Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-376/2025 01.07.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, ərizəçi Balakən Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi X4 və Maraqlı şəxs1 iştirakları ilə Ərizəçi Balakən Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayə Komissiyasının şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Balakən Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayə Komissiyası ərizə ilə müraciət edərək Balakən rayon Yeni Şərif kəndində yaşayan 11 may 1965-ci il tarixdə doğulmuş X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Balakən rayonunun Yeni Şərif kəndində yaşayan, 11 may 1965-ci il tarixdə doğulmuş X5 “Ağır dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu F72.1” diaqnozu ilə xəstədir. O, Balakən rayon Mərkəzi Xəstəxanasının psixiatriya kabinetində qeydiyyatdadır. Xəstəliyi ilə bağlı ona təqaüd təyin edilib, 1-ci qrup anadangəlmə əlildir. Xəstəliyi ilə əlaqədar olaraq Ramazan Nurtanayev öz hərəkətlərinin mənasını anlaya və idarə edə bilmir. Ramazan Nurtanayevə uzun müddətdir ki, bacısı oğlu Maraqlı şəxs1 baxır və qulluq göstərir, onlar eyni təsərrüfatda yaşayırlar. Ramazanın müntəzəm olaraq kənar şəxsin qulluğuna ehtiyacı var. Nurtanayev Ramazanın təqaüd kartının alınması və dövlət tərəfindən əlillər üçün müəyyən edilmiş digər imtiyazlardan istifadə edilməsi üçün müvafiq təşkilatlara müraciət olunur. Lakin o xəstə olduğundan sənədləri imzalamaq iqtidarında deyil. Ramazanın əvəzinə lazımi sənədlərin imzalanması səlahiyyəti başqa şəxsə verilmir. Buna görə də onun fəaliyyət qabiliyyətinin olmaması barədə qərar qəbul olunmalı və ona qəyyum təyin olunmalıdır. Ramazan Nurtanayevin sağ qalan yaxın qohumu yoxdur. Buna görə də şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə Məhkəməyə müraciət etməli olmuşlar. Məhkəmə iclasında ərizəçi Balakən Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi X6 ərizəsini müdafiə edərək, təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs1 izahatında bildirmişdir ki, dayısı Nurtanayev Ramazan onunla yaşayır, ona özü baxır. Xəstə olduğundan məhkəmə iclasında iştirak etməsi mümkün olmamışdır. Qeyd edilənləri nəzərə alaraq ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X10 X9 Şöbəsinin xx.xx.2025-ci il tarixli 218 nömrəli rəyində göstərilmişdir ki, Yoxlanılan şəxs X2 “ağır dərəcəli əqli gerilik (imbesillik dərəcəsində), davranış pozuntuları ilə“ (F 72.1) aşkar olunur. Bunu anamnestik məlumatlar (erkən psixofiziki inkişafının həmyaşıdlarından geri qalması , oxumaq və yazmaq vərdişləri əldə etməməsi, Balakən RMX-nın psixiatriya kabinetində əqli geriliyi ilə əlaqədar qeydiyyata götürülməsi), həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər (zahirən narahat və gərgin olması, nitqinin olmaması, öz vəziyyətinə qarşı tənqidi münasibətinin olmaması və sair) sübut edir.11 may 1965-ci il tarixdə doğulmuş X2 Ağır dərəcəli əqli gerilik (imbesillik dərəcəsində), davranış pozuntuları ilə psixi xəstəliyi müəyyən edilir. R.N.Nurtanayev psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını başa düşmək və öz hərəkətlərini şüurlu idarə etmək iqtidarında deyildir. Yoxlanılan şəxs X3 fəaliyyət qabilliyyəti olmayan şəxs hesab etməyə əsaslar vardır. Məhkəmə ərizəçini və maraqlı şəxsi dinləyib, işdə olan sənədlərə baxaraq hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 28.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi pozuntunun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi pozuntusu haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəməpsixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər. 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, 11 may 1965-ci il tarixdə doğulmuş X2 “Ağır dərəcəli əqli gerilik (imbesillik dərəcəsində) davranış pozuntusu F72.1” psixi xəstəliyi aşkar edilmişdir. Xəstəliyi ilə əlaqədar olaraq X5 öz hərəkətlərinin mənasını anlaya və idarə edə bilmir. Onun xəstəliyi, yəni psixi pozuntuları ilə əlaqədar olaraq qəyyum təyin olunması zərurəti yaranmışdır. Ona görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X10 X9 Şöbəsinin rəyinə əsasən X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 11 may 1965-ci il tarixdə doğulmuş X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. 11 may 1965-ci il tarixdə doğulmuş Balakən rayonu Yeni Şərif kəndində yaşayan X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Arifə Cəfərova
Məhkəmə qərarları › İş №e-2(019)-376/2025
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-376/2025
01.07.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver