Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-216/2025 03.03.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı borc pul tələbinə dair mülki işə Balakən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı kiçik mübahisələr üzrə iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh onun "xxxx" MMC-yə ödənilməmiş 626 (altı yüz iyirmi altı) manat əsas borc, 61 (altmış bir) manat dəbbə pulu və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu məbləğinin, cəmi 717 (yeddi yüz on yeddi) manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin 06 yanvar 2025-ci il tarixli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixində ******* nömrəli nisyə alqı-satqı müqaviləsi və həmin müqavilənin tərkib hissəsi olan 1 saylı əlavə imzalanmışdır. Alqı-satqı müqaviləsinin şərtlərinə əsasən, Cavabdeh ümumi dəyəri 1416 manat olan 1 ədəd mal almışdır və alınan malın dəyərini hissə-hissə ödəmək şərti ilə 12 ay ərzində tam ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda, müqavilənin 5.4-cü bəndinə əsasən Alıcı müqavilə ödənişlərini vaxtında ödəmədikdə Satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 1,00% faizi miqdarında dəbbə pulu ödəməlidir. Hazırda cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyi üçün şirkət qarşısında gecikmiş borcu yaranmışdır. Cavabdehin "xxxx" MMC-nə xx.xx.2024-cü il tarixə olan əsas borcu 626 manat, cərimə (dəbbə pulu) borcu isə 61 manat təşkil edir. Mübahisənin məhkəmədənkənar qaydada həlli məqsədilə, iddiaçıya pretenziya məktubu göndərilmiş, lakin təyin edilən müddətdə cavabdeh öhdəliyini icra etməmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, İddiaçı məhkəməyə ərizə göndərərək hazırda mıəhkəmə işlərinin say çoxluğunun nəzərə alınmasını və bütün məhkəmə iclaslarını iddiaçının nümayəndəsinini iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.1 və 185.4-cü maddələrinə əsasən iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2021-ci il tarixli ******* nömrəli nisyə alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən 1266 manat dəyərində bir “ARÇELİK” markalı kondisioner nisyə satılmışdır. İşdə olan xx.xx.2024-cü il tarixli maliyyə arayışında göstərilmişdir ki, "xxxx" MMC ilə Cavabdeh arasında imzalanmış xx.xx.2021-ci il tarixli, ******* nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən Cavabdeh xx.xx.2024-cü il tarixə 626 (altı yüz iyirmi altı ) manat əsas borc, 61 (altmış) manat cərimə borcu olmaqla,cəmi 687 (altı yüz səksən yeddi) manat borcu vardır. Borc müqaviləsi üzrə hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Sadalanan hüquq normalarının tələblərini, işin hallarını nəzərə alan məhkəmə bu nəticəyə gəlir ki, iddia tələbi əsas borca aid hissədə əsaslıdır. Bununla yanaşı məhkəmə bu nəticəyə gəlir ki, penya borcu yüksək göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək penya pulunu azalda bilər. Məhkəmə kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq hesab edir ki, penyanın miqdarı tənasübsüz dərəcədə yüksək hesablandığından azaldılaraq 05 manat həcmində müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 626 manat əsas borc, 05 manat cərimə olmaqla, cəmi 631 manat borc və dövlət rüsumu olaraq ödənilmiş 30 manatın 27,60 manatı alınıb iddiaçı "xxxx" Məhdud Məsuliyətli Cəmiyyətin xeyrinə ödənməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 222-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 626 manat əsas borc, 05 manat cərimə olmaqla, cəmi 631 manat borc və ödənmiş dövlət rüsumuna görə 27,60 manat alınıb iddiaçı "xxxx" Məhdud Məsuliyətli Cəmiyyətin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirməklə Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Hümbət Səlimov
Məhkəmə qərarları › İş №e-2(019)-216/2025
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-216/2025
03.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver