Məhkəmə qərarları › İş №e-2(019)-231/2023

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-231/2023

06.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-231/2023 06.01.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Səlimov Hümbət Qamuna oğlu, iddiaçı "xxxx" Məhdud Məsuliyətli Cəmiyyətinin Cavabdeh qarşı borc tələbi barədə kiçik iddialara dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i m: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh onun "xxxx" MMC-yə ödənilməmiş 307 (üç yüz yeddi) manat əsas borc, dəbbə pulu 28 (iyirmi səkkiz) manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu məbləğini, cəmi 365 (üç yüz altmış beş) manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixində ******* №-li nisyə alqı-satqı müqaviləsi və həmin müqavilənin tərkib hissəsi olan 1 saylı əlavə imzalanmışdır. Alqı-satqı müqaviləsinə əsasən Cavabdeh ümumi dəyəri 588 (beş yüz səksən səkkiz) manat olan bir ədəd mal almışdır. Müqavilə bağlanıldıqdan sonra ümumi borcdan bir sıra ödənişlər aparılmışdır. Müqavilənin şərtlərinə əsasən cavabdeh 12 (on iki) ay ərzində ödəmək şərtilə alınan malın dəyərini tam ödəməyi öhdəsinə götürmüşdür .Ancaq o, bəzi ödənişləri etdikdən sonra qalıq məbləğdən heç bir ödəniş etməmişdir. Cavabdehin cəmiyyətə xx.xx.2022-ci il tarixədək olan əsas borcu 307 (üç yüz yeddi) manat təşkil edir. Müqavilənin 5.4-cü bəndinə əsasən Alıcı müqavilə ödənişlərini vaxtında ödəmədikdə Satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 1,00% faizi miqdarında dəbbə pulu ödəməlidir. xx.xx.2022-ci il tarixinə cərimə (dəbbə pulu) 28 (iyirmi səkkiz) manat təşkil edir. Mübahisənin məhkəmədənkənar qaydada həlli məqsədilə, iddiaçıya pretenziya məktubu göndərilmiş, lakin təyin edilən müddətdə cavabdeh öhdəliyini icra etməmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, ərizə 12 dekabr 2022-ci il tarixdə məhkəməyə daxil olmuş və 13 dekabr 2022-ci il tarixdə Cavabdeh iddia ərizəsi və mülki prosessual hüquq və vəzifələri barədə rəsmi qaydada bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. İş materiallarında olan “Poçt göndərişinin verilməsi haqqında” xəbərnamədən görünür ki, Cavabdeh 14 dekabr 2022-ci il tarixində məhkəmə bildirişini qəbul etmiş, lakin həmin tarixdən 10 (on) iş günü müddət keçməsinə baxmayaraq iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Məhkəmə, Cavabdeh prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu, qarşılıqlı iddia verilməməsini, üçüncü şəxsin işə daxil olması barədə vəsatəti olmamasını, tərəflərin təqdim etdiyi sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etməsini, iş üzrə əlavə araşdırmanın, o cümlədən sübutların yerində müayinəsi, tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti olmamasını nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməsinə zərurət yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2021-ci il tarixli ******* nömrəli nisyə alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən 588 manat dəyərində bir ədəd X1 9 S 6GB/128 GB Glacier W markalı telefon nisyə satılmışdır. İşdə olan xx.xx.2022-ci il tarixli maliyyə arayışında göstərilmişdir ki, "xxxx" MMC ilə Cavabdeh arasında imzalanmış xx.xx.2021-ci il tarixli, ******* nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən Cavabdeh xx.xx.2022-ci il tarixədək 307 (üç yüz yeddi) manat əsas borc,28 (iyirmi səkkiz) manat cərimə borcu olmaqla,cəmi 335 (üç yüz otuz beş) manat borcu vardır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, işin araşdırılan hallarından müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixində bağlanmış ******* №-li nisyə alqı-satqı müqaviləsinə əsasən Cavabdeh iddiaçı "xxxx"MMC-dən ümumi dəyəri 588 (beş yüz səksən səkkiz) manat olan bir ədəd X1 9 S 6GB/128 GB Glacier W markalı telefonu nisyə almışdır. Müqavilə bağlanıldıqdan sonra ümumi borcdan bir sıra ödənişlər aparılmışdır. Müqavilənin şərtlərinə əsasən cavabdeh 12 (on iki) ay ərzində malın dəyərini tam ödəməyi öhdəsinə götürmüşdür. Ancaq bəzi ödənişləri etdikdən sonra qalıq məbləğdən heç bir ödəniş etməmişdir.Cavabdehin cəmiyyətə xx.xx.2022-ci il tarixədək olan əsas borcu 307 (üç yüz yeddi) manat təşkil edir. Cavabdehə 07 dekabr 2022-ci il tarixinə 28 (iyirmi səkkiz) manat cərimə (dəbbə pulu) hesablanmışdır. Borc ödənilmədiyindən iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Borc müqaviləsi üzrə hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Sadalanan hüquq normalarının tələblərini, işin hallarını nəzərə alan məhkəmə bu nəticəyə gəlir ki, iddia tələbi əsas borca aid hissədə əsaslıdır. Bununla yanaşı məhkəmə bu nəticəyə gəlir ki, penya borcu yüksək göstərilmişdir. Belə ki, 307 manat əsas borc olduğu halda,28 manat məbləğində penya hesablanması tənasübsüz dərəcədə yüksək hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək penya pulunu azalda bilər. Məhkəmə kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq hesab edir ki, penyanın miqdarı tənasübsüz dərəcədə yüksək hesablandığından azaldılaraq 02 manat həcmində müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən məhkəmə xərcləri məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 307 manat əsas borc, 02 manat cərimə borcu olmaqla cəmi 309 manat borc və dövlət rüsumu olaraq ödənilmiş 30 manatın 27,60 manatı alınıb iddiaçı "xxxx" Məhdud Məsuliyətli Cəmiyyətin xeyrinə ödənməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 222-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 307 manat əsas borc, 02 manat cərimə borcu olmaqla cəmi 309 manat borc və dövlət rüsumu olaraq ödənilmiş 30 manatın 27.60 manatı alınıb iddiaçı "xxxx" Məhdud Məsuliyətli Cəmiyyətin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar