Məhkəmə qərarları › İş №e-2(019)-174/2025

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-174/2025

18.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-174/2025 18.03.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Balakən rayonu Qazma kəndində yaşayan xx.xx.1965-ci il təvəllüdlü Cavabdeh sayğac göstəricisinə əsasən aparılmış hesabata görə 421.84 manat və itirilmiş qazın bərpası üçün aparılmış hesabata görə 708.48 manat, cəmi 1130.32 manat əsas borcun, əvvəlcədən ödənilmiş 31.31 manat dövlət rüsumunun, ümumilikdə isə 1161.63 manat borcun (pulun) tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, SOCAR İddiaçı İB-nin Zaqatala Regional qaz istismarı İdarəsinin Balakən xidmət sahəsində istehlakçı kimi qeydiyyatda olan Balakən rayonu Qazma kəndində Cavabdeh məxsus mənzilində alqı-satqı müqaviləsi əsasında təbii qazdan istifadə edilir. İstehlakçıya məxsus mənzildə uzun müddət təbii qazdan istifadə edilsə də qaz hesabında yaranmış borc tam şəkildə ödənilməmişdir. Cavabdeh **********05870 saylı qaz hesabında ödənilməmiş 1130.32 manat borc vardır və hazırda məcburi qaydada ödənişinin təmin edilməsi üçün məhkəməyə müraciət edilir. Tələb olunan borcun 421.84 manat hissəsi sayğac göstəricisinə və 708.48 manat hissəsi isə təbii qazdan qeyri qanuni istifadə edilməsi ilə bağlı aparılmış hesabata əsasən yaranmışdır. görə aparılmış hesabata əsasən yaranmışdır. 1) Sayğac göstəricisinə əsasən aparılmış hesabata görə yaranmış borc: İddia tələbində göstərilən sayğac göstəricisinə əsasən aparılmış hesabata görə yaranmış 421.84 manat həcmindəki borc Cavabdeh yaşadığı ünvanda hazırda istismarda olan G4T markalı ******* nömrəli sayğacın 7845 m göstəricisi ilə müəyyən edilmişdir. İddiaçı tərəf borcun ödənilməsi ilə bağlı cavabdehə müraciətlər etsə də, cavabdeh borcun ödənilməsini təmin etmədiyindən hazırkı mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. 2) Dəymiş ziyan ilə bağlı aparılmış hesabata görə yaranmış borc: İddia tələbində göstərilən qeyri qanuni qazdan istifadəyə əsasən aparılmış hesabata görə 708.48 manat həcmindəki borc Cavabdeh yaşadığı Balakən rayonu Qazma kəndində yerləşən mənzilində istismarda olmuş qaz sayğacından kənar qeyri-qanuni qoşulma vasitəsilə təbii qazdan istifadə nəticəsində müəyyən edilmişdir. Belə ki, İddiaçı İB-nin Zaqatala RQİİ-nin nümayəndələrinin apardığı xidməti yoxlama zamanı xx.xx.2023-cü il tarixdə Cavabdeh yaşadığı fərdi yaşayış evində keçirilən baxış zamanı mənzildə sayğacın şəbəkədən açıldığı və qeyri-qanuni olaraq kənar qoşulma vasitəsilə təbii qazdan istifadə olunduğu aşkarlanmışdır. Aşkarlanan qeyri-qanuni olaraq sayğacdan kənar qoşulma üzrə video və foto çəkiliş aparılmışdır. Keçirilmiş baxış zamanı aşkarlanan sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadəyə görə təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* saylı akt tərtib edilmiş və qaz cihazlarının inventarizasiyası aparılmışdır. Qaz sayğacının nominal saatlıq qaz sərfinin 4 m3/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 123 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün aparılmış hesabata əsasən Zaqatala RQİİ-nin xx.xx.2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsi” ilə 5904 m3 (və ya 708.48 manat) həcmində dəymiş ziyan müəyyən edilmişdir. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək, işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.1 və 185.4-cü maddələrinə əsaslanaraq, hazırki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında Cavabdeh izahatında göstərmişdir ki, onun qaz hesabında ödənilməmiş borc əri vəfat edən zaman dəfn mərasimində qaz çox işləndiyi üçün yaranmış və maddi imkanı ilə bağlı tam olaraq ödəyə bilməmişdir. Hal-hazırda evə gələn qazın bağlı olduğunu, özünün heç bir yerdə işləmədiyi üçün borcu tam olaraq ödəyə bilmədiyini, az-az ödəniş edə biləcəyini bildirmişdir. İş materiallarında olan 09 noyabr 2024-cü il tarixli, AK-02232/10-24 nömrəli qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsinin surətindən görünür ki, paylayıcı müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. **********05870 saylı 23 noyabr 2024-cü il tarixli abonent saldosundan görünür ki, Cavabdeh abonent saldosunda onun 1130,32 manat qaz borcunun olduğu göstərilmişdir. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktda göstərilir ki, **********05870 saylı abonent sayğacdan kənar qanunsuz şəkildə rezin boru vasitəsilə qazdan istifadə etmişdir. xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə üzrə qərardan görünür ki, xx.xx.2023-cü il tarixli, ******* №-li akt üzrə 5904 m3 sayğacdan kənar təbii qaz sərfiyyatı hesablanmışdır. xx.xx.2023-cü il tarixli 29 saylı Təbii qaz təchizatının dayandırılması haqqında aktdan görünür ki, yaranmış borcla əlaqədar təbii qazın təchizatı sayğac açılmadan qaynaq vasitəsilə dayandırılmışdır. Balakən regional “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsi tərərfindən verilmiş AZ-İİ seriyalı 252096 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X1 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Məhkəmə, cavabdehin izahatını dinləyib, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. “Qaz təchizatı haqqında” Qanunun 11.6-cı maddəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 22-ci maddəsinə əsasən bu Qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikası Mülki Məcəlləsində, Azərbaycan Respublikasın İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulmuş məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2-ci bəndinə əsasən bu Qaydaların 5.4cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Həmin Qaydaların 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin Qaydaların 6.5-ci bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarına əlavə edilmiş sənədlərdən aydın olur ki, İddiaçı cavabdehi təbii qazla təmin etdiyi halda, cavabdeh sayğacın göstəricisinə əsasən hesablanmış 421.84 manat qazın dəyərini ödəməmişdir. Bununla da iddiaçı qaz sayğacının göstəricisinə əsasən hesablanmış qazın dəyərini cavabdehdən tələb etməkdə haqlıdır. Həmçinin iddiada qeyd olunur ki, xidməti yoxlama zamanı Cavabdeh yaşadığı fərdi yaşayış evinə keçirilən baxış zamanı mənzildə sayğacın şəbəkədən açıldığı və qeyriqanuni olaraq kənar qoşulma vasitəsilə təbii qazdan istifadə olunduğu aşkarlanmış, faktla bağlı qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* saylı akt tərtib edilmiş, itirilmiş qazın bərpası üçün hesabat aparılmış, itirilmiş qazın miqdarı isə 5904 m3 həcmində müəyyən edilərək ziyanın əvəzinin ödənilməsi tələb olunmuşdur. Lakin işdəki sübutlarla Cavabdeh tərəfindən yaşadığı fərdi yaşayış evində qeyri-qanuni kənar qoşulma və İddiaçınə 708.48 manat məbləğində maddi ziyan vurması müəyyən olunmamış və iddiaçı 708.48 manat iddia tələbinin əsaslılığı ilə bağlı hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. İstehlakçının qazın talanmasında təqsirli olması müəyyən edilmədiyindən iddiaçı olan qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb edə bilməz. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 421.84 manat əsas borc, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 11.68 manat dövlət rüsumu, ümumilikdə 433.52 manat tutularaq İddiaçı xeyrinə ödənilməli, iddia qalan hissədə təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222.2 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh qaz sayğacının göstəricisinə əsasən hesablanmış 421.84 manat əsas borc və 11.68 manat dövlət rüsumu, ümumilikdə 433.52 manat tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Arifə Cəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar