Məhkəmə qərarları › İş №e-2(018)-717/2025

Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-717/2025

30.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-717/2025 30.04.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «borcun qaytarılması» tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı «borcun qaytarılması» tələbi barədə iddia verərək, Cavabdeh 265 (iki yüz altmış beş) AZN əsas borcun, 39.75 (otuz doqquz manat,yetmiç beş qəpik) AZN cərimə borcunun, 30 AZN məbləğində ödənilmiş dövlət rüsumunun və 0.40 AZN bank xidmət haqqının alınıb İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsindən görünür ki, fiziki şəxs X2 ilə Cavabdeh arasında bağlanılmış BLC000516 saylı xx.xx.2024-cü il tarixli Xidmət müqaviləsinə əsasən cavabdeh 399 (üç yüz doxsan doqquz) AZN məbləğində göstərilmiş xidmətin dəyərini müqaviləyə əlavə olan Ödəniş cədvəlinə uyğun olaraq 06 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı QSC ilə fiziki şəxs X2 arasında imzalanan Faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan Sazişə əsasən fiziki şəxs X2 oğlunun Cavabdeh olan 399 AZN məbləğindəki tələb hüququ İddiaçı QSC-yə keçmişdir. Cavabdeh həmin xidmət müqaviləsinə uyğun olaraq öz üzərinə məsuliyyət götürmüşdür. Lakin, Cavabdeh borcu ödəməmişdir. Odur ki, həmin məbləğin Cavabdeh alınıb İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284- 5.2-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının ərizəsinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Məhkəmə iddia ərizəsini, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan, fiziki şəxs X2 ilə Cavabdeh arasında bağlanmış BLC000516 saylı xx.xx.2024-cü il tarixli xidmət müqaviləsi və həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan 01 saylı Əlavədən görünür ki, X2 dəyəri 399 AZN (üç yüz doxsan doqquz) manat olan kosmetoloji xidmət göstərməyi, Cavabdeh isə xidmətin dəyərini 6 ay müddətinə, ilk beş ay 67 AZN, sonuncu ay 64 AZN ödəmək şərti ilə öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı QSC ilə X2 oğlu arasında imzalanan R-2294/23 saylı, xx.xx.2023-cü il tarixli faktorinq müqaviləsindən görünür ki, X2 tələb hüququnu İddiaçı QSC-yə güzəşt etmişdir. İş materiallarında olan, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 24 yanvar 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh BLC000516 saylı xx.xx.2024-cü il tarixli nisyə alqısatqı müqaviləsi üzrə 24 yanvar 2025-ci il tarixə 265 (iki yüz altmış beş) AZN əsas borcu, 39.75 (otuz doqquz manat,yetmiç beş qəpik) AZN cərimə borcu olmaqla, cəmi 304.75 AZN məbləğində borcu vardır. İş materiallarında olan, İddiaçı QSC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, cavabdeh borc barədə xəbərdar edilmiş və xx.xx.2025-ci il tarixədək 564 manat borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə borc məbləğinin borcludan tutulması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan, ödəniş tapşırığından görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 655.1-ci maddəsinə əsasən, faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 655.2-ci maddəsinə əsasən, pul tələblərinin güzəşti barəsində borcluya bildiriş verilməlidir. Həmin Məcəllənin 655.3-cü maddəsinə əsasən, müştəri faktor qarşısında öhdəliyinin icrasını təmin etmək məqsədi ilə də borcluya olan pul tələbini faktora güzəşt edə bilər. Həmin Məcəllənin 655.5-ci maddəsinə əsasən, faktorinq müqaviləsi yazılı formada bağlanır. Məhkəmə iş materiallarını tədqiq edərək müəyyən etmişdir ki, fiziki şəxs X2 ilə Cavabdeh arasında BLC000516 saylı xx.xx.2024-cü il tarixli xidmət müqaviləsi bağlanmış, cavabdeh 399 AZN (üç yüz doxsan doqquz) manat məbləğində göstərilmiş xidmətin dəyərini 06 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı QSC ilə fiziki şəxs X2 arasında imzalanan Faktorinq müqaviləsinə əlavə olunan Sazişə əsasən fiziki şəxs X1 Cavabdeh olan tələb hüququ İddiaçı QSC-yə keçmişdir. Sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən, məhkəmə hesab edir ki, cavabdehin hərəkətləri xidmət müqaviləsi üzrə öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh xidmət müqaviləsi əsasında iddiaçı olan faktorun müştərisinnin xidmətlərindən istifadə etmək hüququna malik olduğu kimi, eyni zamanda, həmin müqavilə əsasında göstərilən xidmətlərin dəyərini mütəriyə ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh faktorun müştərisindən müqavilə üzrə müəyyən olunan xidmətlərin göstərilməsinə dair hüququndan istifadə etmiş, lakin həmin xidmətlərin dəyərini ödəməli olmasına dair vəzifəsini icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Müştərinin cavabdehə olan pul tələbi iddiaçı olan faktora güzəşt edildiyindən hazırda faktor olan iddiaçı borcun qaytarılmasını tələb etməkdə haqlıdır. İddianın qismən təmin edilməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, iddiaçının iddia etdiyi 39.75 AZN (otuz doqquz manat,yetmiç beş qəpik) manat məbləğində cərimə borcu silinərək 10 manat həddində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən və ya rədd haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumundan iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 27 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı QSC-nin xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh BLC000516 saylı xx.xx.2024-cü il tarixli xidmət müqaviləsi üzrə 265 (iki yüz altmış beş) AZN əsas borc, 10 (on) AZN cərimə borcu olmaqla, ümumilikdə 275 (iki yüz yetmiş beş) AZN məbləğində borc, 27 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Şəfiqə Meybullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar