Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № e-2(019)-490/2024 27.05.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı qaz borcunun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Azəriqaz" İB-nin X2 İstismar İdarəsinin əməkdaşları tərəfindən hesablanmış 3420 kub metr qazdan istifadə etməyinə görə yaranmış borcun abonent hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə ilə müraciət edərək, "Azəriqaz" İB-nin X2 İstismar İdarəsinin əməkdaşları tərəfindən hesablanmış 3420 kub metr qazdan istifadə etməyinə görə yaranmış 684 manat borcun abonent hesabından silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının həmin ərizəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublkası MPM) 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq İddiaçı və Cavabdeh nümayəndəsi məhkəmə hazırlıq iclasına gəlməmiş, Cavabdeh nümayəndəsi məhkəməyə ərizə göndərərək İddiaçı Cavabdeh İB-nə qarşı iddia ərzəsinə dair xx.xx.2024-cü il tarixə nəzərdə tutulmuş hazırlıq iclasının iştirakı olmadan keçirilməsini, həmçinin İddiaçı ********** saylı vergi ödəyicisi olduğunu və hazırki tələb kommersiya mübahisəsi olduğundan, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırki məhkəmə hazırlıq iclasının İddiaçı və Cavabdeh nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, hazırki mülki iş məhkəmə aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş elektron sorğu məlumatından görünür ki, İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi vergi orqanında (VÖEN **********) qeydiyyata alınmışdır. Həmçinin iş materiallarına əlavə olunmuş elektron sorğu məlumatından görünür ki, Cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxs kimi vergi orqanında (VÖEN **********) qeydiyyata alınmışdır. İş materiallarından görünür ki, İddiaçı Cavabdehnə qarşı qaz borcunun silinməsi tələbinə dair hazırki mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olan mübahisədir və İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs və Cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxsdir. Hazırki işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri işin kommersiya məhkəməsində baxılmasını şərtləndirir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Həmin maddəyə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. İnsan Hüquqları Haqqında Ümumi Bəyannamənin 8-ci, “İnsan Hüquqlarının və X1 Haqqında” Konvensiyanın (Avropa Konvensiyası) 6-cı, “Mülki və Siyasi Hüquqlar Haqqında” Beynəlxalq Paktın 14-cü maddələrinə görə hər bir şəxs, ona qarşı irəli sürülən istənilən cinayət ittihamına baxılması zamanı və yaxud hər hansı bir mülki prosesdə onun hüquq və vəzifələrinin müəyyən edilməsi zamanı qanun əsasında yaradılan səlahiyyətli, müstəqil və qərəzsiz məhkəmə tərəfindən ədalətli və açıq məhkəmə araşdırması hüququna malikdir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin Çerniçkin Rusiya Federasiyasına qarşı iş üzrə 16 sentyabr 2010-cu il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və Konvensiyanın 6-cı maddəsinin İ bəndinin tələblərini pozur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 24.1-24.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 25.2-ci maddəsinə əsasən ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 26.1-26.2-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə görə, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 32.1, 32.2, 32.3, 32.4 və 32.5, 32.6 və 32.7-ci maddələrinə əsasən işdə iştirak edən şəxs, mübahisənin bu və ya başqa məhkəməyə aidiyyətinin dəyişdirilməsi barədə ərizə verə bilər; işdə iştirak edən şəxs məhkəmə aidiyyəti ilə razılaşmamasını əsaslandırmalı və bu barədə işə mahiyyəti üzrə baxılmağa başlanana qədər bildirməlidir; hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər; aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır; aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər; iş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir; bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda kasasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 44.2.2-ci maddəsinə görə, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. «İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli Qərarına əsasən məhkəmələrə izah edilmişdir ki, fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxsin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz fəaliyyətini müvəqqəti dayandırması, yəni həmin şəxsin VÖEN-nin (vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin) aktiv olmaması onu fərdi sahibkar statusu olmayan şəxs kimi qiymətləndirməyə əsas vermir. Fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxs yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34.7.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə belə uçotdan çıxarıldığı halda fərdi sahibkar statusunu itirmiş hesab edilir. Həmçinin nəzərə alınmalıdır ki, fiziki şəxsin fərdi sahibkar kimi vergi orqanında uçota alınarkən göstərilən konkret fəaliyyət istiqamət (lər)i ilə deyil, qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətinin başqa növü ilə məşğul olması işin kommersiya məhkəməsinə aidiyyətini dəyişdirmir. İş materiallarından görünür ki, İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs və Cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxs kimi vergi orqanında qeydiyyata alınmışlar. Hazırki mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlıdır. Ona görə də tərəflər arasında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı hazırki mübahisə kommersiya məhkəməsinə aiddir. Məhkəmə işin hallarını, İddiaçı və Cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər olmasını, hazırki mübahisənin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisə olduğunu nəzərə alaraq, bu nəticəyə gəlir ki, Balakən Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdehnə qarşı qaz borcunun silinməsi tələbinə dair e-2(019)-490/2024 saylı mülki iş baxılması üçün məhkəmə aidiyyatı üzrə Şəki Kommersiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-26,32, 44, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Cavabdehnə qarşı qaz borcunun silinməsi tələbinə dair e-2(019)-490/2024 saylı mülki iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Z.C.Tahirov
Məhkəmə qərarları › İş №e-2(019)-490/2024
Balakən Rayon Məhkəməsi Qərardad — İş №e-2(019)-490/2024
27.05.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver