Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-250/2024 12.02.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, hakim köməkçisi X1 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «alqı-satqı müqaviləsi üzrə mübahisələr» tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alqı-satqı müqaviləsi üzrə mübahisələr» tələbi barədə iddia verərək,Cavabdeh 225 manat əsas, 67 manat dəbbə pulu və 30 manat dövlət rüsumunun alınıb İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 16 iyul 2019-cu il tarixli ECK5775256 saylı nisyə alqı-satqı müqaviləsi bağlanılmışdır.Həmin müqaviləyə əsasən qiyməti 1075 manat olan «Riffel» markalı televizor cavabdehə verilmişdir.Cavabdeh 15 ay müddətinə, ilkin ödəniş 100 manat olmaqla,hər ay 65 manat ödəməyi öhtəlik götürmüşdür.Lakin,Cavabdeh üzərinə düşən öhdəliyi icra etməmiş,nəticədə iddiaçıya borcu yaranmışdır.İddiaçı qeyd olunanların nəzərə alınmasını və iddianın təmin olunmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır.
1. İddiaçı ilə Cavabdeh arasında 16 iyul 2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi əsasən qiyməti 1075 manat olan «Riffel» markalı televizor almışdır. Həmin müqavilənin şərtlərinə əsasən hər ay kredit borcunu ödəməyi öhdəsinə götürmüşdür. 2.Maliyyə arayışından görünür ki, Cavabdeh 225 manat əsas, 67 manat dəbə pulu borcu vardır. 3.Dövlət rüsumunun ödənilməsi barədə qəbzdən görünür ki, İddiaçı məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, tərəflər arasında bağlanmış müqaviləyə əsasən həmin borc cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin, qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İddia tələbini qismən təmin edən məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək, habelə qanunvericilik aktlarının müddəalarına istinad edərək belə qənaətə gəlir ki, kredit müqaviləsi üzrə iddiaçının iddia etdiyi 67 manat məbləğində cərimə pulu azaldılaraq 5 manat həddində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 562.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30 (otuz) manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh 225 (iki yüz iyirmi beş) manat əsas borcu, 5 (beş) manat cərimə borcu, ümumilikdə 230 (iki yüz otuz) manat və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən 01 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Zamin İbrahimov