Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-130/2024 05.02.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X6 katibliyi, İddiaçı və onun nümayəndəsi-vəkili Nümayəndə, cavabdehlər Cavabdeh3 və Cavabdeh4 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 qarşı cavabdehlə aralarında 11 fevral 2002-ci ildə bağlanmış alqı-satqı aktının (müqaviləsinin) etibarlı hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 ilə aralarında bağlanmış 11 fevral 2002-ci il tarixli Balakən rayonu Talalar kəndində “almalıq” deyilən sahədə Balakən rayonu Aqrar İslahat Komissiyasının 04 fevral 1998-ci il tarixli 02 saylı qərarı ilə verilmiş 0,10 ha həyətyanı və 0.05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə alqı-satqı aktının etibarlı hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi-vəkili Nümayəndə işin məhkəmədə baxılmağa hazırlanması zamanı iddia tələbinin dəqiqləşdirilməsi və iddia tələbinin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 ilə aralarında bağlanmış 11 fevral 2002-ci il tarixli Balakən rayonu Talalar kəndində “almalıq” deyilən sahədə Balakən rayonu Aqrar İslahat Komissiyasının 04 fevral 1998-ci il tarixli 02 saylı JN734 F Kod 40113018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən cavabdehlərin mülkiyyətinə verilmiş 0.10 ha həyətyanı və Balakən rayon Aqrar İslahat Komissiyasının 04 fevral 1998-ci il tarixli qərarına əsasən JN837 KOD 40113018 olan Torpağın mülkiyyətinə dair Dövlət aktının 837 A planşetində cavabdehlərin mülkiyyətinə verilmiş 0.0391 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.0391 ha hissəsinin alqı-satqısına dair aktın ( müqavilənin) etibarlı hesab edilməsi, həmin 0.0391 ha hissəsinə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət kadastrı və reyestri Publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi idarəsindən verilmiş reyestr nömrəsi **********72 olan qeydiyyat nömrəsi ********** olan Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 adına verilən Hüquqların Dövlət qeydiyyatından çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.Ərizə Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 11 fevral 2002-ci ildə Balakən rayonu Talalar kənd sakini Cavabdeh3 və onun ailə üzvlərinə məxsus Balakən rayonu Talalar kəndində “almalıq” deyilən sahədən 0,15 ha torpaq sahəsini iki milyon manata almışdır. Bu barədə 11 fevral 2002-ci ildə alqı-satqı aktı bağlanmışdır. X10, X4, Cavabdeh4, X2, Şahid1 iştirak etmişlər və alqı-satqı aktını öz imzaları ilə təsdiq etmişlər. Bundan əlavə Cavabdeh3 izahat yazaraq özünə məxsus olan 15 sot torpaq sahəsini qardaşı X10 vasitəsi ilə satılmasına etiraz etmədiyini, 2002-ci ilin 11 fevral tarixində X10, X4, Cavabdeh4, İddiaçı, X2 və Şahid1 tərəfindən yazılmış aktı doğru saydığını, alqı-satqı məbləğinin iki milyon manat olduğunu göstərmiş və imzası ilə təsdiq etmişdir.Alqı-satqı müqaviləsi bağlandıqdan sonra Cavabdeh3 və onun ailə üzvləri özlərinə məxsus, Balakən rayonu Aqrar İslahat Komissiyasının 04 fevral 1998-ci il tarixli 02 saylı qərarı ilə verilmiş 0,10 ha həyətyanı torpaq sahəsinə dair JN-734 F, kod 40113018 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməni və JN-837 A, kod 40113018 olan torpağa mülkiyyətə verilməsinə dair Dövlət Aktının 391.82 kv.m hissəsini ona vermişlər. Bundan sonra Əzizov X8 rayonu Talalar bələdiyyəsinin sədri Bilal Rüstəmova xx.xx.2005-ci il tarixdə ünvanladığı ərizəsində ona və ailə üzvlərinə 734 nömrəli şəhadətnamə ilə verilmiş 0,10 ha həyətyanı torpağın və ona bitişik 937 nömrəli Dövlət Aktı ilə verilmiş 0,05 ha mülkiyyət torpağını Talalar kənd sakini İddiaçı birdəfəlik bağışlandığını bildirmişdir. Odur ki, həmin torpaq sahəsində onun və ailə üzvlərinin heç vaxt iddiası olmayacağını, ona görə də özləri yazıb və imzası ilə təsdiq etdiyini, bundan sonra həmin torpağın vergisini İddiaçı tutulmasına köməklik edilməsini xahiş etmişdirlər. Həmin ərizə onun özü və ailə üzvləri tərəfindən imzalanmışdır. Bu günə qədər o, həmin torpaq sahəsindən etirazsız və etinasız istifadə edir, həmin torpaq sahəsinin vergisini ödəyir. Dəfələrlə cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 Balakən rayon Notariat Ofisinə alqı-satqı müqaviləsinin notarial qaydada bağlanması və təsdiq edilməsi üçün gəlmələri üçün müraciət etmişdir. Lakin cavabdehlər notariat orqanına gəlməkdən yayınırlar. Odur ki, 11 fevral 2002-ci ildə cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 ilə aralarında bağlanmış alqı-satqı aktının etibarlı hesab edilməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili Nümayəndə iddianı müdafiə edərək İddiaçı izahatına uyğun eyni məzmunlu izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh3 məhkəmə iclasında iddianı etiraf etməyərək göstərdi ki, 2002-ci ildə o cəzaçəkmə müəssisəsində olmuşdur. Həmin vaxt onlara məxsus olan, Balakən rayonu Talalar kəndində “almalıq” deyilən sahədə yerləşən 0,15 ha torpaq sahəsi qardaşı və mərhum bacısı tərəfindən o vaxtkı pulla iki milyon manata İddiaçı satılmışdır. Bu barədə ona bildirilmiş, o da razılığını bildirmişdir. Lakin torpaq sahəsi ilə bağlı notariat qaydasında alq-satqısı müqaviləsi bağlanmamışdır. O, cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra torpağın satılmasına razı olmadığını bildirmişdir. Həmin vaxt İddiaçı torpaq sahəsinə görə verdiyi pul qaytarılarsa torpaq sahəsini qaytarmağa etiraz etmədiyini bildirmişdir. O da pulu qaytarmaq istəməmiş və torpaq sahəsinin İddiaçı birdəfəlik bağışlanması, torpaq sahəsinə görə verginin İddiaçı alınması barədə bələdiyyə sədrinə ərizə vermişdir. İddiaçı hazırda da verdiyi puldan əlavə olaraq ona 6000 manat pul verərsə onlar torpaq sahəsinin İddiaçı satılmasına razı olarlar. Onların istədiyi pul verilmədiyindən o, iddiaya etiraz edir. İddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh4 məhkəmə iclasında iddianı etiraf etməyərək göstərdi ki, onun əri Cavabdeh3 2002-ci ildə həbs olunmuşdur. Əri həbsə düşdüyü üçün Balakən rayonu Talalar kəndində “almalıq” deyilən sahədə Balakən rayonu Aqrar İslahat Komissiyasının 04 fevral 1998-ci il tarixli qərarı ilə onlara verilmiş 0,10 ha həyətyanı və 0.05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini qaynı Osman və ölmuş baldızı Pədimat 11 fevral 2002ci ildə İddiaçı satmışlar. Alqı-satqı barədə məlumatı olsa da və bu barədə akta imza etsə də, o alqı-satqıda iştirak etməmiş,pul almamışdır,alınan puldan xəbəri olmamışdır. Qaynı Osman aktı onun evinə gətirib orada imza çəkdirmişdir.Torpaq satılarkən oğlu Cavabdeh2 2-ci sinifdə, digər oğlu Cavabdeh1 isə 1-ci sinifdə oxumuşlar. Onlar həmin aktda imza etməmişlər.Torpaq sahəsi ilə bağlı notariat qaydasında alq-satqısı müqaviləsi bağlanmamışdır. İddiaçının iddia tələbini əsassız hesab edir. Qeyd edilənləri nəzərə alıb iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh2 əvvəlki məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki,o,05 oktyabr 2002-ci ildə anadan olmuşdur.Onun və ailə üzvülərinin mülkiyyətinə verilmiş sözügedən torpaq sahələri satılarkən onun 12 yaşı olmuşdur. Həmin torpaq sahəsi ilə bağlı notariat qaydasında alq-satqısı müqaviləsi bağlanmamışdır. O, heç kimə torpaq satmamış, heç bir sənədə imza etməmişdir. O, həmin torpaq sahəsinin harada olduğunu bilməsə də və torpaq sahəsini hal-hazıra kimi tələb etməsə də, hazırda torpağını tələb edir. İddia tələbi əsassızdır. İddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, İddiaçı onun oğludur. Balakən rayonu Talalar kənd sakini Cavabdeh3 həbsdə olduğuna görə onun qardaşı X12 rayonu Talalar kəndində “Almalıq” deyilən sahədən 0,15 ha torpaq sahəsini satmaq istədiyini bildirmişdir.Həmin torpaq sahəsi oğlu- İddiaçı torpaq sahəsinin qonşuluğunda yerləşir. Həmin torpaq sahəsini Telman 11 fevral 2002-ci il tarixdə Cavabdeh3 böyük qardaşı Osmanın evində iki milyon manat pul verərək almışdır. Bu barədə 11 fevral 2022-ci ildə alqı-satqı aktı bağlanmışdır. Alqı-satqı aktının tərtib edilərkən o, X10,X4, Cavabdeh4, X2 iştirak etmiş və həmin alqı-satqı aktını imzalamışlar.Həmin gün orada onun digər oğlu Şahid2 da iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 izahatında göstərdi ki, İddiaçı onun qardaşıdır. Cavabdeh3 həbsdə olduğu üçün onun bacısı Pədimat və qardaşı Osman onların Balakən rayonu Talalar kəndində “Almalıq” deyilən sahədə yerləşən 0,15 ha torpaq sahəsini satmaq istədiklərini bildirmişlər.Həmin torpaq sahəsini 11 fevral 2002-ci ildə qardaşı İddiaçı Cavabdeh3 böyük qardaşının evində Pədimat və Cavabdeh4 iştirakı ilə iki milyon manata almışdır. Bu barədə 11 fevral 2002-ci ildə alqı-satqı aktı tərtib edilmişdir. Orada olan şəxslə də akta imza etmişlər. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş JN-734F KOD 40113018 olan Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Balakən Rayon Aqrar İslahat Komissiyasının 04 fevral 1998-ci il tarixli 02 saylı qərarı ilə Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 Balakən rayonu Talalar kəndi ərazisindən 0.10 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Aktda göstərilmişdir ki,”Aktı tərtib edirik ondan ötrü ki, Cavabdeh3 məxsus olan Hetovlar kəndindəki “almalıq” deyilən sahədəki 15 (on beş) sotluq torpaq sahəsini aşağıda imza edən şəxslərin iştirakı ilə satırıq.Hal-hazırda həbsxanada olan Cavabdeh3 razılığına əsasən, biz ona məxsus torpaq sahəsini satırıq. Pul isə onun həbsdən azad olunmağına sərf olunacaqdır.Torpaq sahəsini biz Cavabdeh3 torpaq sahəsinin qonşuluğunda yaşayan İddiaçı 2 milyon manata qiymət edərək satırıq. Göstərilən tarixdən yəni 2002-ci il 12 fevraldan torpaq sahəsi Cavabdeh3 tərəfindən İddiaçı satılmış sayılır. X10, imza X4, imza Cavabdeh4, imza İddiaçı, imza X2, imza Şahid1, imza.” İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Cavabdeh3 tərəfindən imzalanmış izahatda göstərilmişdir ki,”Mən Cavabdeh3 mənə məxsus olan 0.15 (on beş) sotluq torpaq sahəsinin qardaşım X10 vasitəsi ilə satılmasına etiraz etmirəm.Ona görə də 2002-ci il 11 fevral tarixdə X10, X4, Cavabdeh4, İddiaçı, X2 və Şahid1 tərəfindən yazılmış aktı doğru sayıram. Alqı-satqı məbləği 2 (iki milyon) manatdır.İmza: Cavabdeh3.” İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Cavabdeh3 tərəfindən Talalar bələdiyyəsinin sədri B.Rüstəmova ünvanlanmış ərizədə göstərilmişdir ki, “Mən, mənə və ailəmə 734A şəhadətnamə ilə verilmiş 0.15 ha həyətyanı torpağımı və ona bitişik 837 A №li dövlət Aktı ilə verilmiş 0.07 ha mülkiyyət torpağımı Talalar kənd sakini İddiaçı birdəfəlik olaraq bağışlayıram. Odur ki, həmin torpaq barəsində mənim və ailə üzvlərimizin heç vaxt iddiası olmayacaq. Ona görə də ərizəni özümüz yazaraq öz imzalarımızla təsdiq edirik. Xahiş edirəm bundan sonra həmin torpağın vergisini İddiaçı tutulmağına köməklik edəsiniz. Əzizov E-imza Cavabdeh4-imza Cavabdeh2-imza Cavabdeh1 –imza” İşdə olan və məhkəmə iclasında tədqiq edilən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Balakən Rayonu Talalar kəndində yerləşən 0.0391 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət reyestrində 132 nömrəli reyestr kitabının 94 nömrəli vərəqində Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 adına ümumi birgə mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. Məhkəmə iddiaçının, onun nümayəndəsi-vəkilinin və məhkəmə iclasına gəlmiş cavabdehlərin izahatlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Balakən Rayon Aqrar İslahat Komissiyasının 04 fevral 1998-ci il tarixli, 02 nömrəli qərarı ilə cavabdehlər Cavabdeh3,Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 ümumi birgə mülkiyyətinə Balakən rayonu Talalar kənd ərazisindən 0,10 ha həyətyanı torpaq sahəsi və kənd təsərrüfatı təyinatlı torpaq sahələri verilmişdir. Cavabdehlərə həyətyanı torpaq sahəsinə görə JN-734 F, kod 40113018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə, kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə görə isə N-837 , kod 40113018 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir. 11 fevral 2002-ci ildə cavabdehlər mülkiyyətlərində olan 0,10 ha həyətyanı torpaq sahəsini və Torpağa mülkiyyət hüququna dair Dövlət aktının 837A planşet nömrəsində göstərilən 0,039182 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsini 2000000(iki milyon) AZM-ə cavabdeh İddiaçı satmışlar.Alqı-satqı ilə bağlı Cavabdeh3 qardaşı -X7, bacısı-X3, Cavabdeh4, İddiaçı, onun atası -Şahid1 və X1 iştirakları ilə akt tərtib olunmuş, aktda torpaq sahələrinin ******* AZM-ə satıldığı qeyd edilmişdir.Həmin vaxt Cavabdeh3 cəzaçəkmə müəssisəsində olmuş, o, ərizə yazaraq alqı-satqıya razı olduğunu bildirmişdir. xx.xx.2005-ci il tarixdə cavabdehlər Balakən rayon Talalar bələdiyyəsinə təkrarən ərizə ilə müraciət edərək torpaq sahəsi ilə bağlı heç bir iddialarının olmayacağını bildirərək torpaq vergisinin İddiaçı alınmasını xahiş etmişlər. 2002-ci ildən hal-hazıra kimi İddiaçı həmin torpaq sahəsindən etirazsız istifadə edir, həmin torpaq sahəsinin vergisini ödəyir. İddiaçı alqı-satqı müqaviləsinin notarial qaydada bağlanması və təsdiq edilməsi üçün cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 müraciətlər etsə də, cavabdehlər notariat orqanına getməkdən yayınmışlar. Odur ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. İş materiallarından görünür ki, tərəflər arasında yaranmış hüquq münasibətləri torpaq alqı-satqı müqaviləsinin etibarlı hesab olunması ilə bağlı yaranan mübahisədir. Tərəflər arasındakı bu hüquq münasibətləri 11 fevral 2002-ci ildə yaranmışdır. İddia tələbinin hüquqi əsasını təşkil edən mərkəzi hüquq norması 24 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə qüvvədən salınmış Mülki Məcəllənin 335-ci maddəsidir. Həmin maddəyə əsasən, əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. Qeyd edilən maddə, forma şərtinə riayət edilməməsi səbəbindən etibarsız əqdlərin etibarlı hala gətirilməsini (konvalidasiyasını) nəzərdə tuturdu. İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 3 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 mart 2006-cı il tarixli qərarında qeyd edilir ki, yuxarıda göstərilən maddənin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: -əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; -məhz əks tərəf əqdin notarial qaydasında təsdiqlənməsindən yayınmalı; -əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda, notarial qaydada təsdiqlənmə tələbinə uyğun olmayan əqdin etibarlı hala gətirilməsi üçün, belə iddia irəli sürən şəxsin əqdi tamamilə icra etməsi tələb edilir ki, məhz bu şərtlə onun tələbi məhkəmə tərəfindən təmin oluna bilər. Belə məhkəmə qərarı notarial təsdiqetməni əvəz edir. Nəzərə almaq lazımdır ki, notarial təsdiqetmə əqdə münasibətdə xarici element olaraq əqdin bağlanmasına təsir etmir, ona hüquqi qüvvə verir. Qanunvericiliyin müəyyən etdiyi forma (şəkil) tələbinin yerinə yetirilməməsi tərəflərə bu əsas ilə müqavilənin etibarsızlığını irəli sürmək haqqını verir. Lakin nəzərə alınmalıdır ki, digər haqların realizəsində olduğu kimi, əqdin etibarsızlığının irəli sürülməsi halında da mülki dövriyyə subyektləri vicdanla hərəkət etməli, hüquqdan sui-istifadəyə yol verməməlidirlər. Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarında qeyd edilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Mülki Məcəllənin 16.1-ci maddəsində isə müəyyən edilmişdir ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Mülki Məcəllənin 560.1 və 560.2-ci maddələrinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3.4-cü maddəsinə əsasən, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır. Bu müddəa digər şəxsə zərər vura biləcək ziddiyyətli davranışı qadağan edir və şəxsin üzərinə ardıcıl rəftar etmək öhdəliyi qoyur. Mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi , mübahisəli torpaq sahələri barəsində iddiaçı ilə cavabdehlər arasında 11 fevral 2002-ci il tarixində alqı-satqı müqaviləsi bağlanmış, cavabdehlər o vaxtkı məzənnə ilə ******* AZM pul almışlar və həmin vaxtdan etibarən torpaq sahələrini iddiaçının sahibliyinə və istifadəsinə vermişlər. O, vaxtdan hal-hazıra kimi torpaq sahələri iddiaçının aşkar sahibliyində və istifadəsindədir. Torpağın vergisini də o vaxtdan iddiaçı ödəyir. Hətta cavabdehlər özləri ərizə ilə bələdiyyəyə müraciət edərək torpaq sahəsinin vergisinin iddiaçıdan tutulmasına köməklik göstərilməsini xahiş etmişlər. Cavabdehlər torpaq sahəsinin iddiaçıya satılmasını inkar etmirlər. Beləliklə işin müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında bağlanmış 11 fevral 2002-ci il tarixli torpaq sahəsinin alqı-satqı müqaviləsinin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin-yəni cavabdeh tərəfin təqsiri ucbatından baş vermiş, məhz əks tərəf əqdin notarial qaydasında təsdiqlənməsindən yayınmış və əqdin özü qanuna zidd olmamış və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmişdir. Alqı-satqının notariat qaydasında bağlanmaması , cavabdehlər Cavabdeh2 və Cavabdeh1 alqı-satqıda iştirak etməmələri, akta imza etməmələri barədə cavabdehlərin etirazı ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 52-ci maddəsinə əsasən, torpaq sahəsi üzərində birgə hüquqlar iki və daha çox şəxsin mülkiyyətində, istifadəsində və icarəsində torpaq sahəsi olduqda, habelə mülkiyyətçi, istifadəçi və icarəçi arasında qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanan müqavilə əsasında onlara məxsus olan torpaq sahələrinin birləşdirilməsi zamanı yaranır. İki və daha çox şəxsin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaq sahəsi həmin şəxslərin birgə mülkiyyət, birgə istifadə və ya birgə icarə hüququnda məxsus ola bilər. Birgə mülkiyyətdə olan torpaq sahələrinə sahiblik, onlardan istifadə və onlar barədə sərəncam verilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin birgə mülkiyyət hüququ haqqında müddəalarına uyğun olaraq həyata keçirilir. Mülki Məcəllənin birgə mülkiyyətdə olan əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam verilməsi ilə bağlı məsələləri tənzimləyən 222-ci maddəsinə görə isə birgə mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir. Beləliklə, birgə mülkiyyətçilərdən birinin ümumi mülkiyyətdə olan əmlaka sərəncamla bağlı əqdi digər birgə mülkiyyətçilərdən hər hansı birinin razılığı olmadan bağlaması qanunvericiliyin məcburi göstərişlərinə zidd olduğu üçün etibarsızlıq halının yaranmasına səbəb olur. Lakin burada nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 358-ci maddəsinə əsasən, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Mülki Məcəllənin Səlahiyyət verilməyən şəxsin əqd bağlaması adlanan 360.2-ci maddəsinə görə, təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. Mülki hüququn bəyənmə - sonradan verilən razılıq institutunu nəzərdə tutan Mülki Məcəllənin 357-ci maddəsinə əsasən, əqd bağlanmasının bəyənilməsi, əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə (ex tunc) malikdir. Səlahiyyət verilməyən şəxsin bağladığı əqdin təmsil edilən tərəfindən bəyənilməsi, əqd bağlanan zaman əqdi bağlayan şəxsin səlahiyyətə malik olması kimi qiymətləndirilir və təmsil edilən şəxs üçün bütün müvafiq hüquqi nəticələrə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı) səbəb olur. Sonradan verilən razılığın nə zaman verilməsindən asılı olmayaraq, o əqdin bağlandığı andan əqdin tərəfi hesab edilir. Hüquqi təbiətinə görə əqdin bəyənilməsi birtərəfli əqd olaraq qəbul edilir, belə ki, onun bağlanması üçün yalnız təmsil edilən şəxsin iradə ifadəsi zəruri və yetərlidir. Mülki Məcəllənin 355.2-ci maddəsinin “razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur” müddəası mahiyyət və məzmun etibarı ilə məhz bəyənmə hallarına aiddir. Bu nöqteyi-nəzərdən də hüquqi baxımdan məcburi forma şərtinə tabe tutulan müəyyən bir əqdə dair təmsil olunanın konkludent hərəkətləri və rəftarı (məsələn, əqd üzrə icra olunanların qəbul edilməsi, əşyaya dair sənədlərin verilməsi, uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi və s.) onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir. Bu baxımdan, əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən, birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan suiistifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar. F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 3 mart 2023-cü il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, müqavilənin imzalanmaması (ona razılıq verilməməsi) və ya forma tələbinə riayət edilməməsi əsasları ilə hüquqi qüvvəsinin olmaması barədə iddialara baxarkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, tərəflərin vicdanlılığının və davranışlarının ardıcıllığının müəyyən edilməsi üçün işin bütün hallarını hərtərəfli araşdırmalı, yaranacaq nəticənin ədalətlilik və vicdanlılıq prinsiplərinə uyğunluğunu müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir. Qərarda həmçinin göstərilmişdir ki, Mülki Məcəllənin 404-cü maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu mənada mülki dövriyyənin sabitliyinin təmin edilməsi məqsədi ilə məhkəmələr təqdim olunmuş sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 88-ci maddəsinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq onların əsasında müqavilə üzrə tərəflərin əsl məqsədlərini və iradə ifadələrini dəqiqləşdirməli, iradə ifadəsinin hansı şərtlər və şərait daxilində bildirilməsini müəyyən etməli, müqavilələrin etibarlı olub-olmamasına düzgün hüquqi qiymət verməlidir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərar). Xüsusən mülkiyyət hüququ ilə bağlı mübahisələrin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməməli, məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün hüquqi vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmalıdırlar (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayətinə dair 2021-ci il 12 aprel tarixli Qərarı). Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki,İddiaçı ilə cavabdehlər Cavabdeh3 , Cavabdeh4 , Cavabdeh2 və Cavabdeh1 aralarında torpaq sahəsinin alqı-satqısına görə bağlanmış 11 fevral 2002-ci il tarixli müqavilə etibarlı hesab olunmalıdır. İddiaçı adıçəkilən torpaq sahələrinə hüquqları hazırkı qətnamə qanuni qüvvəsini aldıqdan sonra yaranacağından, cavabdehlərin isə yalnız o vaxtdan sonra bu torpaq sahələrinə hüquqları itiriləcəyindən məhkəmə hesab edir ki, iddia tələbi 0,0391 ha hissəsinə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət kadastrı və reyestri Publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi idarəsindən verilmiş reyestr nömrəsi **********72 olan qeydiyyat nömrəsi ********** olan Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 adına verilən Hüquqların Dövlət qeydiyyatından çıxarışın ləğv edilməsinə aid hissədə təmin edilməməlidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Balakən rayonu Aqrar İslahat Komissiyasının 04 fevral 1998-ci il tarixli 02 nömrəli qərarına əsasən JN734 F Kod 40113018 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 ümumi birgə mülkiyyətinə verilmiş,Balakən rayonu Talalar kəndində “almalıq” deyilən sahədə yerləşən 0.10 ha həyətyanı və JN837 KOD 40113018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının 837 A planşet nömrəsi ilə cavabdehlərin ümumi birgə mülkiyyətinə verilmiş 0.0391 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin İddiaçı satılması barədə İddiaçı ilə cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 aralarında bağlanmış 11 fevral 2002-ci il tarixli alqı-satqısı aktı (müqaviləsi) etibarlı hesab edilməli,iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi əsas tələb üzrə təmin edildiyindən 100 manat dövlət rüsumu xərci cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 alınıb İddiaçı verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddəsini rəhbər tutaraq, məhkəmə qətetdi İddia qismən təmin edilsin. Balakən rayonu Aqrar İslahat Komissiyasının 04 fevral 1998-ci il tarixli 02 nömrəli qərarına əsasən JN734 F Kod 40113018 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 ümumi birgə mülkiyyətinə verilmiş,Balakən rayonu Talalar kəndində “almalıq” deyilən sahədə yerləşən 0.10 ha həyətyanı və JN837 KOD 40113018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının 837 A planşet nömrəsi ilə cavabdehlərin ümumi birgə mülkiyyətinə verilmiş 0.0391 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin İddiaçı satılması barədə İddiaçı ilə cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 aralarında bağlanmış 11 fevral 2002-ci il tarixli alqı-satqısı aktı (müqaviləsi ) etibarlı hesab edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. 100 manat dövlət rüsumu xərci cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 alınıb İddiaçı verilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №e-2(019)-130/2024
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-130/2024
05.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver