Məhkəmə qərarları › İş №e-2(018)-416/2024

Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-416/2024

02.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-416/2024 02.04.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi ilə, İddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı «borc tələbinə dair» kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" QSC-nin nümayəndəsi Nümayəndə Cavabdeh qarşı «borc tələbinə dair» iddia verərək, Cavabdeh "xxxx" QSC-nin xeyrinə BRZ000297 saylı, 18 oktyabr 2022ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 74 (yetmiş dörd) manat borcun, 11 (on bir) manat, 10 (on) qəpik cərimə borcunun, 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun, 40 (qırx) qəpik dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, X2 ilə Cavabdeh arasında bağlanmış BRZ000297 saylı 18 oktyabr 2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh 90 (doxsan) manat dəyərində nisyə aldığı malın dəyərini müqaviləyə əlavə ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 6 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" QSC ilə X2 arasında imzalanan faktorinq müqaviləsi və həmin müqaviləyə əlavə olunan sazişə əsasən X1 Cavabdeh qarşı olan 90 (doxsan) manat məbləğindəki tələb hüququ "xxxx" MMC-yə keçmişdir. Bu barədə alıcıya bildiriş təqdim edilmişdir. "xxxx" MMC 18 noyabr 2020-ci il tarixində təşkilatı hüquqi formasını dəyişərək QSC-yə çevrilmişdir. Tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinin 1.1-ci maddəsinə görə satıcı alıcıya qeyd olunan müqavilənin 1 saylı əlavəsində göstərilən malı satır və alıcı isə həmin malı qəbul edib tərəflər arasında razılaşdırılmış nisyə alqı-satqı müqaviləsi üzrə malın dəyərini satıcıya ödəyir. Eyni zamanda həmin müqavilənin 2.4.4-cü maddəsinə əsasən mal alan borcu vaxtında ödəmədikdə, satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 0,5 % miqdarında dəbbə pulu ödəməlidir. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Mülki işin materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, iddiaçı "xxxx" QSC-nin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 30 (otuz) manat, 40 (qırx) qəpik dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş X2 ilə Cavabdeh arasında bağlanmış 18 oktyabr 2022-ci il tarixli, BRZ000297 nömrəli “Nisyə alqı-satqı müqaviləsi”-ndən görünür ki, cavabdeh 90 (doxsan) manat dəyərində nisyə aldığı malın dəyərini ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 6 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 18 oktyabr 2022-ci il tarixli, BRZ000297 nömrəli “Nisyə alqı satqı müqaviləsi”-nə olan 01 saylı əlavədən görünür ki, Cavabdeh 6 ay müddətinə, hər ay 15 (on beş) manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş "xxxx" MMC ilə X2 arasında bağlanmış 31 oktyabr 2022-ci il tarixli, R-1342/22 saylı faktorinq müqaviləsindən və həmin müqaviləyə əlavə olunan 14 iyun 2022-ci il tarixli, R-13xx/xx-0017 saylı sazışdən görünür ki, X1 Cavabdeh qarşı olan 90 (doxsan) manat məbləğindəki tələb hüququ "xxxx" MMC-yə keçmişdir. İş materiallarına əlavə olunmuş 06 dekabr 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 18 oktyabr 2022-ci il tarixli, BRZ000297 nömrəli “Nisyə alqı satqı müqaviləsi” üzrə 07 yanvar 2024-cü il tarixə "xxxx" QSC-nə 74 (yetmiş dörd) manat əsas borcun, 11 (on bir) manat, 10 (on) qəpik cərimə, ümumilikdə 85 (səksən beş) manat, 10 (on) qəpik borcu vardır. İş materiallarına əlavə olunmuş bildirişdən görünür ki, Cavabdeh 18 oktyabr 2022-ci il tarixli, BRZ000297 nömrəli “Nisyə alqı satqı müqaviləsi”-ndən irəli gələn öhdəlikləri vaxtında icra etmədiyinə görə borcunun olması barədə bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM-in) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. İddia tələbini qismən təmin edən məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək, habelə qanunvericilik aktlarının müddəalarına istinad edərək belə qənaətə gəlir ki, iddiaçının iddia etdiyi 11 (on bir) manat, 10 (on) qəpik məbləğində dəbbə pulu silinərək 0 (sıfır) manat həddində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən və ya rədd haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30 (otuz) manat, 40 (qırx) qəpik dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh BRZ000297 saylı, 18 oktyabr 2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 74 (yetmiş dörd) manat borc və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat, 40 (qırx) qəpik pul tutulub iddiaçı "xxxx" QSC-nə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Mübariz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar