Məhkəmə qərarları › İş №e-2(019)-422/2023

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-422/2023

17.03.2023 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-422/2023 17.03.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2022-ci il tarixdə Ərizəçi ilə Maraqlı şəxs İsrafil qızı arasında mediasiyada bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, onunla əsaslandırmışdır ki, Balakən Rayon Məhkəməsinin 2(019)-68/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən Maraqlı şəxs İsrafil qızı ilə aralarında bağlanmış nikah pozulmuşdur. Birgə nikah dövründə 09 avqust 2019-cu il tarixdə anadan olmuş azyaşlı övladları X2 anasının himayəsindədir. Maraqlı şəxs İsrafil qızı övladı ilə ünsiyyət hüququna maneə törətdiyi üçün mediasiyaya müraciət etmişdir. xx.xx.2022-ci il tarixdə aralarında barışıq sazişi bağlanmışdır. Mediasiyada aralarında bağlanmış barışıq sazişinin şərtlərinə əsasən uşaqla ünsiyyətə hər həftənin bazar günü saat 10:00-dan 18:00-dək olmağına qərar qəbul edilmişdir. Aralarında barışıq sazişinin bağlanmasına baxmayaraq Maraqlı şəxs İsrafil qızı barışıq sazişinin şərtlərini icra etmir, uşaqla görüş hüququna maneə törədir. Uşağı ona göstərmir. Bunun üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Barışıq sazişi könüllü şəkildə icra olunmadığı üçün məhkəməyə müraciət edir. İddiasının təmin olunmasını xahiş edir. Maraqlı şəxslər Maraqlı şəxs İsrafil qızı və mediator X1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5 və 355-25.2-ci maddələrinə uyğun olaraq işə maraqlı şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Azərbaycan Respublikası MPM-nin 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Katex kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 02 sentyabr 2019-cu il tarixdə verilmiş AZ-İV 336461 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X2 xx.xx.2019-cu il tarixdə anadan olmuş, atası Ərizəçi, anası Maraqlı şəxs İsrafil qızı qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2 (019)-68/2023 nömrəli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, iddiaçı Ərizəçi ilə cavabdeh Maraqlı şəxs İsrafil qızı arasında bağlanmış 02 aprel 2018-ci il tarixdə Balakən Rayon İcra Hakimiyyəti Katex kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 12 nömrə ilə qeydə alınmış nikah pozulmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli barışıq sazişindən görünür ki, Ərizəçi ilə Maraqlı şəxs İsrafil qızı arasında mediasiyada uşaqla ünsiyyət predmetinə dair barışıqı sazişi bağlanmış və tərəflər mediasiya sessiyası zamanı Ərizəçi uşaqla ünsiyyətinə razılaşaraq hər həftənin bazar günü saat 10-00-dan 18-00 olmağına qərar vermişlər. İş materiallarından həmçinin görünür ki, xx.xx.2022-ci il tarixli qəbzlə Ərizəçi tərəfindən hazırki ərizə ilə bağlı 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, işdə olan sənədlərə baxaraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Ərizəçi ilə Maraqlı şəxs İsrafil qızı arasında nikah 02 aprel 2018-ci il tarixdə qeydə alınmış, tərəflərin birgə nikahından xx.xx.2019-cu il tarixdə X2 adlı uşağı anadan olmuşdur. Balakən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(019)-68/2023 nömrəli qətnaməsilə iddiaçı Ərizəçi ilə cavabdeh Maraqlı şəxs İsrafil qızı arasında bağlanmış 02 aprel 2018-ci il tarixdə Balakən Rayon İcra Hakimiyyəti Katex kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 12 nömrə ilə qeydə alınmış nikah pozulmuşdur. Tərəflərin birgə nikahından 09 avqust 2019-cu il tarixdə anadan olmuş azyaşlı X2 anasının himayəsindədir. Tərəflər arasında mediasiya prosesi zamanı xx.xx.2022-ci il tarixli barışıq sazişi bağlanmış və tərəflər mediasiya sessiyası zamanı Ərizəçi uşaqla ünsiyyətinə razılaşaraq hər həftənin bazar günü saat 10-00-dan 18-00 olmağına qərar vermişlər. Aralarında barışıq sazişinin bağlanmasına baxmayaraq Maraqlı şəxs İsrafil qızı barışıq sazişinin şərtlərini icra etmir, Ərizəçi uşaqla görüş hüququna maneə törədir, uşağı ona göstərmir. Ona görə də ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmçinin ərizəçi 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında həmçinin müəyyən olunmuşdur ki, hazırki xx.xx.2022-ci il tarixli barışıq sazişinin təsdiq olunmasından imtina olunması üçün Azərbaycan Respublikası MPM-nin 355-26-cı maddəsində nəzərdə tutulmuş əsaslar yoxdur. Belə ki, həmin barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd deyil, bu barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanmamışdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33.1-ci maddəsinə əsasən barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində aşağıdakı məlumatlar göstərilir: 33.1.1. müqavilənin tarixi və tərtib olunduğu yer; 33.1.2. tərəflər haqqında məlumat; 33.1.3. mübahisənin predmeti; 33.1.4. mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar; 33.1.5. mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri; 33.1.6. barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri; 33.1.7. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq başqa şərtlər. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-34.5-ci maddələrinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Azərbaycan Respublikası MPM-nin 52.3 maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Azərbaycan Respublikası MPM-nin 305.1.17-ci maddəsinə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmən xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 355-23.1-ci maddəsinə əsasən "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası MPM-nin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə,barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Azərbaycan Respublikası MPM-nin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Azərbaycan Respublikası MPM-nin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmş halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Azərbaycan Respublikası MPM-nin 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Azərbaycan Respublikası MPM-nin 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizələrinin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iş materiallarına əsasən Azərbaycan Respublikası MPM-nin 355-26-cı maddəsində sadalanmış hallar müəyyən olunmadığından ərizə təmin edilməli, xx.xx.2022-ci il tarixdə Ərizəçi ilə Maraqlı şəxs İsrafil qızı arasında mediasiyada bağlanmış barışıq sazişi təsdiq edilməlidir. Həmçinin ərizə təmin edildiyi üçün Maraqlı şəxs İsrafil qızından 100 manat dövlət rüsumu alınaraq Ərizəçi ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 355-23-355-25 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. xx.xx.2022-ci il tarixdə Ərizəçi ilə Maraqlı şəxs İsrafil qızı arasında mediasiyada bağlanmış barışıq sazişi təsdiq edilsin. Maraqlı şəxs İsrafil qızından 100 manat dövlət rüsumu alınaraq Ərizəçi ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar