Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-450/2024 01.07.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi ilə, İddiaçı “X5 Olmayan Kredit Təşkilatı” MMC-nin Cavabdeh qarşı pul tələbinə dair ilk və Cavabdeh pul tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı “X5 Olmayan Kredit Təşkilatı” MMC Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək sadələşdirilmiş icraat qaydasında işə baxaraq Cavabdeh xx.xx.2021-ci tarixli, BLLK01442 №-li müqavilə üzrə 750.99 manat qalıq borcu, 473.85 manat cərimə borcu olmaqla, cəmi 1224.84 manat məbləğində borcun və iddia ərizəsinin verilməsi üçün tərəflərindən ödənilmiş 32.24 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh “X5 Olmayan Kredit Təşkilatı” MMC-ə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “X5 Olmayan Kredit Təşkilatı” MMC-nin iddiasının rədd edilməsi və ödədiyi 150 manat pulun ona geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin 06 aprel 2024-cü il tarixli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı “X5 Olmayan Kredit Təşkilatı” MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, satıcı "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci tarixli, BLLK01442 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən, 900.99 manat dəyərində, Malların nisyə satış müqaviləsinə 2 saylı Əlavədə-Təhvil-təslim aktında göstərilən məişət texnikaları nisyə satılmış və həmin məhsullar cavabdehə Təhvil-təslim aktı üzrə təhvil verilmişdir. Müqavilənin və tərəflər arasında tərtib edilmiş “ödəniş qrafiki”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, o, borcun qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdehə dəfələrlə tərəflərindən yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, öhdəliyini yerinə yetirməmişdir. Belə ki, Müqavilənin 6.1-ci bəndi və 6.1.1-ci yarımbəndinə əsasən, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü borc öhdəliklərini yerinə yetirmədiyi (lazımınca yerinə yetirmədiyi) təqdirdə, kreditor nisyə mala görə hesablanmış borcu və dəbbə pulunu dərhal tələb etmək hüququna malikdir. Cavabdehin iddiaçı qarşısında xx.xx.2021-ci tarixli, BLLK01442saylı müqavilə üzrə qalıq borcu 750.99 manat təşkil edir. Müqavilənin 5.6-cı bəndinə əsasən, borcun ödənişi gecikdirildikdə, hər gecikdirilmiş gün üçün gecikdirilmiş borc məbləğinin 0,3%- i həcmində cərimə (dəbbə pulu) ödəməyi cavabdeh öhdəsinə götürmüşdür. Borclunun kreditor qarşısında müqavilə üzrə cərimə borcu 1579.50 manat təşkil edir (maliyyə arayışı əlavə edilmişdir). Hazırda cavabdehə qarşı güzəşt siyasəti tətbiq etdikləri üçün hesablanmış cərimə məbləğinin yalnız 30%-ni ödəməyi borcludan tələb edirlər. Belə olan halda, hesablanmış cərimə məbləğinin 30%-i 473.85 manat təşkil edir. Hazırda cavabdehin iddiaçı qarşısında xx.xx.2021-ci il tarixli, BLLK01442saylı müqavilə üzrə 750.99 manat qalıq borcu, 473.85 manat cərimə borcu olmaqla, cəmi 1224.84 manat borcu yaranmışdır. Bildirirlər ki, faktor “X5 Olmayan Kredit Təşkilatı” MMC ilə müştəri "xxxx" MMC arasında bağlanmış 01 sentyabr 2022-ci il tarixli, 01 №-li Faktorinq müqaviləsinə əsasən, "xxxx" MMC ilə borclu Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, BLLK01442 №-li nisyə alqı-satqı müqaviləsindən irəli gələn pul tələbini “X5 Olmayan Kredit Təşkilatı” MMC-yə güzəşt etmişdir. "xxxx" MMC tərəfindən borclu Cavabdeh xx.xx.2021-ci il tarixli, BLLK01442 №-li nisyə alqı-satqı müqaviləsindən irəli gələn pul tələbini “X5 Olmayan Kredit Təşkilatı” MMC-yə güzəşt etməsi barədə bilidiriş verilmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, həqiqətən tərəfindən iddiaçı “X5 Olmayan Kredit Təşkilatı” MMC-nin Balakən şəhərində yerləşən mağazasından qabyuyan məişət texnikasını nisyə qaydada almışdır. Əşyanın dəyərinin bir hissəsi olaraq 150 manat ödəniş etmişdir. Ancaq əşya alındıqdan sonra 1 ay keçməmiş işində nasazlıqlar yaranmışdır. Onun müraciətinə əsasən qeyd edilən cəmiyyətin işçiləri müəssisəyə məxsus avtomobillə gələrək məişət texnikasını geri aparmışlar. Bu barədə ona müəyyən sənədlərə imza etdirilmiş, lakin onlar bu barədə sənədlərin surətini ona verməmişlər. Bu məsələ ilə bağlı iddia qaldırılmazdan əvvəl dəfələrlə müəssisəsinin işçiləri ilə danışıqlar aparılmış və bir dəfə, hətta həyat yoldaşı izahat vermək üçün onların dəvəti üzrə Bakı şəhərində yerləşən ofislərində olmuşdur. Avandanlığın mağazaya geri qaytarılmasına həmin vaxt həmin mağazada işləyən bir çox işçilər şahidlik etmişlər. Onlardan bəziləri başqa rayonlarda yaşasa da hazırda Balakən rayonu ərazisində yaşayan 2 nəfər-Balakən rayonu Kortala kənd sakinləri , mağazada usta kimi çalışan X2 və X3 yazdıqlarını təsdiq edə bilərlər. Onların məhkəmədə iştirakı tərəfindən təmin ediləcəkdir. Onda olan məlumata görə sözügedən mağazanın rəhbəri olan Ramazan adında şəxs əmlakın geri qaytarılması barədə müəssisə rəhbərliyinə məlumat verməmiş və həmin əmlakı başqa şəxsə nəğd qaydada satmışdır. Onun qüsurlarına geri qaytardığı və müəssisə işçiləri tərəfindən qəbul edilmiş əmlaka görə pul tələbinə məruz qalmağı qanuni deyildir. O həmin əmlaka görə ödədiyi və iddiaçının özünün də təsdiq etdiyi 150 manat pulun da ona geri qaytarılmasını tələb edir. İddiaçı “X5 Olmayan Kredit Təşkilatı” MMC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. İddiaçı “X5 Olmayan Kredit Təşkilatı” MMC-nin etibarnamə üzrə nümayəndəsi Coşqun Qasımzadə məhkəməyə ərizə göndərərək icraatında məhkəmə, dövlət və digər hüquq mühafizə orqanlarında olan işlərin çoxluğu, həmçinin işlərin eyni tarixlərə təsadüf etdiyindən hazırkı mülki iş üzrə məhkəmə iclasında iştirak edə bilməyəcəyini, iddiaçı “X5 Olmayan Kredit Təşkilatı” MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsini tam müdafiə etdiyini, məhkəmə icraatı zamanı Cavabdeh tərəfindən ödəniş edilmədiyini göstərərək, iddiaçı “X5 Olmayan Kredit Təşkilatı” MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə məhkəmənin xx.xx.2024-cü il tarixə saat 14:10-a təyin edilmiş baxış iclasının iddiaçı “X5 Olmayan Kredit Təşkilatı” MMC-nin nümayəndəsinin iştirakı olmadan keçirilməsini, iddiaçı “X5 Olmayan Kredit Təşkilatı” MMC-nin Cavabdeh qarşı borc tələbinə dair iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.1-185.4-cü maddəsinə uyğun olaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2021-ci il tarixli BLLK01442 nömrəli müqavilədən görünür ki, Cavabdeh iddiaçı "xxxx" MMC tərəfindən alqı-satqı qiyməti 900.99 manat olan BOSCH SMS23BW00T markalı qabyuyan 18 ay müddətinə kreditlə-nisyə satılmışdır. İşdə olan xx.xx.2021-ci il tarixli BLLK01442 saylı nisyə satış müqaviləsinin ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək hər ay 50 AZN ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan 01 sentyabr 2022-ci il tarixli 01 nömrəli Faktorinq müqaviləsindən görünür ki, "xxxx" MMC, onunla borclu Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, BLLK01442 №-li nisyə alqı-satqı müqaviləsindən irəli gələn pul tələbini “X5 Olmayan Kredit Təşkilatı” MMC-yə güzəşt etmişdir. İşdə olan 31 yanvar 2024-cü il tarixli maliyyə arayışında göstərilmişdir ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli BLLK01442 nömrəli nisyə satış müqaviləsi üzrə ödənilməmiş borc -750.99 AZN əsas borc, 473.85 AZN cərimə borcu olmaqla cəmi 1224.84 AZN təşkil edir. Məhkəmə işdə olan sənədləri tədqiq edərək hesab edir ki, ilk iddia qismən təmin edilməli,qarşılıqlı iddia rədd edilməlidir. . Belə ki, işin araşdırılan hallarından müəyyən olunur ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, BLLK01442 №-li nisyə alqı-satqı müqaviləsinə əsasən, iddiaçı cavabdehə 18 ay müddətinə, hissə-hissə , hər ay üçün 50 manat ödəmək şərti ilə, 900.99 manat dəyərində BOSCH SMS23BW00T markalı qabyuyanı kreditlə-nisyə satmışdır. Həmin əşya cavabdehə Təhvil-təslim aktı üzrə təhvil verilmişdir. Cavabdehin iddiaçı qarşısında xx.xx.2021-ci tarixli, BLLK01442 saylı müqavilə üzrə qalıq borcu 750.99 manat təşkil edir, ona 473.85 AZN cərimə hesablanmışdır. Faktor “X5 Olmayan Kredit Təşkilatı” MMC ilə müştəri "xxxx" MMC arasında bağlanmış 01 sentyabr 2022-ci il tarixli, 01 №-li Faktorinq müqaviləsinə əsasən, "xxxx" MMC onunla Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci tarixli, BLLK01442 №-li nisyə alqı-satqı müqaviləsindən irəli gələn pul tələbini “X5 Olmayan Kredit Təşkilatı” MMC-yə güzəşt etmişdir.Borc ödənilmədiyindən iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh isə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" MMC-dən ilkin ödəniş olaraq 150 manat ödəyib nisyə aldığı BOSCH SMS23BW00T markalı qabyuyanın bir aydan sonra işləmədiyini, həmin qabyuyanı "xxxx" MMC-yə geri qaytardığını göstərərək “X5 Olmayan Kredit Təşkilatı” MMC-nin iddiasının rədd edilməsi və ödədiyi 150 manat pulun ona geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə öncə qarşılıqlı iddiaya hüquqi qiymət verilməsini zəruri hesab edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 568.1-ci maddəsinə əsasən satıcı alqısatqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Mülki Məcəllənin 614.1-ci maddəsinə görə pərakəndə alğı-satqı müqaviləsinə görə malların pərakəndə satışı üzrə sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan şəxsi, ailə, ev və ya digər istifadə üçün nəzərdə tutulan malı alıcıya verməyi öhdəsinə götürür. Mülki Məcəllənin 622-ci maddəsinə əsasən: 622.1. Əgər öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı malı pərakəndə alğı-satqı müqaviləsinin bağlandığı an satıcının elan etdiyi qiymətlə ödəməyə borcludur. 622.2. Pərakəndə alğı-satqı müqaviləsində malın qabaqcadan ödənilməsinin nəzərdə tutulduğu halda alıcının müqavilədə müəyyənləşdirilmiş müddətdə malı ödəməməsi, əgər tərəflərin razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, alıcının müqavilənin icrasından imtina etməsi sayılır. 622.3. Malların pərakəndə nisyə alğı-satqısı müqavilələrinə, o cümlədən alıcı tərəfindən malların hissə-hissə ödənilməsi şərti ilə bağlanmış müqavilələrə bu Məcəllənin 600.5-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilməməlidir. 622.4. Alıcı malın hissə-hissə ödənilməsi üçün müqavilədə müəyyənləşdirilmiş müddət ərzində istədiyi vaxt malı ödəyə bilər. Mülki Məcəllənin 623-cü maddəsinə əsasən: 623.1. Əgər satıcı tərəfindən daha uzun müddət elan edilməyibsə, alıcı qeyri-qida məhsulunun ona verildiyi andan on dörd gün ərzində aldığı malı alış yerində və satıcının elan etdiyi digər yerlərdə başqa ölçülü, formalı, qabaritli, fasonlu, rəngli və ya quruluşlu oxşar mala dəyişdirə bilər. Bu zaman qiymətdə fərq olduqda satıcı ilə lazımi hesablaşma aparılır. Satıcıda dəyişdirilmək üçün zəruri mal olmadıqda alıcı əldə etdiyi malı satıcıya qaytara bilər və mal üçün ödədiyi pul məbləğini geri ala bilər. 623.2. Alıcının malın dəyişdirilməsi və ya qaytarılması haqqında tələbi bu şərtlə ödənilməlidir ki, mal işlədilmiş olmasın, istehlak xassələri qorunub saxlansın və həmin satıcıdan alındığına dair sübutlar olsun. 624.1. Alıcıya lazımi keyfiyyətli olmayan mal satıldıqda, əgər malın qüsurları satıcı tərəfindən qabaqcadan bildirilməyibsə, alıcı öz seçimi ilə tələb edə bilər ki: 624.1.1. keyfiyyətsiz mal lazımi keyfiyyətli malla əvəz edilsin; 624.1.2. alış qiyməti mütənasib surətdə azaldılsın; 624.1.3. malın qüsurları təxirə salınmadan əvəzsiz qaydada aradan qaldırılsın; 624.1.4. malın qüsurlarının aradan qaldırılmasına çəkilmiş xərclərin əvəzi ödənilsin. 624.3. Malın xassələri onun aşkar edilmiş qüsurlarını aradan qaldırmağa imkan vermədikdə (qida məhsulları, məişət kimyası malları və i.a.) alıcı öz seçimi ilə həmin malın lazımi keyfiyyətli malla dəyişdirilməsini və ya alış qiymətinin mütənasib surətdə azaldılmasını tələb edə bilər. 624.4. Bu Məcəllənin 624.1 və 624.3-cü maddələrində göstərilmiş tələbləri irəli sürmək əvəzinə alıcı pərakəndə alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər və mal üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. Mülki Məcəllənin 625-ci maddəsinə əsasən: 625.1. Pis keyfiyyətli mal pərakəndə alğı-satqı müqaviləsinə uyğun gələn lazımi keyfiyyətli malla əvəz edilərkən satıcı malın müqavilədə müəyyənləşdirilmiş qiyməti ilə onun dəyişdirildiyi və ya dəyişdirilməsinə dair məhkəmə qərarının çıxarıldığı an mövcud olmuş qiyməti arasındakı fərqin ödənilməsini tələb edə bilməz. 625.2. Pis keyfiyyətli mal oxşar, lakin ölçüsünə, fasonuna, növünə və ya digər əlamətlərinə görə başqa olan lazımi keyfiyyətli malla əvəz edilərkən dəyişdirilən malın dəyişdirilmə anındakı qiyməti ilə lazımi keyfiyyətli olmayan malın əvəzinə verilən malın qiyməti arasındakı fərq ödənilməlidir. Əgər satıcı alıcının tələbini yerinə yetirmirsə, dəyişdirilən malın qiyməti və onun əvəzinə verilən malın qiyməti məhkəmə tərəfindən malın dəyişdirilməsinə dair qərarın çıxarıldığı gün üçün müəyyənləşdirilir. 625.3. Malın alış qiymətinin mütənasib surətdə azaldılması tələbinin irəli sürüldüyü halda malın həmin tələbin irəli sürüldüyü an üçün qiyməti, alıcının tələbi könüllü surətdə yerinə yetirilmədikdə isə məhkəmə tərəfindən qiymətin mütənasib surətdə azaldılmasına dair qərarın çıxarıldığı gün üçün qiyməti hesaba alınır. 625.4. Lazımi keyfiyyətli olmayan malı satıcıya qaytararkən alıcı malın pərakəndə alğı-satqı müqaviləsində müəyyənləşdirilmiş qiyməti ilə onun tələbinin könüllü surətdə yerinə yetirildiyi an üçün, tələb könüllü surətdə yerinə yetirilmədikdə isə məhkəmə qərarının çıxarıldığı gün üçün müvafiq malın qiyməti arasındakı fərqin ödənilməsini tələb edə bilər. Cavabdeh "xxxx" MMC-dən ilkin ödəniş olaraq 150 manat ödəyib nisyə aldığı BOSCH SMS23BW00T markalı qabyuyanın bir aydan sonra işləmədiyini, həmin qabyuyanı "xxxx" MMC-yə geri qaytardığını göstərsə də bunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilmədi. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Odur ki, məhkəmə hesab edir ki, qarşılıqlı iddia əsassız olduğundan təmin olunmamalıdır. Məhkəmə ilk iddia ilə bağlı qeyd edir ki, Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissəhissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Sadalanan hüquq normalarının tələblərini, işin hallarını nəzərə alan məhkəmə bu nəticəyə gəlir ki, ilk iddia tələbi əsas borca aid hissədə əsaslıdır. Bununla yanaşı məhkəmə bu nəticəyə gəlir ki, penya borcu yüksək göstərilmişdir. Belə ki, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 750.99 manat əsas borc olduğu halda, 473.85 manat məbləğində penya hesablanması tənasübsüz dərəcədə yüksək hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək penya pulunu azalda bilər. Məhkəmə kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq hesab edir ki, penyanın miqdarı tənasübsüz dərəcədə yüksək hesablandığından azaldılaraq 34 manat həcmində müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ilk iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə 750.99 manat əsas borc, 34 manat cərimə borcu olmaqla cəmi 784.99 manat borc və dövlət rüsumu olaraq ödənilmiş 32.24 manatın 20.63 manatı alınıb iddiaçı “X5 Olmayan Kredit Təşkilatı” MMC-in xeyrinə ödənməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Qarşılıqlı iddia təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 222-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İlk İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə 750.99 manat əsas borc,34 manat cərimə borcu olmaqla cəmi 784.99 manat borc və dövlət rüsumu olaraq ödənilmiş 32.24 manatın 20.63 manatı alınıb iddiaçı “X5 Olmayan Kredit Təşkilatı” MMC-in xeyrinə ödənsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qarşlıqlı iddia təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №e-2(019)-450/2024
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-450/2024
01.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver