Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-256/2023 29.03.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi,məhkəmə iclas katibi X3 katibliyi,İddiaçı, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli surməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı alqısatqı müqaviləsinin etibarlı hesab olunması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh3,Cavabdeh2,Cavabdeh1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli surməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək cavabdehlərin mülkiyyətinə verilmiş Balakən rayonu Yeni Şərif kəndində çöl sahəsində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün verilmiş JN 153 KOD 40100028 olan Dövlət Aktında 153 planşet nömrəsində göstərilmiş 2.40 ha torpaq sahəsinin cavabdehlərlə iddiaçı arasında bağlanmış 05 oktyabr 2009-cu il tarixli alqı-satqı müqaviləsinin etibarlı hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək göstərdi ki, o, Balakən rayonunun Yeni Şərif kəndində yaşayır.Cavabdehlər həmkəndliləridir. X4 və onun ailə üzvlərinə Balakən rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 09 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün 2.81 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir.Həmin torpaq sahəsinə JN 153 KOD 40100028 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı verilmişdir.Cavabdehlər çöl sahəsində yerləşən onlara verilmiş 2.40 ha torpaq sahəsini istifadə edə bilmədiyinə və təcili pula ehtiyacları olduğuna görə satmaq istədiklərini bildirmişlər. 05 oktyabr 2009-cu ildə X1, X6, Cavabdeh3, X2, Cavabdeh2, Cavabdeh1 və digər kənd sakinlərinin iştirakları ilə Balakən rayonu Yeni Şərif kənd İnzibati Ərazi Dairəsində akt tərtib edərək cavabdehlərə məxsus olan 2.40 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün verilmiş torpaq sahəsini ona satmalarına dair AKT tərtib edilmiş və orada iştirak edənlər həmin sənədə imza etmişlər. Torpağın müqabilində onlara 1600 AZN verməklə həmin torpağı onlardan almışdır. Bundan sonra onlar torpaq sahəsini ona təhvil vermişlər. Onlar bildirmişlər ki, hazırda sənədləri qaydasında deyil, sənədlər tam hazır olandan sonra alqı-satqını notarial qaydada rəsmiləşdirəcəklər. Onlara inandığına görə razılaşmışdır. Tərəflər həmin torpaq sahəsinin alqı-satqı müqaviləsini notariat kontorunda təsdiq etdirmək üçün müvafiq sənədlər hazırlandıqdan sonra alqı-satqı müqaviləsini təsdiq etdirəcəkləri barədə razılıq əldə etmişlər.O,vaxtdan da həmin torpaq sahəsi onun istifadəsindədir,o,torpağı yaxşılaşdırmışdır. O, dəfələrlə cavabdehlərə daşınmaz əmlakın notarial qaydada rəsmiləşdirilməsi üçün müraciət etsədə, onlar notariat kontoruna gəlməyəcəklərini bildirmişlər. 2022-ci ilin noyabr ayından isə cavabdehlər 2.40 ha torpaq sahəsini geri tələb etdiklərini bildirmişlər. Bundan sonra cavabdehlərlə onun arasında mübahisə yaranmışdır. Həmin torpaq sahəsinə görə cavabdehlərlə onun arasında alqı-satqı olmuşdur,həmin alqısatqı etibarlı hesab edilməlidir. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, məhkəməyə gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.6-cı maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehlər Cavabdeh3,Cavabdeh2 və Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddianı etiraf etməyərək göstərdi ki,Balakən rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 09 nömrəli qərarı ilə cavabdehlər Cavabdeh3,Cavabdeh2,Cavabdeh1 və digərlərinin ümumi birgə mülkiyyətinə Balakən rayonu Yeni Şərif kəndi ərazisindən 2.81 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi hal-hazırda da həmin şəxslərin öz mülkiyyətlərindədir. İddiaçı ilə bu şəxslər arasında torpaq sahəsinin alqı-satqısı ilə bağlı heç bir qanuna uyğun müqavilə bağlanmamışdır. Torpaq sahəsinin alqı-satqısı yalnız notariat qaydasında bağlanmış müqavilə əsasında ola bilər. Tərəflər arasında isə notariat qaydasında bağlanmış müqavilə yoxdur. Ona görə də iddia tələbi əsassız və qanunsuzdur. İddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli surməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 05 oktyabr 2009-cu il tarixli tərtib edilmiş aktda göstərilmişdir ki,X7,X10, Cavabdeh3, X8, Cavabdeh2, Cavabdeh1 özlərinə məxsus 2.40 ha pay torpaq sahəsini Yeni Şərif kənd sakini İddiaçı orğluna ömürlük 1600 (bir min altı yüz) manata AZN-ə satmışdır.Maddi vəziyyəti yaxşı olduqda alqı-satqı müqaviləsinin dövlət notariat qaydasında rəsmiləşdirilməsini məsləhət bilirik. İşdə olan və məhkəmə iclasında tədqiq edilən JN-153 seriyalı KOD 40100028Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki,Balakən rayon Aqrar İslahat Komissiyasının 31 iyul 1998-ci il tarixli 09 nömrəli qərarı ilə X4, X9, Cavabdeh3, X5, Cavabdeh2,Cavabdeh1 Balakən rayonu Yeni Şərif kəndi ərazisindən 2.81 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi verilmişdir. Məhkəmə iddiaçının və cavabdehlərin nümayəndəsi və vəkilinin izahatını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Balakən Rayon Aqrar İslahat Komissiyasının 31 iyul 1998-ci il tarixli 09 nömrəli qərarı ilə X7 , X10 , Cavabdeh3 , X8 , Cavabdeh2 və Cavabdeh1 ümumi birgə mülkiyyətinə Balakən rayonu Yeni Şərif kəndi ərazisindən 2.81 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi verilmişdir.05 oktyabr 2009-cu il tarixdə X7, X10, Cavabdeh3, X8, Cavabdeh2, Cavabdeh1 özlərinə məxsus 2.40 ha pay torpaq sahəsini İddiaçı ömürlük 1600 (bir min altı yüz) manata satmaları barədə akt tərtib etmişlər və torpaq sahəsi İddiaçı istifadəsinə verilmişdir. Lakin tərəflər arasında torpaq sahəsinin alqı-satqısı ilə bağlı notariat qaydasında alqı-satqı müqaviləsi bağlanmamışdır. Hazırda torpaq mülkiyyətçiləri torpaq sahəsini geri tələb edirlər. Odur ki, İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Marks Belçikaya qarşı” xx.xx.1979-cu il tarixli işində qeyd etmişdir ki, hər bir şəxsin öz əmlakından maneəsiz istifadə etmək hüququnu tanıyan 1-ci maddə, mənasına görə mülkiyyət hüququnun qarantiyası rolunu oynayır. Ona görə ki, öz mülkiyyəti üzərində sərəncam vermək hüququ mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu tanıyır və həmin hüquqa təminat verir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 1və 2-ci hissələrinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 139.1və 139.3-cü maddələrinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, mübahisə predmeti olan torpaq sahəsinin hal-hazıra kimi Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 və digərlərinin ümumi birgə mülkiyyətində olmasını, maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli surməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin etibarlı hesab olunması tələbinə dair iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edilmədiyindən 100 manat dövlət rüsumu xərci İddiaçı özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddəsini rəhbər tutaraq, məhkəmə qətetdi İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli surməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı alqısatqı müqaviləsinin etibarlı hesab olunması tələbinə dair iddia tələbi əsassız olduğundan təmin edilməsin. 100 manat dövlət rüsumu xərci İddiaçı özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №e-2(019)-256/2023
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-256/2023
29.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver