Məhkəmə qərarları › İş №e-2(019)-1241/2025

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-1241/2025

05.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-1241/2025 05.11.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızı İddiaçı QSC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsinə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı QSC Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh İddiaçı QSC-nin xeyrinə DRK000168 saylı xx.xx.2024-cü il tarixli xidmət müqaviləsi üzrə 440 manat əsas borcu, 66 manat cərimə borcunun, 30 AZN məbləğində ödənilmiş dövlət rüsumunun və 0,40 AZN dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı QSC iddia ərizəsini onunla əsaslandırmışdır ki, X3 ilə Cavabdeh arasında bağlanmış DRK000168 saylı xx.xx.2024-cü il tarixli xidmət müqaviləsinə əsasən cavabdeh 440 manat məbləğində göstərilmiş xidmətin dəyərini müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 3 ay müddətində ödəməyi öhdəsinə götürüb. İddiaçı QSC ilə X3 arasında imzalanan faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan Sazişə əsasən X2 Cavabdehna qarşı olan 440 manat məbləğindəki tələb hüququ İddiaçı QSC-yə keçmişdir. Eyni zamanda tələb hüququnun İddiaçı QSC-yə keçməsi barədə xidmət müqaviləsi üzrə sifarişçiyə müvafiq bildiriş təqdim edilmişdir. Tərəflər arasında bağlanmış xidmət müqaviləsinin 1-ci maddəsinə görə icraçı sifarişçiyə qeyd olunan müqavilənin 1 saylı əlavəsində dəyəri göstərilmiş xidmətləri göstərir və sifarişçi isə həmin xidmətlərin dəyərini ödəniş cədvəlinə əsasən müəyyənləşdirilmiş qaydada və müddətdə ödəyir. Həmin müqavilənin 2.4.1-ci maddəsinə əsasən sifarişçi ödəmə cədvəlinə əsasən müəyyənləşdirilmiş müddətdə və qaydada pul məbləğini ödəməyi öhdəsinə götürür. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq ödəniş cədvəli üzrə dövri оlaraq ödəməli оlduğu ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtmir. Eyni zamanda həmin müqavilənin 2.4.2-cü maddəsinə əsasən sifarişçi borcun ödənilməsini gecikdirdiyi halda, icraçının xeyrinə hər gecikdirilən gün üçün gücikən borc məbləğin 0.5 % miqdarında dəbbə pulu ödəməlidir. Belə ki, cavabdehin bu günə 440 manat əsas borcu, 66 manat cərimə borcu yaranıb. Yaranmış borc məbləğinin ödənilməsi ilə bağlı cavabdehə bildiriş göndərilmiş, lakin borclu tərəfindən ödənilməli olan vəsait ödənilməmişdir. Bu səbəbdən də, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə tərəfindən Azərbaycan Respublikası MPM-nin XXİİİ-İ-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizənin sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası MPM-nin 284-5.1-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmişdir. İş materiallarında olan “Poçt göndərişinin verilməsi haqqında” xəbərnamədən görünür ki, Cavabdeh 14 oktyabr 2025-ci il tarixində məhkəmə bildirişini qəbul etmiş, lakin həmin tarixdən 10 (on) iş günü müddət keçməsinə baxmayaraq iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Məhkəmə iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan X3 ilə Cavabdeh arasında bağlanmış DRK000168 saylı xx.xx.2024-cü il tarixli xidmət müqaviləsinin 1-ci maddəsinə əsasən icraçı sifarişçiyə qeyd olunan müqavilənin 1 saylı əlavəsində göstərilmiş dəyəri 440 manat olan xidmətləri göstərir və sifarişçi isə həmin xidmətlərin dəyərini ödəniş cədvəlinə əsasən müəyyənləşdirilmiş qaydada və müddətdə ödəyir. Həmin müqavilənin 2.4.2-ci maddəsinə əsasən sifarişçi borcun ödənilməsini gecikdirdiyi halda, icraçının xeyrinə hər gecikdirilən gün üçün gecikən borc məbləğin 0.5 % miqdarında dəbbə pulu ödəməlidir. xx.xx.2024-cü il tarixli R-3353/24 nömrəli Faktorinq müqaviləsinin və faktorinq müqaviləsinə əlavə olunan xx.xx.2024-cü il tarixli Sazişin surətindən görünür ki, X1 Oksana Əkrəm qızına qarşı pul tələbini İddiaçı QSC-yə güzəşt etmişdir. Bu barədə nisyə alqı-satqı müqaviləsi üzrə alıcıya müvafiq bildiriş təqdim edilmişdir. xx.xx.2025-ci il tarixli hesabdan çıxarışda göstərilmişdir ki, DRK000168 saylı xx.xx.2024-cü il tarixli xidmət müqaviləsi üzrə borclu Cavabdeh xx.xx.2025-ci il tarixə İddiaçı QSC-ə əsas borcu 440 manat, cərimə borcu 66 manat, cəmi 506 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 194.1-ci maddəsinə əsasən tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. 196-cı maddəsinə əsasən əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, ilkin kreditorun tələbi yeni kreditora hüququn keçdiyi məqamda mövcud olmuş həcmdə və şərtlərlə keçir. Xüsusilə, öhdəliyin icrasını təmin edən hüquqlar, habelə tələblə bağlı olan digər hüquqlar, o cümlədən ödənilməmiş faizlərə hüquq yeni kreditora keçir. Tələb güzəşt edildikdə, yeni kreditora girov və ipoteka hüququ, habelə ona verilmiş zaminlik üzrə hüquqlar keçir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək penya pulunu azalda bilər. 655.1-ci maddəsinə əsasən faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür. 655.3-cü maddəsinə əsasən müştəri faktor qarşısında öhdəliyinin icrasını təmin etmək məqsədi ilə də borcluya olan pul tələbini faktora güzəşt edə bilər. 657.3-cü maddəsinə əsasən faktorinq müqaviləsində müştərinin hüquqlarının faktora hansı dərəcədə keçməsi də tənzimlənə bilər. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.1-ci maddəsinə əsasən məhkəməyə iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1000 manatadək olduqda 30 manat dövlət rüsumu tutulur. İşin mübahisəsiz hallarından görünür ki, X3 ilə Cavabdeh arasında xidmət müqaviləsi bağlanmış, müqavilə hissə-hissə ödənilməsi müddəti və məbləği müqaviləyə edilmiş ödəniş cədvəli ilə müəyyən edilərək cavabdeh tərəfindən imzalanmışdır. Tələb hüququ İddiaçı QSC-yə güzəşt edilmişdir. Cavabdehə bağlanmış müqavilə əsasında xidmət göstərilmiş, lakin o, göstərilmiş xidmətin dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmiş və bununla öhdəliyini pozmuşdur. Odur ki, iddiaçı hazırkı iddianı irəli sürməkdə haqlıdır. Məhkəmə iddianın cərimənin ödənilməsi hissəsini araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Tərəflər arasında bağlanmış müqavilədə cərimənin tutulması əsasları nəzərdə tutulmuşdur. Lakin tələb edilən cərimə tənasübsüz surətdə yüksəkdir. Məhkəmə kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq hesab edir ki, cərimənin miqdarı xx.xx.2024-cü il tarixli müqavilə üzrə 4 manat həcmində müəyyən edilməlidir. Beləliklə, məhkəmə mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixli DRK000168 nömrəli müqaviləyə əsasən 440 manat əsas borc, 4 manat cərimə borcu, cəmi 444 manat borc İddiaçı QSC-nin xeyrinə ödənilməlidir, iddia tələbi qalan hissədə təmin edilməməlidir. İddianın təmin edilmiş hissəsi 1000 manatdan az olduğuna görə ona uyğun 30 manat dövlət rüsumu və 0.40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 222-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli DRK000168 nömrəli müqaviləyə əsasən 440 manat əsas borc, 4 manat cərimə borcu, cəmi 444 manat borc, 30 manat dövlət rüsumu və 0.40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqı alınıb İddiaçı QSC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Arifə Cəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar