Məhkəmə qərarları › İş №e-2(018)-498/2025

Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-498/2025

09.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-498/2025 09.04.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Həbibov Elnar Elman oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «öhdəlik üzrə yaranmış borcun və dəymiş zərərin ödənilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «öhdəlik üzrə yaranmış borcun və dəymiş zərərin ödənilməsi» barədə iddia verərək, Cavabdeh 3567.00 (üç min beş yüz altımış yeddi) manat əsas borc, 714.00 (yeddi yüz on dörd) manat cərimə borcu, 109.22 (yüz doqquz manat iyirmi iki qəpik) manat real zərər olmaqla ümumilikdə 4390.22 (dörd min üç yüz doxsan manat iyirmi iki) manat borcun və ödənilmiş dövlət rüsumunun alınıb İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (“Satıcı”) və Cavabdeh (“Alıcı”) arasında cavabdehin şəxsi istifadəsi üçün avtomobil Alqı-satqısına dair xx.xx.2024-cü il tarixli B-053-SA-24 saylı Müqavilə imzalanmışdır. Müqaviləyə əsasən satıcı Skoda Kamiq 1.6 MPİ markalı, buraxılış ili 2023 olan (VİN:TMBGC6NW9P3197863), yeni və yürüşü 0 km olan avtonəqliyyat vasitəsi Satıcı tərəfindən ilkin ödəniş edilmədən Alıcının avtomobilin dəyəri tam ödənilənədək alıcının (iş üzrə cavabdeh) sahibliyi və istifadəsinə verilmişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən, cavabdeh dəyəri 71,340.00 (yetmiş bir min üç yüz qırx) manat müəyyən edilən avtomobilin dəyərini xx.xx.2024-cü il tarixindən etibarən 60 (altmış) ay müddətinə, ayda 1189.00 (bir min bir yüz səksən doqquz) manat olmaqla iddiaçıya ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı MMC tərəfindən müqavilə üzrə öhdəliklərinin tam şəkildə icra edilərək nəqliyyat vasitəsinin cavabdehə qüsursuz şəkildə təhvil verilməsinə baxmayaraq, Cavabdeh tərəfindən Müqavilə üzrə ödəniş öhdəliklərini icra etməmiş, müqavilə bağlandıqdan və avtomobil ona təhvil verildikdən sonra heç bir ödəniş etməmiş, gecikmələr barədə əməkdaşlarımız tərəfindən cavabdehlə şifahi danışıqlar aparılsa da, həmçinin cavabdehə öhdəliklərinin icra edilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh öhdəliklərinin icrasından, həmçinin avtomobili qaytarmaqdan boyun qaçırmışdır. Bununla bağlı Cavabdeh müqaviləni əhəmiyyətli dərəcədə pozması səbəbindən, üç ay müddətdə, iddiaçıya ödəməli olduğu məbləği gecikdirdiyinə və ödənişləri etməkdən yayındığına görə iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli məktubu ilə Müqavilənin 3.2.6-cı bəndinə əsasən xx.xx.2024-cü il tarixli B-053-SA-24 saylı Müqaviləyə birtərəfli qaydada xitam verilmişdir. Öhdəliklərini icra etməməməsi səbəbindən cavabdehə Skoda Kamiq 1.6 MPİ markalı, 77YL743 dövlət qeydiyyat nömrəli avtomobilin idarə edilməsinə dair etibarnamə verilməmiş və X6 tərəfindən saxlanıldıqdan sonra, nəqliyyat vasitəsi müvafiq duracaqdan xx.xx.2024-cü il tarixində rəsmi servis mərkəzə gətirilmişdir və cavabdehdən avtomobilin təhvil-təslim alınması mümkün olmamışdır. Avtomobil iddiaçıya geri qaytarıldıqdan sonra xx.xx.2024-cü il tarixində İddiaçı MMC-nin servis-təmir mərkəzində avtomobilə baxış keçirilmiş və baxışın nəticəsinə dair akt tərtib olunmuşdur. Həmin baxış əsasında (baxış aktına əsasən) avtomobilin müqavilədən əvvəlki vəziyyətinə qaytarılması və təkrar satışa çıxarılması üçün təmir xərci 109.22 (bir min sıfır doqquz manat iyirmi iki qəpik) manat müəyyən edilmiş və bununla da cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərin icra edilməməsi nəticəsində İddiaçı MMC-yə real zərər dəymişdir. Eyni zamanda Baxış aktı ilə avtomobilin yürüşü müəyyən edilmiş və faktiki vəziyyəti nəzərə alınmaqla avtomobilin ilinə, yürüşünə (10130 km) və bazar qiymətlərinə uyğun olaraq 15% dəyərdən düşmüşdür. Eyni zamanda tərəflər arasında müqavilə imzalandığı tarixdən xx.xx.2024-cü il tarixindən avtomobilin geri götürüldüyü xx.xx.2024-cü il tarixinədək cavabdeh tərəfindən heç bir ödəniş edilmədiyindən cavabdehin bağlanmış müqavilə üzrə icra edilməmiş öhdəliyi olan üç ayın ödənilməmiş məbləği, yəni 3,567.00 (üç min beş yüz altmış yeddi) manat məbləğində əsas borcu, həmçinin müqaviləyə əsasən ödənişlərin edilməməsi nəticəsində hesablanmış cərimələr də daxil olmaqla, borcun ödənilməsinin gecikdirildiyi günlər üçün müqavilənin xitamına qədər hesablanmış 714.00 (yeddi yüz on dörd) manat məbləğində dəbbə pulu yaranmışdır. Beləliklə Cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərini əhəmiyyəli dərəcədə pozması nəticəsində cavabdehin İddiaçı MMC qarşısında ümumilikdə 4,390.22 (dörd min üç yüz doxsan manat iyirmi iki qəpik) manat miqdarında zərər və borc öhdəliyi yaranmışdır. İddiaçıya dəymiş zərərin ödənilməsi tələbi ilə İddiaçı MMC tərəfindən cavabdehə dəfələrlə şifahi müraciətlər edilmişdir. Lakin, edilən müraciətlərə qarşı cavabdeh tərəfdən heç bir məhəl qoyulmamış, zərərin ödənilməsi istiqamətində heç bir tədbir görülməmişdir. Nəticə etibarı ilə, hazırkı mübahisəli məsələnin həll edilməsi məqsədi ilə məhkəməyə müraciət edilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X4 iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmiş, etməməsinin səbəblərini məhkəməyə bildirməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli B-053-SA-24 saylı müqaviləyə əsasən, o, ilkin ödəniş 0 manat ödəməklə, 60 ay müddətində, hər ay 1189 manat ödəmək şərti ilə ümumi dəyəri 71340 (yetmiş bir min üç yüz qırx) manat olan Skoda Kamiq 1.6 MPİ markalı, buraxılış ili 2023 olan (VİN:TMBGC6NW9P3197863), yeni və yürüşü 0 km olan avtomobili 3 il zəmanətlə almışdır. İş materiallarında olan, 28 mart 2024-cü il tarixli Təhvil-təslim aktından görünür ki, Skoda Kamiq 1.6 MPİ markalı, (VİN:TMBGC6NW9P3197863), yürüşü 0 km olan avtomobil qüsursuz və texniki saz vəziyyətdə İddiaçı tərəfindən Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan, İddiaçı tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh 25 iyun 2025-ci il tarixə 3567 AZN gecikdirilmiş borc, 714 AZN cərimə borcu vardır. İş materiallarında olan, İddiaçı tərəfindən verilmiş xəbərdarlıq məktubunun məzmunundan görünür ki, Cavabdeh borcun qaytarılması üçün lazımi qaydada xəbərdar edilmişdir. İş materiallarında olan, İddiaçı tərəfindən verilmiş 20 iyun 2024-cü il tarixli müqaviləyə xitam verilməsi barədə məktubun məzmunundan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli B-053-SA-24 saylı müqaviləyə birtərəfli qaydada xitam verilməsi barədə xəbərdar edilmişdir. İş materiallarında olan, 27 dekabr 2024-cü il tarixli təmir aktından görünür ki, Skoda Kamiq 1.6 MPİ markalı avtomobilin təmir xərci 1134.22 manat təşkil etmişdir. İş materiallarında olan ödəniş tapşırığından görünür ki, İddiaçı məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 64 manat dövlət rüsumu ödəmişdir. “İnsan Hüquqları və X2 Haqqında Konvensiya”nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.2-ci maddəsinə əsasən müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərəkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi icranın gecikdirilməsi hesab olunur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 567.1-ci maddəsinə görə, Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427- ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Məhkəmə iş materiallarını tədqiq edərək müəyyən etdi ki, İddiaçıMMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli B-053-SA-24 saylı alqı-satqı müqaviləsinə əsasən Cavabdeh ilkin ödəniş 0 manat ödəməklə, 60 ay müddətində, hər ay 1189 manat ödəmək şərti ilə ümumi dəyəri 71340 (yetmiş bir min üç yüz qırx) manat olan Skoda Kamiq 1.6 MPİ markalı, buraxılış ili 2023 olan (VİN:TMBGC6NW9P3197863), yeni və yürüşü 0 km olan avtomobili 03 il zəmanətlə almışdır. İş üzrə İddiaçıMMC qeyd olunan müqaviləyə əsasən üzərinə düşən öhdəliyi yerinə yetirmiş, avtomobili cavabdehin mülkiyyətinə vermiş, lakin cavabdeh müqavilə üzrə əşyanın dəyərini hissə-hissə ödəmək öhdəliyini icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. İddiaçı müqaviləyə birtərəfli qaydada xitam vermiş və alqı-satqı müqaviləsinin predmeti olan əşyanı qaytarmışdır. İddiaçı hazırda, nisyə alqı-satqı müqaviləsi üzrə razılaşdırılmış hissə-hissə ödənişlərin müqavilənin qüvvədə olduğu müddətdə ödənilmədiyi əsas və faiz hissəsini, həmçinin avtomobilə dəymiş real zərəri tələb edir. Sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən, məhkəmə hesab edir ki, cavabdehin hərəkətləri nisyə alqı-satqı müqaviləsinin icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh nisyə alqı-satqı müqaviləsi əsasında iddiaçıdan əşya almaq hüququna malik olduğu kimi, eyni zamanda, həmin müqavilə əsasında aldığı müqavilə üzrə müəyyən olunan malın dəyərini iddiaçıya qaytarmalı olmasına dair vəzifənin daşıyıcısı olmuşdur. Cavabdeh iddiaçıdan müqavilə üzrə müəyyən olunan malı almasına dair hüququndan istifadə etmiş, lakin həmin malın dəyərini ödəməli olmasına dair vəzifəsini icra etməyərək, əşyanın dəyərini hissə-hissə ödəmək öhdəliyini yerinə yetirməmişdir. Bu halda satıcı alıcıdan əşyanın qaytarılmasını və ya ödənilməsini tələb edə bilərdi ki, iddiaçı isə nisyə-alqı müqaviləsini birtərəfli qaydada ləğv etmiş, həmçinin alıcıya vermiş olduğu etibarnaməni ləğv etməklə əşyanı qaytarmışdır. Belə olduğu təqdirdə iddiaçının nisyə alqı-satqı müqaviləsinin qüvvədə olduğu müddət üçün ödənilməyən əsas borcu tələb etməsi əsassızdır və iddia bu hissədə təmin edilə bilməz. Belə ki, Mülki Məcəllə imperativ qaydada alıcı tərəfindən əşyanı ödəmək vəzifəsinin yerinə yetirilmədiyi halda satıcıya iki hüquq verir: əşyanın qaytarılması və dəymiş ziyanın ödənilməsini tələb etmək və ya əşyanın dəyərinin və dəymiş ziyanın ödənilməsini tələb etmək. İddiaçı tərəfindən öhdəliyin icra edilməsinin gecikdirildiyi günlər üçün müqavilənin xitamına qədər hesablanmış 714.00 (yeddi yüz on dörd) manat məbləğində dəbbə pulunun və dəymiş real zərərin tələb edilməsinə münasibətdə isə məhkəmə hesab edir ki, iddia bu hissədə əsaslıdır və təmin edilməlidir. Belə ki, alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və Mülki Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək Mülki Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödəməlidir. Tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsinin 2.5-ci maddəsində isə qeyd edilmişdir ki, “Alıcı nəqliyyat vasitəsinin dəyərini hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi olan 2.1-ci bəndinə uyğun olaraq “Satıcı”ya ödəməli, gecikdirilən hər gün üçün isə X3 aylıq ödənişinin 1 (bir) faizi həcmində cərimə (dəbbə pulu) ödəyəcəkdir. Göründüyü kimi, tərəflər Mülki Məcəllənin müvafiq normasına zidd olmayan şərtlə bağlı razılığa gəlmişlər, bu səbəbdən gecikdirilmiş cərimə borcunun tələb edilməsi əsaslıdır. Həmçinin, alıcının avtomobili istifadə etməsi nəticəsində avtomobilin müqavilədən əvvəlki vəziyyətinə qaytarılması və təkrar satışa çıxarılması üçün iddiaçı tərəfindən xərc çəkilmişdir ki, həmin xərcin tələb edilməsində haqlıdır. Belə ki, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi ona dəymiş zərəri ehtiva edir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrində iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün iddiaçı tərəfindən ödənilmiş 64 manat dövlət rüsumundan iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 30 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçıMəhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 774 manat cərimə borcu, 109.22 manat dəymiş zərər olmaqla, ümumilikdə 883.22 (səkkiz yüz səksən) manat məbləğində pul və dövlət rüsumu üçün ödənilmiş 30 manat məbləğində pul vəsaiti tutulub İddiaçınə ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 774 manat cərimə borcu, 109.22 manat dəymiş zərər olmaqla, ümumilikdə 883.22 (səkkiz yüz səksən) manat məbləğində pul və dövlət rüsumu üçün ödənilmiş 30 manat məbləğində pul vəsaiti tutulub İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Şəfiqə Meybullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar