Məhkəmə qərarları › İş №e-2(019)-458/2024

Balakən Rayon Məhkəməsi Qərardad — İş №e-2(019)-458/2024

18.10.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № e-2(019)-458/2024 18.10.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Azəriqaz” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh tərəfindən ona məxsus **********04320 saylı qaz hesabında əsassız qeydə alınan 2073.60 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Balakən rayonu Katex kəndində yaşayır. Həmişə istifadə etdiyi təbii qazın dəyərini vaxtı-vaxtında poçt, bank və ya terminal vasitəsilə ödəmişdir. Həmişə sayğac üzrə ödənişlər aparmışdır. **********04320 olan abonetin saldosundan görünür ki, müvafiq ayları üzrə vaxtı-vaxtında ödənişlər etmişdir. 2024-cü ilin fevral ayında cavabdeh təşkilatın nümayəndələri evdə olmadığı zaman sayğaca baxış keçirərək getmişlər. Daha sonra yaşadığı evə nəzarətçi tərəfindən təqdim edilmiş bildirişdə istifadə etdiyi qazın dəyərindən çox borc yazıldığını müəyyən etmişdir. Bununla bağlı cavabdeh müəssisənin satış bazası ilə maraqlananda ona bildirilmişdir ki, guya yaşadığı ünvanda sayğacdan kənar birləşmə aşkar edilmiş və bununla bağlı 2073.60 manat cərimə tətbiq olunmuşdur. Halbuki yoxlama aparılarkən bir istehlakçı kimi ona yoxlamanın keçirildiyi vaxt barədə məlumat verilməmiş və onun iştirakı təmin edilməmişdir. Bununla belə ona cavabdeh müəssisənin yerli xidməti tərəfindən ona şəxsi hesabdan çıxarışdan başqa hər hansı sənəd akt təqdim edilməmişdir. Bildirmək istəyir ki, cavabdehin nümayəndələri tərəfindən onun yaşadığı evin qaz xəttinə quraşdırılmış qaz sayğacına hər ay baxış keçirilir, qaz sərfiyyatı barədə bildiriş ona təqdim edilir. Həmin ünvanda hər hansı kənarlaşma olsa idi nəzarətçi dərhal onu aşkar etmiş olardı, lakin belə bir hal müşahidə edilməmişdir. Cavabdeh təşkilat onu əsassız və qanunsuz olaraq mənbəyi məlum olmayan həddindən artıq 2073.60 manat məbləğində cərimə etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə göndərərək xx.xx.2024cü il tarixdə saat 16:30-a təyin edilmiş iclası iştirakı olmadan keçirməklə tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə etiraz göndərək, təyin edilmiş məhkəmə iclasını iştirakları olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədlərə baxaraq hesab edir ki, iddia ərizəsi aidiyyəti üzrə Zaqatala Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Azəriqaz” İstehsalat Birliyinə qarşı iddia ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh tərəfindən ona məxsus **********04320 saylı qaz hesabında əsassız qeydə alınan 2073.60 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı yaşayış yeri ünvan 1 ünvanıdır. Təbii qazın alqı-satqısı barədə tərəflər arasında müqavilə Zaqatala şəhərində bağlanmışdır, iddiaçının evinə təbii qazın verilməsi Zaqatala RQİİ tərəfindən icra olunur. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Həmin maddəyə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prosessual təminatlarına zəmanət verən şərtlərdən biri olduğuna görə o, dəqiq müəyyən edilməlidir. Əks təqdirdə bu işə məhkəmə tərəfindən ağlabatan müddətdə baxılmasında çətinlik yarada, son nəticədə isə şəxsin pozulmuş hüquqlarının bərpa edilməsini qeyri-mümkün edə bilər. Məhkəmə aidiyyətinə dəqiq riayət edilməsi mübahisənin müvafiq məhkəmə icraatı qaydasında hərtərəfli araşdırılmasına zəmanət yaradır. Məhkəmə icraatı növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan ciddi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Mülki-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Mülki-Prosessual Məcəlləsinin 36.9–cu maddəsinə əsasən istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə görə, şəxsin yaşayış yeri dedikdə tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi, icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 3-cü maddəsində imperativ qaydada göstərilmişdir ki, Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. İddiaçı şəxsiyyət vəsiqəsinə əsasən onun yaşayış yeri ünvan 1 ünvanıdır. İşdə olan 23 dekabr 2023-cü il tarixli qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilədən görünür ki, həmin müqavilə Zaqatala şəhərində bağlanmışdır və müqavilənin icrası Zaqatala RQİİ tərəfindən icra olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsinə Zaqatala Rayon Məhkəməsində baxılmalıdır. Onun iddia ərizəsi Balakən Rayon Məhkəməsi tərəfindən aidiyyət qaydaları pozulmaqla icraata qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 44.2 və 44.2.2-ci maddələrinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Mülki-Prosessual Məcəlləsinin 45.1-45.2-ci maddələrinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. Məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Məhkəmə işin yuxarıda qeyd edilən hallarını, mülki prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Azəriqaz” İstehsalat Birliyinə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki iş aidiyyəti üzrə Zaqatala Rayon Məhkəməsinə göndərilməlidlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 45.2,263-264 və 268.1-ci maddələrini rəhbər tutub qəraraaldım: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Azəriqaz” İstehsalat Birliyinə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki iş baxılması üçün aidiyyəti üzrə Zaqatala Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar