Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-384/2024 12.03.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qafarov Elvin Namik oğlunun katibliyi ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «borc tələbinə dair» kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC-nin Baş direktoru Süleymanlı.R.X iddia verərək:
1. 04 fevral 2023-cü il tarixli müqaviləsinə əsasən, İmei kodu **********08765 Xiaomi Redmi 9A telefon üçün 127 (bir yüz iyirmi yeddi) manat ödənilməmiş hissə, 12 (on iki) manat cərimə;
2. 15 mart 2023-cü il tarixli müqaviləsinə əsasən Huawei Watch qol saatı, X1 qol saatı üçün 544 (beş yüz qırx dörd) manat, 19 (on doqquz) qəpik ödənilməmiş hissə, 54 (əlli dörd) manat, 81 (səksən bir) qəpik cərimə, ümumilikdə 738 (yeddi yüz otuz səkkiz) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMCnə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, Cavabdeh iddiaçı "xxxx" MMC ilə 04 fevral 2023-cü il tarixli və 15 mart 2023-cü il tarixli müqaviləsinə əsasən, İmei kodu **********08765 Xiaomi Redmi 9A markalı telefon, Huawei Watch qol saatı, X1 qol saatı almış və nəticədə 738 (yeddi yüz otuz səkkiz) manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 04 fevral 2023-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 274 (iki yüz yetmiş dörd) manat, 04 (dörd) qəpik, İmei kodu **********08765 Xiaomi Redmi 9A markalı telefon üçün ümumilikdə 139 (bir yüz otuz doqquz) manat olmaqla, ondan 127 (bir yüz iyirmi yeddi) manat ödənilməmiş hissə, cavabdehə güzəşt olunaraq 12 (on iki) manat cərimə; 15 mart 2023-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1008 (bir min səkkiz) manat, 48 (qırx səkkiz) qəpik, Huawei Watch qol saatı, X1 qol saatı üçün ümumilikdə 599 (beş yüz doxsan doqquz) manat olmaqla, ondan 544 (beş yüz qırx dörd) manat, 19 (on doqquz) qəpik ödənilməmiş hissə, cavabdehə güzəşt olunaraq 54 (əlli dörd) manat, 81 (səksən bir) qəpik cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 611 (altı yüz on bir) manat, 30 (otuz) qəpik təşkil edir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Mülki işin materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, iddiaçı "xxxx" MMC-nin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş 04 fevral 2023-cü il tarixli, 12084024 nömrəli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-ndən İmei kodu **********08765 Xiaomi Redmi 9A telefon almışdır. İş materiallarına əlavə olunmuş 15 mart 2023-cü il tarixli, 03783964 nömrəli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən Huawei Watch qol saatı, X1 qol saatı almışdır. İş materiallarına əlavə olunmuş ödəniş və maliyyə cədvəlindən görünür ki, Cavabdeh 04 fevral 2023-cü il tarixli müqaviləsinə əsasən "xxxx" MMC-nə İmei kodu **********08765 Xiaomi Redmi 9A telefon üçün ödənilməmiş 127 (bir yüz iyirmi yeddi) manat ödənilməmiş hissə, cavabdehə güzəşt olunaraq 12 (on iki) manat cərimə; 15 mart 2023-cü il tarixli müqaviləsinə əsasən Huawei Watch qol saatı, X1 qol saatı üçün 544 (beş yüz qırx dörd) manat, 19 (on doqquz) qəpik ödənilməmiş hissə, 54 (əlli dörd) manat, 81 (səksən bir) qəpik cərimə, ümumilikdə 738 (yeddi yüz otuz səkkiz) manat borcu yaranmışdır. İş materiallarına əlavə olunmuş xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh 04 fevral 2023-cü il tarixli, 12084024 nömrəli və 15 mart 2023-cü il tarixli, 03783964 nömrəli müqavilələr üzrə borcu olduğu barədə bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İddia tələbini qismən təmin edən məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək, habelə qanunvericilik aktlarının müddəalarına istinad edərək belə qənaətə gəlir ki, 04 fevral 2023-cü il tarixli müqaviləsi üzrə iddiaçının iddia etdiyi 12 (on iki) manat məbləğindəki dəbbə pulu azaldılaraq 3 (üç) manat həddində, 15 mart 2023cü il tarixli müqaviləsi üzrə iddiaçının iddia etdiyi 54 (əlli dörd) manat, 81 (səksən bir) qəpik məbləğindəki dəbbə pulu azaldılaraq 2 (iki) manat həddində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən və ya rədd haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30 (otuz) manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh 04 fevral 2023-cü il tarixli müqaviləsinə əsasən 127 (bir yüz iyirmi yeddi) manat ödənilməmiş hissə, 3 (üç) manat cərimə, 15 mart 2023-cü il tarixli müqaviləsinə əsasən 544 (beş yüz qırx dörd) manat, 19 (on doqquz) qəpik ödənilməmiş hissə, 2 (iki) manat cərimə, ümumilikdə 676 (altı yüz yetmiş altı) manat, 19 (on doqquz) qəpik borc, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutulub iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissəsində təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.
Hakim: Mübariz Məmmədov