Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-179/2024 03.04.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, hakim köməkçisi X9 oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı «sığorta ödənişinin və dövlət rüsumunun tutulması tələbi barədə» iddiası üzrə mülki işə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Məhkəmə müəyyən etdi: İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 5100 (beş min yüz) manat məbləğində verilmiş sığorta ödənişinin və 71,40 (yetmiş bir manat, qırx qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 07 yanvar 2022-ci il tarixli PME********** nömrəli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta üzrə sığortalanmış “OMEL OMEGA” markalı, **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh sığorta müddətində 31 may 2022-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Türkan-Qala yolu ilə hərəkət edən zaman əks istiqamətli hərəkət zolağına çıxmış, nəticədə “OMEL ASTRA” markalı, **-UZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuş, X7 və X2 yüngül dərəcəli bədən xəsarəti yetirmişdir. Bakı şəhər, Xəzər Rayon Məhkəməsi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli qərarla “OMEL OMEGA” markalı, **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirkar şəxs olduğu müəyyən edilmişdir. Beləliklə, qeyd edilən yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı ASC “OMEL ASTRA” markalı, **-UZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə 3600 (üç min altı yüz) manat, X1 vurulmuş yüngül dərəcəli xəsarətə görə 750 (yeddi yez əlli) manat, X6 yüngül dərəcəli xəsarətə görə 750 (yeddi yez əlli) manat, cəmi 5100 (beş min yüz) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Bundan başqa, Cavabdeh hadisə vaxtı “OMEL OMEGA” markalı, **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük vəsiqəsi olmadan yəni, idarəetmə hüququ olmadan idarə etmişdir. Odur ki, Cavabdeh 5100 (beş min yüz) manat məbləğində verilmiş sığorta ödənişinin və 71,40 (yetmiş bir manat, qırx qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etmişdir. İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək mülki işə iddiaçının iştirakı olmadan baxılmasını və iddia tələbinin müdafiə etdiyini bildirmişdir. Məhkəmə hazırki mülki işə iddiaçının iştirakı olmadan keçirilməsini mümkün hesab etdi. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəbi (səbəbləri) barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM-in) 185.5-ci maddəsinə əsasən hazırki mülki işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə iş materiallarını araşdıraraq belə hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. 1.İş materiallarında olan “İcbari Sığorta müqaviləsinə dair” məlumatından görünür ki, “OMEL OMEGA” markalı, **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobili X4 arasında bağlanmış 07 yanvar 2022-ci il tarixli PME********** sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta üzrə bir hadisə üçün 50000 (əlli min) manat məbləğində sığortalanmışdır.
2. İş materiallarında Bakı şəhər, Xəzəri Rayon Məhkəməsinin 25 iyun 2022-ci il tarixli 3(003)-965/2022 saylı 25 iyun 2022-ci il tarixli qərarından görünür ki, inzibati xətanı törətmiş Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə təqsirli bilinib 400 (dörd yüz) manat məbləğində cərimə edilmişdir.
3. İş materiallarında olan 31 may 2022-ci il tarixli qüsur aktından görünür ki, “OMEL ASTRA” markalı, **-UZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 3600 (üç min altı yüz) manat, avtomobilin sürücüsü X1 vurulmuş yüngül dərəcəli xəsarətə görə 750 (yeddi yez əlli) manat məbləğində hesablanmış və İddiaçı ASC tərəfindən X5 24 iyun 2022-ci il tarixdə ümumilikdə 4350 (dörd min üç yüz əlli) manat məbləğində sığorta ödənişini köçürdülmüşdür.
4. İş materiallarında olan 24 iyun 2022-ci il tarixli ödəniş tapşırığındangörünür ki, yol-nəqliyyat hadisəsi nəticəsində X2 vurulmuş yüngül dərəcəli xəsarətə görə 750 (yeddi yez əlli) manat məbləğində hesablanmış və İddiaçı ASC tərəfindən X8 750 (yeddi yüz əlli ) manat məbləğində sığorta ödənişini köçürdülmüşdür.
5. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “OMEL OMEGA” markalı, **-SF-*** dövlət qeydiyyat nişanlı dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh mülkiyyətindədir.
6. İş materiallarında olan ödəniş tapşırığından görünür ki, iddiaçı Məhkəməyə müraciət etmək üçün dövlət büdcəsinə 71,40 (yetmiş bir manat, qırx qəpik) manat, məbləğində dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış Cavabdeh arasında bağlanmış 07 yanvar 2022-ci il tarixli PME********** nömrəli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta üzrə sığortalanmış “OMEL OMEGA” markalı, **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh sığorta müddətində 31 may 2022-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Türkan-Qala yolu ilə hərəkət edən zaman əks istiqamətli hərəkət zolağına çıxmış, nəticədə “OMEL ASTRA” markalı, **-UZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuş, X7 və X2 yüngül dərəcəli bədən xəsarəti yetirmişdir. 31 may 2022-ci il tarixli qüsur aktından görünür ki, “OMEL ASTRA” markalı, **-UZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 3600 (üç min altı yüz) manat, avtomobilin sürücüsü X1 vurulmuş yüngül dərəcəli xəsarətə görə 750 (yeddi yüz əlli) manat, X6 yüngül dərəcəli xəsarətə görə 750 (yeddi yüz əlli) manat məbləğində hesablanmış və İddiaçı ASC tərəfindən X3 hesabına 4350 (dörd min üç yüz əlli) və X8 750 (yeddi yüz əlli) manat məbləğdəki pul köçürdülmüşdür. Göstərilənlərə əsasən cavabdehin İddiaçı ASC qarşısında subroqasiya hüququ üzrə icra edilməmiş öhdəliyinin mövcüd olması faktı aşkar olmaqla, onun əməlinin qanunazidd olması və cavabdehlərin qanunazidd əməli ilə nəticəsi arasında səbəbli əlaqə olması işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, iddiaçı ziyanın tam həcmdə ödənilməsini tələb etməkdə haqlıdır. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikası MM-in 926-cı maddəsinin 1 və və 2-ci hissələrinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. Azərbaycan Respublikası MM-in 936-cı maddəsinin 1 və 2-ci hissələrinə müvafiq olaraq subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya sığorta ödənişinin və dövlət rüsumunun tutulması tələbi barədə onun verdiyi sığorta ödənişi məbləğində keçir. Ona görə də Məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi barədə iddiaçının irəli sürdüyü tələb əsaslıdır. Azərbaycan Respublikası MM-in 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. İcbari Sığortalar haqqında Azərbaycan Respublikası qanununun 25.1.3-cü maddəsinə görə icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. İcbari Sığortalar haqqında Azərbaycan Respublikası qanununun 25.1.8-ci maddəsinə görə, bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda, bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla avtonəqliyyat vaistləri sahiblərinin mülki məsuıiyyəti icbari sığortası üzrəbaş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Həmin qanunun 25.2-ci maddəsinə görə bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarına müvafiq olaraq hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası MM-in 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası MM-in 21.3-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası MM-in 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi əsaslarından biri də zərər vurulmadır. Qeyd olunan Məcəllənin 1096.2-ci maddəsinə müvafiq olaraq delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Qeyd olunan Məcəllənin 1114.1-ci maddəsində qeyd olunmuşdur ki, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Beləliklə, 5100 (beş min yüz) manat məbləğində pulun ödənilməsi barədə iddiaçı tərəfindən cavabdehə qarşı irəli sürülmüş tələb əsaslıdır. Azərbaycan Respublikası MM-in 1108.1-ci maddəsinə görə zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Hadisə baş verən vaxtı “OMEL OMEGA” markalı, **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh sürücülük hüququ olmadan idarə etmişdir. Azərbaycan Respublikası MM-in 1108.2-ci maddəsində daha sonra qeyd olunmuşdur ki, yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqazidd götürülməsində təqsirli olduqda, məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqazidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Göründüyü kimi, bu norma dispozitiv normadır, yəni mənbə sahibinin mənbənin onun sahibliyindən hüquqazidd götürülməsində təqsiri sübuta yetirilərsə, onun üzərinə məsuliyyətin qoyulması hakimin daxili inamına və sübutlara əsasən müəyyən edilə də bilər, edilməyə də bilər. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Odur ki, məhkəmə sığorta ödənişinin və dövlət rüsumunun tutulması tələbi barədə 5171,40 (beş min yüz yetmiş bir manat, qırx qəpik) manat məbləğində tələb edilən pulun cavabdehdən alınaraq iddiaçıya verilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 71 (yetmiş bir) manat, 40 (qırx) qəpik dövlət rüsumu da iddiaçının xeyrinə cavabdehdən müştərək qaydada tutulmalıdır. Yuxarıda qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357 və 360-cı maddələrinə əsasən Məhkəmə
QƏT ETDİ:
İddiaçı ASC-nin Cavabdeh qarşı «sığorta ödənişinin və dövlət rüsumunun tutulması tələbi barədə» iddiası təmin edilsin. Cavabdeh edilmiş sığorta ödənişinə görə 5100 (beş min yüz) manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 71,40 (yetmiş bir manat, qırx qəpik) manat məbləğində pul alınaraq, İddiaçı ASC-nin hesabına ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.
Hakim: Zamin İbrahimov.