinə 919 (doqquz yüz on doqquz) manat, 70 (yetmiş) qəpik əsas, 137 (bir yüz otuz yeddi) manat, 90 (doxsan) qəpik cərimə borcu, ümumillikdə 1057 (bir min əlli yeddi) manat, 60 (altmış) qəpik borcu vardır. İş materiallarına əlavə olunmuş xəbərdarlıq məktubundan görünür ki, cavabdehdən iki müqavilə üzrə yaranmış borcunun ödənilməsi tələb edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM-in) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İddia tələbini qismən təmin edən məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək, habelə qanunvericilik aktlarının müddəalarına istinad edərək belə qənaətə gəlir ki, 29 oktyabr 2022-ci il tarixli müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə iddiaçının iddia etdiyi 137 (bir yüz otuz yeddi) manat, 90 (doxsan) qəpik cərimə borcu azaldılaraq 05 (beş) manat həddində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən və ya rədd haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə müvafiq olaraq işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. 30 (otuz) manat, 50 (əlli) qəpik ödənilmiş dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 29 oktyabr 2022-ci il tarixli müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 919 (doqquz yüz on doqquz) manat, 70 (yetmiş) qəpik əsas, 05 (beş) manat cərimə borcu, ümumillikdə 924 (doqquz yüz iyirmi dörd) manat, 70 (yetmiş) qəpik və 30 (otuz) manat, 50 (əlli) qəpik ödənilmiş dövlət rüsumu tutulub iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən 01 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mübariz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar