Məhkəmə qərarları › İş №e-2(018)-341/2025

Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-341/2025

22.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-341/2025 22.01.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «borcun ödənilməsi» tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 1518 (bir minbeş yüz onsəkkiz) manat əsas, faiz borcuna görə 0 (sıfır) manat olmaqla, cəmi 1518 (bir min beş yüz on səkkiz) manat məbləğində pulun və 36 (otuz altı) manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC ilə “OCEAN RO452 CS” markalı su təmizləmə sisteminin kreditlə satışı ilə əlaqədar olaraq Cavabdeh arasında xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə müvafiq olaraq "xxxx" şirkətinə məxsus olan və qiyməti 1690 (bir min altı yüz doxsan) manat məbləğində olan “OCEAN RO452 CS” markalı su təmizləmə sistemi Cavabdeh yoxlanılaraq təhvil verilməklə quraşdırılmış və bu barədə xx.xx.2018-ci il tarixli müqavilə, müqaviləyə 1 saylı əlavə tərtib edilərək tərəflərin imzası ilə təsdiq edilmişdir. xx.xx.2018-ci il alqısatqı müqaviləsinin şərtlərinə görə cavabdeh olan Cavabdeh “OCEAN RO452 CS” markalı su təmizləmə sistemini kredit üzrə hesablanmış əsas borc məbləğini tam vaxtında ödəməyi öhdəsinə götürsə də, lakin kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbardar edilməsinə baxmayaraq cavabdeh öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinə görə, cavabdeh alqı-satqı müqaviləsinin 1 saylı əlavəsinin 1-ci bəndinə əsasən ilkin ödəniş 106 (bir yüz altı) manat, 1 saylı əlavəsinin 1-ci bəndində göstərilən qaydada 24 ay müddətinə hər ayın 25-dən gec olmayaraq aylıq 66 azn olmaqla ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi üzrə borcunun 1518 (bir minbeş yüz onsəkkiz) manat təşkil edir. Qeyd olunanlara əsasən, alqı-satqı müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımı qaydada icra etmədiyi üçün Cavabdeh xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi üzrə borcuna görə 1518 (bir min beş yüz on səkkiz) manat, faiz borcuna görə 0 (sıfır) manat olmaqla, cəmi 1518 (bir min beş yüz on səkkiz) manat məbləğində pul tutulmalıdır.Edilən xəbərdarlıqlara baxmayaraq, cavabdeh üzərinə düşən öhdəliyi icra etməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. İddiaçı qeyd olunanların nəzərə alınmasını və iddianın təmin olunmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının ərizəsinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Məhkəmə iddia ərizəsini, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən, o, 24 ay müddətinə hər ayın 25-dən gec olmayaraq aylıq 66 azn ödəmək şərti ilə “OCEAN RO452 CS” markalı su təmizləmə sistemi almışdır. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2014cü il tarixli arayışdan görünür ki, Cavabdeh ümumilikdə 1518 (bir min beş yüz on səkkiz) manat məbləğində borcu vardır. İş materiallarında olan, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xəbərdarlıq məktublarının məzmunundan görünür ki, Cavabdeh borcun qaytarılması üçün lazımi qaydada xəbərdar edilmişdir. İş materiallarında olan, Ödəniş tapşırığından görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 36 (otuz altı) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427- ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Məhkəmə iş materiallarını tədqiq edərək müəyyən etdiki, Cavabdeh xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən “OCEAN RO452 CS” markalı su təmizləmə sistemi almış və nəticədə 1518 (bir minbeş yüz on səkkiz) manat borc yaranmışdır. İş üzrə iddiaçı "xxxx" MMC qeyd olunan müqaviləyə əsasən üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən, məhkəmə hesab edir ki, cavabdehin hərəkətləri nisyə alqı-satqı müqaviləsinin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh nisyə alqı-satqı müqaviləsi əsasında iddiaçıdan əşya almaq hüququna malik olduğu kimi, eyni zamanda, həmin müqavilə əsasında aldığı müqavilə üzrə müəyyən olunan malların dəyərini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh iddiaçıdan müqavilə üzrə müəyyən olunan mallar almasına dair hüququndan istifadə etmiş, lakin həmin malların dəyərini ödəməli olmasına dair vəzifəsini icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun qaytarılmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən və ya rədd haqqında qətnamə qəbul edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1000 manatadək olduqda 30.0 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1518 (bir min beş yüz on səkkiz) manat məbləğində pul və 36 (otuz altı) manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Şəfiqə Meybullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar