Məhkəmə qərarları › İş №e-2(019)-1365/2025

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-1365/2025

12.01.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-1365/2025 12.01.2026 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X34 qızının katibliyi, İddiaçı nümayəndəsi-vəkili Nümayəndə1, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 nümayəndəsi - vəkili Nümayəndə2 İsa oğlunun iştirakları ilə, İddiaçı cavabdehlər Balakən Regional “Asan Xidmət” mərkəzində Notariat Ofisininə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair mülki işə Balakən Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Balakən Regional “Asan Xidmət” mərkəzində Notariat Ofisinə qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Balakən rayon dövlət notariat kontoru tərəfindən X18 adına verilmiş xx.xx.2012-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin etibarsız hesab olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçının nənəsi X14 21 fevral 1991ci il tarixdə kəskin ürək çatmamazlığı səbəbindən vəfat etmişdir. Vəfat etməzdən əvvəl 29 yanvar 1991-ci ildə vəsiyyətnamə verərək İddiaçı ünvan 1ində yerləşən 1400 kv/m torpaq sahəsi, ümumi sahəsi 41.6 kv/metr olan iki otaqlı yaşayış evini vəsiyyət etmişdir. Sonra İddiaçı 16 iyul 2001-ci ildə vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İddiaçıya vəsiyyət olunan əmlak nənəsi Məryəm Umaxanovanın ölümündən əvvəl və ölümündən sonra onun istifadəsində olmuş, yəni iddiaçı mirası qəbul etmişdir. 31 iyul 1998-ci ildə Balakən Rayon Aqrar İslahat Komissiyası tərəfindən iddiaçı həmin vaxt Xırdalan şəhərində olduğundan ayrılmış torpaq payı və həyətyanı torpaq sahəsi bibisi X6 adına rəsmiləşdirilmişdir. Hazırda isə iddiaçı ona vəsiyyət edilən əmlakın rəsmiləşdirilməsində maneələrlə rastlaşmışdır. İddiaçı nənəsinin vəsiyyət etdiyi əmlakı rəsmiləşdirə bilməməsinə səbəb əmisi X18 mərhum bibisi X6 varisi kimi çıxış edərək, ona Balakən rayon dövlət notariat kontoru tərəfindən xx.xx.2012-ci il tarixdə, 2V-109 nömrəli tam hissədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsidir. Belə ki, xx.xx.2025-ci il tarixdə xx.xx.2010-cu ildə vəfat etmiş iddiaçının bibisi X6 mirasına dair irsi transmissiya üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə dair Balakən Regional ASAN Xidmət Mərkəzinin Notariat Ofisinə müraciət etdikdə Balakən rayon dövlət notariat kontoru tərəfindən xx.xx.2012-ci il tarixdə X3 miras qalmış ünvan 1i ünvanında yerləşən torpaq sahəsinə dair 2V-109 reyestr nömrə ilə tam hissədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini bildirilməklə müraciətdən imtina olunaraq, məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Bir daha qeyd edilməlidir ki, ünvan 1i ünvanında yerləşən torpaqdan iddiaçı və onun ailə üzvləri istifadə və idarə etmiş, faktiki sahibliyi həyata keçirmişdir. X2 iddiaçı və onun ailə üzvləri ilə birlikdə yaşamışlar. İddiaçının anası X19 hazırda da həmin ünvanda yaşayır. X26 və ailə üzvləri isə qeyd olunan mülkiyyətdən ümumiyyətlə istifadə etməmişdirlər. X1 tərəfindən verilmiş 29 yanvar 1991-ci ildə vəsiyyətnamədən görünür ki, həmin əmlak iddiaçıya verilmişdir və qeyd olunan əmlakı iddiaçı və ailə üzvləri idarə etmişdir. Ha-hazırda ünvan 1i ünvanında yerləşən torpaq sahəsinin sənədləşməsi üçün şəhadətnamə alınması mümkün deyil. Bunun üçün mülki iş üzrə miras qalmış əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv edilməlidir. Buna görə də Balakən rayon dövlət notariat kontoru tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” əsassız olduğundan etibarsız hesab olunmalıdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi -vəkili Nümayəndə1 iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 nümayəndəsi - vəkili Nümayəndə2 İsa oğlu göstərdi ki, iddia ərizəsində göstərilənlərin əksəriyyəti həqiqətə uyğun deyil, real vəziyyəti əks etdirmir. X26 təmsil etdiyi X5 əridir. X26 14 iyun 2019-cu ildə ölmüşdür. Osman Balayevin adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə xx.xx.2012-ci ildə verilmişdir. Həmin vaxtdan 13 ildən artıq müddət keçmişdir. Həmin şəhadətnamənin etibarsız hesab olunması və ya ləğv olunması üçün qanunla müəyyən edilmiş 1 illik müddət ötürülmüşdür. İddiaçı X16 iddia müddətini üzürlü səbəbdən ötürməsi, onun vərəsəlik hüququ haqqında şəhadətnamənin mövcudluğunun 1 il ərzində və ya yaxın vaxtlarda ona məlum olması barədə heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Vəfat etmiş X6 vərəsəsi isə tək İddiaçı deyil, digər vərəsələri də vardır. Onların dairəsi müəyyən edilməlidir. İddiaçı Balakən rayon Dövlət Notariat Kontoru tərəfindən X18 adına verilmiş 27 sentyabr 2012-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə dair iddiası əsassız olduğundan iddianın qaldırılması üçün qanunla nəzərdə tutulan müddət ötürüldüyündən iddia müddətini tətbiq etməklə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh Balakən Regional “ASAN Xidmət” mərkəzində Notariat Ofisinin xüsusi notariusu X20 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında “DƏDRX” publik hüquqi şəxsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq heç bir üzürlü səbəb olmadan nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən JN-178.A KOD 40100038 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, X9 Balakən rayon Aqrar İslahat Komissiyasının 31 iyul 1998-ci il tarixli 09 saylı qərarı ilə ünvan 2i ərazisindən 0.16 həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Balakən Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən İddiaçı nümayəndəsi Nümayəndə1 ünvanlanmış 19 oktyabr 2025-ci il tarixli 2170 nömrəli məktubda göstərilmişdir ki, “Sizin hüquqlarını müdafiə etdiyiniz İddiaçı 11 sentyabr 2001-ci il tarixdə vəfat etmiş X6 mirasına dair irsi transmissiya üzrə xx.xx.2010-cu il tarixdə vəfat etmiş vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə dair 11 oktyabr 2025-ci il tarixli müraciətinizə cavab olaraq bildirirəm ki, Balakən rayon dövlət notariat kontoru tərəfindən xx.xx.2012-ci il tarixdə X3 miras qalmış ünvan 1i ünvanında yerləşən torpaq sahəsinə dair 2V-109 reyestr nömrə ilə tam hissədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Odur ki, qeyd olunun şəhadətnamənin ləğvi və payların yenidən müəyyənləşdirilməsi məqsədilə məhkəməyə müraciət etməyiniz tövsiyyə olunur”. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 25 aprel 2012-ci il tarixdə verilmiş Qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin surətində göstərilmişdir ki,11 sentyabr 2001-ci ildə vəfat etmiş X6 vərəsəsi ünvan 2ində yaşayan X21r. Şəhadətnamə verilən miras əmlak Balakən Rayon Aqrar İslahat Komissiyasının 31 iyul 1998-ci il tarixli 09 saylı qərarı ilə verilmiş,JN 178 kod ********* nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən ünvan 2i ünvanında yerləşən kənd təsərrüfatı məhsulları istehsalı məqsədli 0,63 ha torpaq sahəsindəki X9 aid paydan ibarətdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 29 yanvar 1991-ci il tarixli vəsiyyətnamədə göstərilmişdir: ”mən, ünvan 2ində yaşayan X14 pasport-İİİ-JQ №5500966 Balakən DİŞ xx.xx.1976 həmin vəsiyyətnamə ilə aşağıdakı sərəncamı verirəm. 1.Vəfat edəcəyim günə mənə məxsus olan ünvan 2ində yerləşən 2 gözdən ibarət olan yaşayış evimi və həyətimdə olan navesi nəzərdə tuturam. onu mənim böyük oğlum olan Şəhmirin qızına. Nəvəm Elnarəyə vəsiyyət edirəm.(yaşayış yeri Abşeron rayonu,Xırdalan qəsəbəsi.Doğum şəhadətnaməsi №292022 X17).Ev ümumi sahəsi 0.40, yaşayış sahəsi 0,32 kv.m.daş.ev üstü şifer olan nəzərdə tuturam. 2.Azərb.SSR Mülki Məcəlləsinin 537-538-ci maddələrin məzmunu mənə izah edldi. 3.Həmin vəsiyyətnamə mənim tərəfimdən 2 nüsxədən tərtib və təsdiq edildi. Onlardan birinci nüsxəsi vəsiyyət edən X7 verilir, 2-ci nüsxəsi isə İtitala kənd XDC notariat kontorunda saxlanılır.” İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 16 iyul 2001-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətində göstərilir: “Mən, Balakən rayon dövlət notariat kontorunun dövlət notariusu Musayev Z.H. təsdiq edirəm ki, tərəfindən 08 fevral 1991-ci ildə təsdiq edilən və 90 nömrə ilə reyestrdə qeyd olunan vəsiyyətnaməyə əsasən 21 fevral 1991-ci ildə ölmüş vətəndaşın- X4 vəsiyyətnamədə göstərilən əmlakının vərəsələri bunlardır. X17. Həmin şəhadətnamənin verildiyi vərəsəlik əmlakı aşağıdakılardan ibarətdir:ünvan 2ində yerləşən , 1978-ci ildə tikilən, torpaq sahəsi - 1400 kv.m, divarları çaydaşı,kərpic. Üstü şifer,yaşayış sahəsi 41.6, kv.m, ümumi sahəsi - 41.6 kv.m. iki otaqlı yaşayış evi. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivi tərəfindən İddiaçı etibarnamə üzrə nümayəndəsi X10 ünvanlanmış 24 oktyabr 2022-ci il tarixli 05/01-M-06/13 nömrəli məktubda göstərilmişdir: “Balakən rayon dövlət notariat ofisində 16 iyul 2001 -ci il tarixdə 2B-71 reyestr nömrəsi ilə verilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin dəyişdirilməsi və ya ləğv edilməsi yoxlanıldıqdan sonra dublikatının verilməsi barədə Dövlət notariat arxivinə daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, qeyd olunan şəhadətnamənin dəyişdirilməsi və ya ləğv edilməsi barədə arxivə məlumat daxil olmamışdır. Dublikatın üzərində müvafiq qeydiyyat aparılaraq Sizə göndərilir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon İtitala kənd icra nümayəndəliyi tərəfindən 19 may 2022-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 253892 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.1991-ci ildə ölmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon İcra Hakimiyyəti İtitala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 01 avqust 2023-cü il tarixdə verilmiş 196 nömrəli arayışda göstərilmişdir: “Verilir İtitala kənd İƏD üzrə nümayəndəliyi tərəfindən X11 ondan ötrü ki, həqiqətən X1na məxsus İtitala kəndindəki fərdi yaşayış evində xx.xx.1991-ci il tarixdən etibarən xx.xx.2010-cu ildə vəfat etmiş oğlu X22 və gəlini X19 yaşayır”. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon İcra Hakimiyyəti başçısının İtitala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 08 dekabr 2022ci il tarixdə verilmiş 336 nömrəli arayışda göstərilmişdir: “verilir İtitala kənd İƏD üzrə nümayəndəliyi tərəfindən X11 ondan ötrü ki, İtitala kənd İƏD üzrə nümayəndəliyində 2021- 2025-ci illərin 4 nömrəli təsərrüfatbaşına kitabın 86-cı səhifəsində 184 nömrəli şəxsi təsərrüfat X8 adına qeyd olunmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayonu VVADQ Şöbəsi tərəfindən 31 oktyabr 2006-cı il tarixdə verilmiş AZ-İ seriyalı 216024 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 14 sentyabr 2001-ci ildə ölmüşdür. Məhkəmə iddiaçının nümayəndəsi-vəkilinin və üçüncü şəxsin nümayəndəsi- vəkilinin izahatlarını dinləyib, iş materiallarını bilavasitə araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işin araşdırılan hallarından müəyyən olunur ki, İddiaçı 21 fevral 1991-ci il tarixdə ölmüş nənəsi X4 29 yanvar 1991-ci il tarixli vəsiyyətnamə ilə ünvan 1ində yerləşən 1400 kv/m torpaq sahəsi, ümumi sahəsi 41.6 kv/metr olan iki otaqlı yaşayış evini ona vəsiyyət etməsini; 16 iyul 2001-ci ildə vəsiyyətnamə üzrə ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini; 31 iyul 1998-ci ildə Balakən Rayon Aqrar İslahat Komissiyası tərəfindən iddiaçı həmin vaxt Xırdalan şəhərində olduğundan ayrılmış torpaq payı və həyətyanı torpaq sahəsi bibisi X6 adına rəsmiləşdirilməsini; iddiaçının ona vəsiyyət edilən əmlakın rəsmiləşdirilməsində maneələrlə rastlaşmasını; nənəsinin vəsiyyət etdiyi əmlakı rəsmiləşdirə bilməməsinə səbəb əmisi X18 mərhum bibisi X6 varisi kimi çıxış edərək, ona Balakən rayon dövlət notariat kontoru tərəfindən xx.xx.2012-ci il tarixdə, 2V-109 nömrəli tam hissədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini; xx.xx.2010cu ildə vəfat etmiş bibisi X6 mirasına dair irsi transmissiya üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün Balakən Regional ASAN Xidmət Mərkəzinin Notariat Ofisinə müraciət etdikdə Balakən rayon dövlət notariat kontoru tərəfindən xx.xx.2012-ci il tarixdə X3 miras qalmış ünvan 1i ünvanında yerləşən torpaq sahəsinə dair 2V-109 reyestr nömrə ilə tam hissədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini bildirilməklə müraciətdən imtina olunmasını; hal-hazırda ünvan 1i ünvanında yerləşən torpaq sahəsinin sənədləşməsi üçün şəhadətnamə alınmasının mümkün olmamasını göstərərək qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasındakı mübahisəyə aşağıdakı hüquq tətbiq olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyası: 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir; hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın; hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır; hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1134.2-ci maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər)… 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. 1179.1-ci maddəsinə əsasən vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasm qəbuluna yol verilmir. 1255-ci maddəsinə (mirasa mülkiyyətin əmələ gəlməsi) əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. 1321.1-ci maddəsinə əsasən, vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. 1321.2-ci maddəsinə əsasən qanunla nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. 1321.3-cü maddəsinə əsasən vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. 1325.1-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, almanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun: 57-ci maddəsinə əsasən mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir. 58-ci maddəsinə əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsi ilə bütün vərəsələrə və ya onların arzusundan asılı olaraq hər birinə ayrılıqda verilir; mirasın qəbulu müddətini ötürmüş vərəsələr mirası qəbul etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Razılıq notarius tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək təqdim olunmalıdır; notarius yetkinlik yaşına çatmamış və fəaliyyət qabiliyyəti olmayan vərəsələrin adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə onların əmlak mənafelərini mühafizə etmək məqsədi ilə vərəsənin yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidir: miras əmlak dövlətə keçdikdə şəhadətnamə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına verilməlidir. 59-cu maddəsinə əsasən notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır; qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinin tələbinə görə bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3-cü maddəsinin tələbinə görə qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinin tələbinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 82.4-cü maddəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Nəzərə alınmalıdır ki, iddia tələbi bilavasitə sübutetmə ilə bağlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların mövcud olub olmamasını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər hansı dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. İlk olaraq, qeyd edilməlidir ki, vərəsəlik hüququ mülkiyyətçinin sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlərin ölümündən sonra onun iradəsinə uyğun olaraq müəyyən etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçməsini ehtiva edir. Mülki hüququn bu institutu vasitəsi ilə miras qoyanın, onun kreditorlarının, eləcə də vərəsələrinin mənafeyi qorunur, miras qoyanın əmlakın aqibəti ilə bağlı niyyətinin həyata keçirilməsinə şərait yaradılır, bununla da etibarlı və sağlam ailə münasibətlərinin qorunub inkişaf etdirilməsi təmin olunur. Qeyd olunan hallar həm şəxsiyyətin qorunması, həm də ictimai mənafelərin təmin olunması məqsədinə xidmət etməklə, vərəsəlik hüquq qaydalarının məcburiliyini, yəni qanunverici tərəfindən müəyyən tənzimetmənin imperativliyini şərtləndirir. Ailə üzvlərinin mənafeyinin üstünlüyü vərəsəlik hüququnun əsasında duran ailə təminatı prinsipindən irəli gəlir. Bu prinsip vətəndaş cəmiyyətinin özəyini təşkil edən ailənin təminatı məqsədilə yaxın qohumluqla (uşaq, ər, arvad, valideynlər) miras qoyana bağlı olan şəxslərin mənafeyinin digər şəxslərin mənafeyindən üstün olmasını nəzərdə tutur. Ailə-təminat prinsipinin məntiqinə əsasən mülkiyyətçiyə yaşadığı dövrdə məxsus olan əmlak (əmlakın müəyyən hissəsi) üzərində sərəncam vermək hüququ onun vəfatından sonra yaxın ailə üzvlərinə məxsus olmalıdır. Bu prinsip qanun üzrə vərəsəlik zamanı növbəlik, irsi transmissiya qaydalarında özünü göstərir və mirasın daha yaxın şəxslər dairəsinə çatmasına xidmət edir. Vərəsəlik hüququ vasitəsilə mülki dövriyyə iştirakçıları olan fiziki şəxslərin ölməsi halında onların sağlığında qurduqları hüquqi münasibətlərdən irəli gələn hüquq və öhdəliklərinin aradan qalxmaması, vərəsələri tərəfindən həyata keçirilməsi üçün hüquqi şərait yaradılır ki, nəticədə mülki dövriyyənin davamlılığı və fasiləsizliyi təmin edilməklə hüquqi müəyyənlik və hüquqi etimad prinsipləri qorunmuş olur. Vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin. Vərəsəlik hüququ obyektiv hüquq kimi ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə digər şəxslərə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. İşin faktoloji halları və hüquqi əsasları konteksində məhkəmə qeyd edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər(Azərbaycan Respublikasının MPM-in 4.1-ci maddəsi). Bunun üçün birinci növbədə şəxsin məhkəməyə müraciət etmək üçün cavabdehə qarşı iddia tələbinin irəli sürülməsi ilə bağlı subyektiv hüququ olmalıdır. Eyri İrlandiyaya qarşı iş üzrə qərarda Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəməyə müraciət etmək hüququ şəxsin hüquq və vəzifələrinin müəyyən edilməsi və öz işini lazımi qaydada təqdim etməsi üçün onun işinə müstəqil və qərəzsiz məhkəmə tərəfindən baxılması hüququna malik olması deməkdir. Şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir. "M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında deyilir: "Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz." Göründüyü kimi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, mülki mübahisəni həlli edən məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Hazırkı işin materiallarından,o cümlədən iddia ərizəsinin məzmunundan aydın olmur ki, iddiaçı hansı əsasa görə X2ndan miras qalmış kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə görə X23 Balakən rayon dövlət notariat kontoru tərəfindən verilmiş xx.xx.2012-ci il tarixdə, 2V-109 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsızlığını tələb edir. Belə ki, İddiaçı iddia ərizəsində mərhum nənəsi X4 29 yanvar 1991-ci il tarixli vəsiyyətnamə ilə ünvan 1ində yerləşən 1400 kv/m torpaq sahəsi, ümumi sahəsi 41.6 kv/metr olan iki otaqlı yaşayış evini ona vəsiyyət etməsini; 16 iyul 2001-ci ildə vəsiyyətnamə üzrə ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini; nənəsinin vəsiyyət etdiyi əmlakı rəsmiləşdirə bilməməsini, buna səbəb əmisi X18 mərhum bibisi X6 varisi kimi çıxış edərək, ona Balakən rayon dövlət notariat kontoru tərəfindən xx.xx.2012-ci il tarixdə, 2V-109 nömrəli tam hissədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini göstərsə də X23 Balakən rayon dövlət notariat kontoru tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş və reyestrdə 2V-109 nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ona 16 iyul 2001-ci ildə verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamədə göstərilən əmlakların- ünvan 1ində yerləşən 1400 kv/m torpaq sahəsində yerləşən , ümumi sahəsi 41.6 kv/metr olan iki otaqlı yaşayış evini öz adına qeydə aldırmasına necə maneçilik törətməsini əsaslandıra bilməmiş, nümayəndəsi-vəkili də məhkəmə iclasında iddia ərizəsində göstərilən bu halı izah edə bilməmişdir. Halbuki iş materiallarından görünür ki, İddiaçı ünvan 2ində yerləşən , 1978-ci ildə tikilən, divarları çaydaşı, kərpic, üstü şifer, yaşayış sahəsi 41.6, kv.m, ümumi sahəsi - 41.6 kv.m. iki otaqlı yaşayış evi vəsiyyət olunmuşdur. Evin yerləşdiyi 1400 kv/m torpaq sahəsi 1991-ci ildə (nənəsi ölərkən) mülkiyyətdə olmamışdır. X23 Balakən rayon dövlət notariat kontoru tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş və reyestrdə 2V-109 nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə isə nəinki həmin evə, hətta evin yerləşdiyi torpaq sahəsinə belə aid deyildir. Sözügedən şəhadətnamə X6 mülkiyyətində olmuş kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə görə verilmişdir. Göründüyü kimi İddiaçı göstərdiyi bu əsasla xx.xx.2012-ci il tarixdə verilmiş və reyestrdə 2V-109 nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması üçün iddia tələbi ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ yoxdur. İddiaçı iddia ərizəsində həmçinin xx.xx.2010-cu ildə vəfat etmiş X6 mirasına dair irsi transmissiya üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün Balakən Regional “ASAN Xidmət” Mərkəzinin Notariat Ofisinə müraciət etdikdə Balakən rayon dövlət notariat kontoru tərəfindən xx.xx.2012-ci il tarixdə X3 miras qalmış ünvan 1i ünvanında yerləşən torpaq sahəsinə dair 2V-109 reyestr nömrə ilə tam hissədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini bildirilməklə müraciətdən imtina olunmasını göstərdiyi halda, mərhum Gülcahan İdrisovanın vərəsələri barədə, özünün onun vərəsəsi olmasına, ümumiyyətlə onunla qohumluq münasibətində olmasına dair heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Onun nümayəndəsi-vəkili olduğundan qanunvericiliyin tələblərini bilməməsi isə mümkün deyildir. Bu əsasa görə də onun xx.xx.2012-ci il tarixdə verilmiş və reyestrdə 2V-109 nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması üçün iddia tələbi ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ yoxdur. Məhkəmə onu da vurğulayır ki, iş materiallarından görünür ki, İddiaçı Abşeron rayonu Xırdalan şəhərində doğulmuş, hal-hazıra kimi də orada yaşayır. İddia ərizəsində də göstərilmişdir ki: “31 iyul 1998-ci ildə Balakən Rayon Aqrar İslahat Komissiyası tərəfindən iddiaçı həmin vaxt Xırdalan şəhərində olduğundan ayrılmış torpaq payı və həyətyanı torpaq sahəsi bibisi X6 adına rəsmiləşdirilmişdir”. Məhkəmə işdəki hallara tətbiq edilməli olan qanun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassızdır və təmin olunmamalıdır. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 nümayəndəsi - vəkili Nümayəndə2 İsa oğlunun iddia müddətinin tətbiq olunmasına dair ərizəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1- 354.2-ci maddələrinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Göründüyü kimi qanunda birmənalı qeyd edilmişdir ki, əqdin etibarsızlığı bir il ərzində irəli sürülə bilər. Bu tələb birbaşa qanunda göstərildiyindən kəsici müddətdir. Kəsici müddət isə elə bir müddətdir ki, hər hansı hüquq, o cümlədən tələb etmə hüququ yalnız həmin müddətlər daxilində mövcud olur. Həmin müddət bitdikdən sonra hüququn özü də aradan qalxır, yəni artıq belə bir hüquq mövcud olmur. İddia müddəti isə məhkəmədə iddia qaldırmaq üçün qanunda nəzərdə tutulmuş müddətdir. İddia müddətinin tətbiqi ilə iddianın rədd edilməsi üçün tərəflərin ərizəsinin olması vacib şərtdir (Mülki Məcəllənin 373, 375.1 və 375.2-ci maddələri). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qərara almışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsində müəyyən edilmiş müddətlər iradə ifadəsinin zədələnməsi hallarında əqdi mübahisələndirmək hüququnun həyata keçirilməsi ilə bağlı nəzərdə tutulmuş kəsici müddətlərdir; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır. İddiaçının nümayəndəsi-vəkili Nümayəndə1 Balakən rayon dövlət notariat kontoru tərəfindən X23 xx.xx.2012-ci il tarixdə verilmiş və reyestrdə 2V-109 nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən 2025-ci ildə məlumatlarının olduğunu bildirsə də işdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivi tərəfindən X12 etibarnamə üzrə nümayəndəsi X10 ünvanlanmış 24 oktyabr 2022-ci il tarixli 05/01-M-06/13 nömrəli məktubdan görünür ki, iddiaçının o vaxtdan, yəni 2022-ci ildən xx.xx.2012-ci il tarixli, reyestrdə 2V-109 nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən məlumatı olmuşdur. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Balakən Regional “ASAN Xidmət” mərkəzində Notariat Ofisinə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 18 saylı Zaqatala Ərazi idarəsinə və X13 qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. İddia təmin edilmədiyindən ödənilmiş 100 manat dövlət rüsumu xərci İddiaçı özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdeh Balakən Regional “ASAN Xidmət” mərkəzində Notariat Ofisinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. 100 manat dövlət rüsumu xərci iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirməklə Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən H.Q.Səlimov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar