Məhkəmə qərarları › İş №e-2(018)-963/2023

Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-963/2023

31.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-963/2023 31.07.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, hakim köməkçisi Mirzəzadə Ofeliya Cavad qızının katibliyi ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «borc tələbinə dair» kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC-nin Baş direktoru Nümayəndə iddia verərək:

1. 03 noyabr 2021-ci il tarixli müqaviləsinə əsasən İmei kodu **********33723 Xiaomi Redmi 10 markalı telefon üçün 192 (bir yüz doxsan iki) manat, 03 (üç) qəpik ödənilməmiş hissə, 19 (on doqquz) manat, 97 (doxsan yeddi) qəpik cərimə;

2. 16 aprel 2022-ci il tarixli müqaviləsinə əsasən İmei kodu **********41234 Samsung Galaxy A23 markalı telefon üçün 768 (yeddi yüz altmış səkkiz) manat, 99 (doxsan doqquz) qəpik ödənilməmiş hissə, 76 (yetmiş altı) manat, 01 (bir) qəpik cərimə, ümumilikdə 1057 (bir min əlli yeddi) manat borc və 30 (otuz) manat, 57 (əlli yeddi) qəpik ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, Cavabdeh iddiaçı "xxxx" MMC ilə 03 noyabr 2021-ci il tarixli və 16 aprel 2022-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********33723 Xiaomi Redmi 10, İmei Kodu **********41234 Samsung Galaxy A23 markalı telefon almış və nəticədə 1057 (bir min əlli yeddi) manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 03 noyabr 2021-ci il tarixli müqaviləsinə əsasən, alğı-satqı qiyməti 582 (beş yüz səksən iki) manat, 03 (üç) qəpik İmei kodu **********33723 Xiaomi Redmi 10 üçün ümumilikdə 212 (iki yüz on iki) manat olmaqla, ondan 192 (bir yüz doxsan iki) manat, 03 (üç) qəpik ödənilməmiş hissə, cavabdehə güzəşt olunaraq 19 (on doqquz) manat, 97 (doxsan yeddi) qəpik cərimə; 16 aprel 2022-ci il tarixli müqaviləsinə əsasən, alğı-satqı qiyməti 846 (səkkiz yüz qırx altı) manat, 99 (doxsan doqquz) qəpik İmei Kodu **********41234 Samsung Galaxy A23 markalı telefon üçün ümumilikdə 845 (səkkiz yüz qırx beş) manat olmaqla, ondan 768 (yeddi yüz altmış səkkiz) manat, 99 (doxsan doqquz) qəpik ödənilməmiş hissə, cavabdehə güzəşt olunaraq 76 (yetmiş altı) manat, 01 (bir) qəpik cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 468 (dörd yüz altmış səkkiz) manat təşkil edir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Mülki işin materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, iddiaçı "xxxx" MMC-nin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 30 (otuz) manat, 57 (əlli yeddi) qəpik dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş 03 noyabr 2021-ci il tarixli, ******* nömrəli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-ndən İmei kodu **********33723 Xiaomi Redmi 10 almışdır. İş materiallarına əlavə olunmuş 16 aprel 2022-ci il tarixli, 03011412 nömrəli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-ndən İmei Kodu **********41234 Samsung Galaxy A23 markalı telefon almışdır. İş materiallarına əlavə olunmuş ödəniş və maliyyə cədvəlindən görünür ki, Cavabdeh 03 noyabr 2021-ci il tarixli müqaviləsinə əsasən "xxxx" MMC-nə ödənilməmiş 192 (bir yüz doxsan iki) manat, 03 (üç) qəpik əsas, cərimə 19 (on doqquz) manat, 97 (doxsan yeddi) qəpik, 16 aprel 2022-ci il tarixli müqaviləsinə əsasən 768 (yeddi yüz altmış səkkiz) manat, 99 (doxsan doqquz) qəpik ödənilməmiş hissə, 76 (yetmiş altı) manat, 01 (bir) qəpik cərimə, ümumilikdə 1057 (bir min əlli yeddi) manat borcu yaranmışdır. İş materiallarına əlavə olunmuş xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh 03 noyabr 2021-ci il tarixli ******* nömrəli və 07 iyul 2021-ci il tarixli, 03011412 nömrəli müqavilələr üzrə borcu olduğu barədə bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İddia tələbini qismən təmin edən məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək, habelə qanunvericilik aktlarının müddəalarına istinad edərək belə qənaətə gəlir ki, 03 noyabr 2021-ci il tarixli müqaviləsi üzrə iddiaçının iddia etdiyi 19 (on doqquz) manat, 97 (doxsan yeddi) qəpik məbləğindəki dəbbə pulu azaldılaraq 5 (beş) manat həddində, 16 aprel 2022-ci il tarixli müqaviləsi üzrə iddiaçının iddia etdiyi 76 (yetmiş altı) manat, 01 (bir) qəpik məbləğindəki dəbbə pulu azaldılaraq 10 (on) manat həddində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən və ya rədd haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30 (otuz) manat, 57 (əlli yeddi) qəpik dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh 03 noyabr 2021-ci il tarixli müqaviləsinə əsasən 192 (bir yüz doxsan iki) manat, 03 (üç) qəpik ödənilməmiş hissə, 5 (beş) manat cərimə, 16 aprel 2022-ci i il tarixli müqaviləyə əsasən 768 (yeddi yüz altmış səkkiz) manat, 99 (doxsan doqquz)qəpik ödənilməmiş hissə, 10 (on) manat cərimə, ümumilikdə 976 (doqquz yetmiş altı) manat, 02 (iki) qəpik borc, ödənilmiş 30 (otuz) manat, 57 (əlli yeddi) qəpik dövlət rüsumu tutulub iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia 03 noyabr 2021-ci il tarixli müqaviləsi üzrə cərimə borcunun 14 (on dörd) manat, 97 (doxsan yeddi) qəpik hissəsində, 16 aprel 2022-ci il tarixli müqaviləsi üzrə cərimə borcunun 66 (altmış altı) manat, 01 (bir) qəpik hissəsində təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.

Hakim: Mübariz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar