Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-212/2024 23.01.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «borc tələbinə dair» kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC-nin Baş direktoru Süleymanlı.R.X iddia verərək:
1. 29 iyul 2021-ci il tarixli müqaviləsinə Soyuducu Hoffmann, LG Led TV, LG Paltaryuyan üçün 548 (beş yüz qırx səkkiz) manat ödənilməmiş hissə, 54 (əlli dörd) manat cərimə;
2. 03 fevral 2022-ci il tarixli müqaviləsinə İmei kodu **********01840 Samsung Galaxy A03 Core markalı telefon üçün 120 (bir yüz) manat, 10 (on) qəpik ödənilməmiş hissə, 12 (on iki) manat, 90 (doxsan) qəpik cərimə, ümumilikdə 735 (yeddi yüz otuz beş) manat borc və 30 (otuz dörd) manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, Cavabdeh iddiaçı "xxxx" MMC ilə 29 iyul 2021-ci il tarixli və 03 fevral 2022-ci il tarixli müqaviləsinə əsasən, Soyuducu Hoffmann, LG Led TV, LG Paltaryuyan, İmei kodu **********01840 Samsung Galaxy A03 Core markalı telefon almış və nəticədə 735 (yeddi yüz otuz beş) manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 29 iyul 2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2448 (iki min dörd yüz qıx səkkiz) manat Soyuducu Hoffmann, LG Led TV, LG Paltaryuyan üçün ümumilikdə 602 (altı yüz iki) manat olmaqla, ondan 548 (beş yüz qırx səkkiz) manat ödənilməmiş hissə, cavabdehə güzəşt olunaraq 54 (əlli dörd) manat cərimə; 03 fevral 2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 305 (üç yüz beş) manat, 10 (on) qəpik mei kodu **********01840 Samsung Galaxy A03 Core markalı telefon üçün ümumilikdə 133 (bir yüz otuz üç) manat olmaqla, ondan 120 (bir yüz iyirmi) manat, 10 (on) qəpik ödənilməmiş hissə, cavabdehə güzəşt olunaraq 12 (on iki) manat, 90 (doxsan) qəpik cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2085 (iki min səksən beş) manat təşkil edir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Mülki işin materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, iddiaçı "xxxx" MMC-nin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş 29 iyul 2021-ci il tarixli, 23258088 nömrəli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-ndən Soyuducu Hoffmann, LG Led TV, LG Paltaryuyan almışdır. İş materiallarına əlavə olunmuş 03 fevral 2022-ci il tarixli, 04261168 nömrəli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-ndən İmei kodu **********01840 Samsung Galaxy A03 Core markalı telefon almışdır. İş materiallarına əlavə olunmuş ödəniş və maliyyə cədvəlindən görünür ki, Cavabdeh 29 iyul 2021-ci il tarixli müqaviləsinə Soyuducu Hoffmann, LG Led TV, LG Paltaryuyan üçün 548 (beş yüz qırx səkkiz) manat ödənilməmiş hissə, 54 (əlli dörd) manat cərimə; 03 fevral 2022-ci il tarixli müqaviləsinə İmei kodu **********01840 Samsung Galaxy A03 Core markalı telefon üçün 120 (bir yüz) manat, 10 (on) qəpik ödənilməmiş hissə, 12 (on iki) manat, 90 (doxsan) qəpik cərimə, ümumilikdə 735 (yeddi yüz otuz beş) manat borcu yaranmışdır. İş materiallarına əlavə olunmuş xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh 29 iyul 2021-ci il tarixli, 23258088 nömrəli və 03 fevral 2022-ci il tarixli, 04261168 nömrəli müqavilələr üzrə borcu olduğu barədə bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İddia tələbini qismən təmin edən məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək, habelə qanunvericilik aktlarının müddəalarına istinad edərək belə qənaətə gəlir ki, 29 iyul 2021-ci il tarixli müqaviləsi üzrə iddiaçının iddia etdiyi 54 (əlli dörd) manat məbləğindəki dəbbə pulu azaldılaraq 3 (üç) manat həddində, 03 fevral 2022ci il tarixli müqaviləsi üzrə iddiaçının iddia etdiyi 12 (on iki) manat, 90 (doxsan) qəpik məbləğindəki dəbbə pulu silinərək 0.00 (sıfır) manat həddində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən və ya rədd haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30 (otuz) manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh 29 iyul 2021-ci il tarixli müqaviləsinə əsasən 548 (beş qırx səkkiz) manat ödənilməmiş hissə, 3 (üç) manat cərimə, 03 fevral 2021-ci il tarixli müqaviləsinə əsasən 120 (bir yüz iyirmi) manat, 10 (on) qəpik ödənilməmiş hissə, 0.00 (sıfır) manat cərimə, ümumilikdə 671 (altı yüz yetmiş bir) manat, 10 (on) qəpik borc, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutulub iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissəsində təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.
Hakim: Mübariz Məmmədov