Məhkəmə qərarları › İş №e-2(019)-147/2023

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-147/2023

02.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-147/2023 02.02.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Ərizəçi nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, JN 1829 KOD 40108018 nömrəli olan Torpağın Mülkiyyət Hüququna Dair Dövlət Aktının və JN 446A KOD 40108038 nömrəli X1 yox, ona- Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli 08 nömrəli qərarı ilə ona və digər ailə üzvlərinə Balakən rayonu Gərəkli kəndində yerləşən 0.59 ha kənd təsərrüfatı təyinatlı və 0.21 ha həyətyanı torpaq sahələri verilmişdir. Torpaq sahələrinə JN 1829, KOD 40108018 nömrəli Dövlət Aktı və JN 446A, KOD 40108038 nömrəli Şəhadətnamə verilmişdir. Həmin aktda və şəhadətnamədə onun soyad və ata adı qrafasında Ərizəçi sözləri əvəzinə Kərimova Mana sözləri yazılmışdır. Adlarında olan torpaq sahəsini sənədləşdirmək üçün Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət etmişlər. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX- nin 18 saylı Zaqatala Ərazi İdarəsinin 05 oktyabr 2022-ci il tarixli məktubuna əsasən çıxarış verilməkdən imtina edilmişdir. İmtinaya səbəb olaraq göstərilmişdir ki, dövlət aktında və şəhadətnamədə düzəlişlərin edilməsi Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX- nin 18 saylı Zaqatala Ərazi İdarəsinin səlahiyyətləri daxilində deyildir. Qeyd olunan uyğunsuzluğun aradan qaldırılmasına dair məhkəmə qərarı olduqdan sonra məsələyə baxılacaqdır. Hesab edir ki, həmin torpaq sahəsi onun və ailə üzvlərinin faktiki istifadəsindədir. Ona görə də hüquqmüəyyənedici sənədin ona məxsus olması faktının müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclaslarına təkrarən gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 və X3 ifadələrində göstərmişlər ki, JN 1829 KOD 40108018 nömrəli Torpağa Mülkiyyət Hüququna X23 və JN 446A KOD 40108038 nömrəli Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamədə göstərilən X13 ilə Ərizəçi eyni şəxsdir. X21 və Şəhadətnamədə Ərizəçi səhv olaraq soyadı Kərimova, adı Mana kimi göstərilmişdir. Həqiqətən də JN 1829 KOD 40108018 nömrəli Torpağa Mülkiyyət Hüququna X23 və JN 446A KOD 40108038 nömrəli Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamədə göstərilən X13 ilə Ərizəçi eyni şəxsdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən JN 1829 KOD 40108018 saylı Torpağa Mülkiyyət Hüququna X22 görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 30 iyun tarixli, 08 nömrəli qərarı ilə Balakən rayonu Mahamalar kəndində 0.59 ha kənd təsərrüfatı məhsulları istehsallı torpaq sahəsi X4, X10, X5 və X6 ümumi birgə mülkiyyətinə verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən JN-446A KOD-40108038 nömrəli Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamədən görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli, 08 nömrəli qərarı ilə X4, X10, X5 və X6 ümumi birgə mülkiyyətinə Balakən rayonu Mahamalar kəndi ərazisindən 0.21 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon Qullar kənd soveti tərəfindən verilmiş İİ-JQ seriyalı 421283 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx.xx.1974-ci il tarixdə anadan olmuş, atası X14, anası X11 yazılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən xxxxxxx nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəstiqəsindən görünür ki, ərizəçinin soyadı, adı və atasının adı Ərizəçidır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinin Ərizəçi ünvanladığı 05 oktyabr 2022-ci il tarixli **********90 nömrəli məktubunda göstərilir ki, ona və ailə üzvlərinə məxsus 0,21 ha həyətyanı torpaq sahəsinə JN-446A saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə və 0,59 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair JN-1829 saylı Dövlət Aktı sənədlərində mülkiyyətçilərin siyahısında düzəliş edərək soyadının və adının şəxsiyyət vəsiqəsinə uyğun qeyd edilərək dövlət reyestrindən çıxarışın verilməsinə köməklik göstərilməsi barədə xx.xx.2022-ci il tarixli ərizəyə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsində baxılmışdır. Ərizəsi ilə bağlı bildirilir ki, ərizəsində qeyd olunan məsələnin həlli 18 saylı Zaqatala Ərazi İdarəsinin səlahiyyətləri daxilində deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birlikləıin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı məhkəmə tərəfindən müəyyən edilir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 11.1 -ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1.1 -ci və 15.1.3-ci maddələrinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, habelə hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə daşınmaz əmlak üzərində hüquqlarının dövlət qeydiyyatından imtina olunur. Odur ki, qeyd olunan uyğunsuzluğun aradan qaldırılmasına dair qanuni qüvvəyə minmiş məhkəmə qərarı ərizəyə əlavə edilərək yenidən müraciət edildiyi təqdirdə məsələyə baxılacaqdır. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını və şahidlərin ifadələrini dinləyib, işdə olan sənədlərə baxaraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, JN 1829 KOD 40108018 saylı Torpağa Mülkiyyət Hüququna X25 ilə Balakən rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 30 iyun tarixli, 08 nömrəli qərarı əsasında Balakən rayonu Mahamalar kəndində 0.59 ha kənd təsərrüfatı məhsulları istehsallı torpaq sahəsi X4, X10, X5 və X6 ümumi birgə mülkiyyətinə verilmişdir. Həmçinin JN 446A KOD- 40108038 nömrəli Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamədə ilə Balakən rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli, 08 nömrəli qərarı əsasında X4, X10, X5 və X6 ümumi birgə mülkiyyətinə Balakən rayonu Mahamalar kəndi ərazisindən 0.21 ha həyətyanı torpaq sahəsi verilmişdir. Hüquqmüəyyənedici sənədlər olan JN 1829 KOD 40108018 saylı Torpağa Mülkiyyət Hüququna X23 və JN 446A KOD- 40108038 nömrəli Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamədə ərizəçinin soyadı, adı və atasının adı Ərizəçi əvəzinə səhvən X2 göstərilmişdir. Belə ki, şəxsiyyətini təsdiq edən Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində ərizəçinin soyadı, adı və atasının adı Ərizəçidır. Ərizəçi hüquqmüəyyənedici sənədlərdə göstərilən soyadı və adı ilə şəxsiyyətini təsdiq edən sənəddə göstərilən soyadı və adı arasında uyğunsuzluğun aradan qaldırılması, səhvlərin düzəldilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət etmiş, lakin həmin idarə tərəfindən bundan imtina edilərək, məhkəməyə müraciət etməsi təklif edilmişdir. Ona görə də ərizəçi hazırki tələblə məhkəməyə müraciət etmişdir. Ərizədə göstərilən faktın müəyyən edilməsi ərizəçiyə JN 1829 KOD 40108018 saylı Torpağa Mülkiyyət Hüququna X23 və JN 446A KOD-40108038 nömrəli Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamədə o cümlədən onun mülkiyyətinə verilmiş torpaq sahələrinə mülkiyyət hüquqlarını qeydə aldırmaq və həmin torpaq sahələri üzrə mülkiyyət hüquqlarını həyata keçirmək üçün lazımdır. Ərizəçi bu faktı təsdiq edən sənədləri başqa qaydada ala bilmir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 305.1 və 305.1.1-ci maddələrinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30 - 40-6-cı fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Azərbaycan Respublikası MPM-nin 306.4-cü maddəsinə əsasən xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər,pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Al Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il, 03 saylı Qərarın 6-cı bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsüməhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası Al Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il, 03 saylı Qərarın 6-cı bəndinin tələbləri nöqteyi-nəzərindən bu şərtlərin hamısı hazırki işdə mövcuddur. Belə ki, JN 1829 KOD 40108018 saylı Torpağa Mülkiyyət Hüququna X25 və JN 446A KOD-40108038 nömrəli Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə hüquqmüəyyənedici sənədlərdir, ərizəçinin həmin sənədlərdə göstərilən soyadı və adı onun şəxsiyyətini təsdiq edən sənəddəki soyadı və adı ilə düz gəlmir (üst-üstə düşmür), həmçinin məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, işin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, JN 1829 KOD 40108018 nömrəli Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktının və JN 446A KOD 40108038 nömrəli Torpağın Mülkiyyətə Verilməsinə Dair X1 yox, Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallada iddia tələblərindən kənara çıxa bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ət etdi : Ərizə təmin edilsin. JN 1829 KOD 40108018 nömrəli Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktının və JN 446A KOD 40108038 nömrəli Torpağın Mülkiyyətə Verilməsinə Dair X1 yox, Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar