Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-501/2022 28.07.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X3 katibliyi, Ərizəçi iştirakları ilə, Ərizəçi hüquqmüəyyənedici sənədin ona məxsus olması faktının müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi Ərizəçi ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Balakən rayon Dövlət Arxivi tərəfindən 16 iyun 2021-ci il tarixdə 84 sayla adına verilmiş Arxiv Arayışı sənədinin ona, yəni Ərizəçi məxsus olmasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək göstərdi ki, xx.xx.1963-cü ildə Balakən rayonunun Püştətala kəndində anadan olmuşdur. Hal-hazırda Balakən rayonunun Katex kəndində yaşayır. 1982-1995-ci illərdə Balakən rayonunun Katex (Orjenikidze) adına kolxozunda kolxozçu işləmişdir. “ Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1 maddəsinə əsasən onun yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. Buna görə sənədlərini Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına təqdim etmişdir. Onun yuxarıda qeyd etdiyi Katex (Orjenikidze) kolxozunda işlədiyi illər adına tərtib edilmiş 117527 saylı əmək kitabçasında qeyd edilməmişdir. Buna görə də Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi Filialına ona Balakən rayon Dövlət Arxivindən verilmiş 16 iyun 2021-ci il tarixli 84 saylı Arxiv Arayışını təqdim etmişdir. Lakin ona əmək pensiyasının təyin olunmasından imtina olunmuşdur. İmtinanın səbəbi də kolxozda işlədiyi illərin əmək kitabçasında qeyd olunmaması göstərilməklə, qeyd etdiyi müddətdə kolxozda işlədiyi dövrün sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə Məhkəmənin qanuni qüvvəsini almış qətnaməsinin filiala təqdim edilməsinin vacib olması bildirilmişdir. Buna görə də qeyd olunan tələblə Azərbaycan Respublikası Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(116)-1454/2021 saylı Qərardadı ilə ərizəsi baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Hal-hazırda ərizəsi Bakı İnzibati Məhkəməsinin icraatındadır. Məhkəmə baxışında müəyyən olunmuşdur ki, Balakən rayon Dövlət Arxivi tərəfindən onun adına verilmiş 16 iyun 2021-ci il tarixli 84 saylı Arxiv Arayışında onun soyadı həm Qalayçiyeva, həm də Qoqolova, adı isə Patimat kimi qeyd edilmişdir. Buna görə də Arxiv Arayışı sənədinin ona məxsus olması faktı ilə bağlı yaşayış yeri üzrə məhkəməyə müraciət etmişdir. Onun adı öz doğum şəhadətnaməsində, həm şəxsiyyət vəsiqəsində nikah haqqında şəhadətnamədə, uşaqlarının doğum şəhadətnamələrində və adına verilmiş əmək kitabçasinda Fatma kimi qeyd olunub. Onun ata soyadı Qalayçiyevadır. Belə ki, atası Balakən rayon Püştətala kənd sakini olmuş X2r. 19 yanvar 1987-ci il tarixdə 06 sayla Balakən rayonu Katex kənd İcra Nümayəndəliyində nikahlarını rəsmiləşdirməklə Balakən rayon Katex kənd sakini X8 ilə evlənmişdir. Evləndikdən sonra o, ərinin soyadı olan Qoqolova soyadını qəbul etmişdir. Buna görə də onun adına olan Arxiv Arayışında soyadı həm Qalayçiyeva, həm də Qoqolova kimi qeyd olunub. Ailə üzvləri, yaxın qohumları və qonşuları onu həmişə Patimat kimi çağırmışlar.Ona görə də kolxoz sənədlərində adı Patimat olaraq qeyd edilmişdir. Qeyd edilənləri nəzərə alıb ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə uyğun olaraq işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Ərizəçi onun həmkəndçisidir. O, 1981-ci ildən 1996-cı ilə kimi ərizəçi ilə birlikdə Balakən rayonu Katex kəndi ərazisində fəaliyyət göstərmiş “Katex” (Orjenikidze) adına kolxozda işləmişdir. Ərizəçinin atası X4 ,əri isə X8 olmuşdur. Kənd sakinləri Fatmanı “Patimat” deyib çağırırdılar. Kolxozda Fatmadan başqa Qoqolova,Qalayçiyeva Patimat adlı şəxs işləməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Əgərova (Ammayeva) Sona Ramazan qızı məhkəmə iclasında göstərdi ki, Ərizəçi onun həmkəndçisidir. O, 1979-cu ildən 1984-cü ilə kimi ərizəçi ilə birlikdə Balakən rayonu Katex kəndi ərazisində fəaliyyət göstərmiş “Katex” (Orjenikidze) adına kolxozda işləmişdir. Ərizəçinin atası X4 ,əri isə X8 olmuşdur. Kənd sakinləri Fatmanı “Patimat” deyib çağırırdılar. Kolxozda Fatmadan başqa Qoqolova,Qalayçiyeva Patimat adlı şəxs işləməmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı tərəfindən Ərizəçi ünvanlanmış 28 avqust 2021-ci il tarixli **********7 nömrəli məktubda göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 16 saylı regional ərazi filialından daxil olmuş ərizənizə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə Mərkəzi Filialda baxılmışdır.“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Hazırda qadınların pensiya yaşı 62 yaş 6 ay müəyyən edilmişdir.Həmin Qanunun 8.1-ci maddəsinə əsasən beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Təqdim etdiyiniz 117527 saylı əmək kitabçanızın surətinə əsasən sığorta stajınız 18 il 10 ay olmaqla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixədək 5960,79 manat, xx.xx.2006-cı il tarixindən pensiya hüququ yaranan tarixədək 4015,32 manat olmaqla ümumilikdə 9976,11 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. “Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.2.1-ci yarımbəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə X1 Sisteminin Pensiya altsisteminə daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Sözügedən Qaydaların 3.2.2-ci yarımbəndinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən müəyyən edilir. Müraciətiniz ilə əlaqədar olaraq bildiririk ki, təqdim etdiyiniz Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Balakən rayon İcra Hakimiyyəti Balakən rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli Na 84 saylı arxiv arayışında qeyd olunmuş dövrlərdəki əmək fəaliyyətiniz əmək kitabçasında öz əksini tapmadığından sözügedən dövr sığorta stajına daxil edilməmişdir.Qeyd olunanlarla bağlı sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə əsasən mümkün hesab edilmir.Məlumat üçün bildiririk ki, əmək fəaliyyətiniz barəsində məhkəmənin qanuni qüvvəyə minmiş qərarını 16 saylı regional ərazi filialının Balakən rayon Qəbul Şöbəsinə təqdim etdikdən sonra sizin yaşa görə əmək pensiyası hüququnuza yenidən baxıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Balakən rayon İcra Hakimiyyəti Balakən Rayon Dövlət Arxivi tərəfindən verilmiş 16 iyun 2021-ci il tarixli 84 nömrəli Arxiv Arayışından görünür ki, Balakən rayonu Katex kəndi “Katex” (Orjenikidze) adına koloxozun şəxsi hesab kitablarına əsasən Qalayçiyeva (Qoqolova) Patimat Abdulla qızı 1982,1984,1987-1995-ci illərdə Balakən rayonu Katex kəndi “Katex” (Orjenikidze) adına kolxozda işləmişdir. 1982,1984-cü illərdə familyası Qalayçiyeva, 1987-1995-ci illərdə isə Qoqolova yazılıb.1982,1987,1988-ci illərdə atasının Abdulla, 1984-cü ildə Ab.,1987-1995-ci illərdə A. kimi qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 01 iyun 2021-ci il tarixdə verilmiş 501 nömrəli nikah akt qeydindən çıxarışdan görünür ki, X8 ilə X5 arasında 19 yanvar 1987-ci ildə nikah bağlanmış və 06 nömrəli akt qeydi tərtib olunmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayonu Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 19 aprel 1972-ci il tarixli İ-JQ seriyalı 304707 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx xxxxx 1963-cü ildə anadan olmuş, atası X6, anası X7 olmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayonu Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 18 oktyabr 1988-ci il tarixli seriyalı Xİİİ-JQ seriyalı 272999 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 22 sentyabr 1988-ci ildə anadan olmuş, atası X8, anası Ərizəçi olmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayonu Katex kənd soveti tərəfindən verilmiş 31 iyul 2002 il tarixli seriyalı AZ-İ seriyalı 266456 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 16 aprel 2002-cü ildə anadan olmuş, atası X8,anası Ərizəçi olmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Balakən rayon İcra Hakimiyyəti Balakən Rayon Dövlət Arxivi tərəfindən verilmiş 18 iyul 2022-ci il tarixli 88 nömrəli Arxiv Arayışından görünür ki, Balakən rayonu Katex kəndi “Katex” (Orjenikidze) adına kolxozun şəxsi hesab kitablarına əsasən Şahid2 1981- 1994,1996-cı illərdə Balakən rayonu Katex kəndi “Katex” (Orjenikidze) adına kolxozda işləmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Balakən rayon İcra Hakimiyyəti Balakən Rayon Dövlət Arxivi tərəfindən verilmiş 18 iyul 2022-ci il tarixli 87 nömrəli Arxiv Arayışından görünür ki, Balakən rayonu Katex kəndi “Katex” (Orjenikidze) adına koloxozun şəxsi hesab kitablarına əsasən X11 1979-1984-cü illərdə Balakən rayonu Katex kəndi “Katex” (Orjenikidze) adına koloxozda işləmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, işdə olan sənədlərə baxaraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, Ərizəçi xx.xx.1963-cü ildə Balakən rayonunun Püştətala kəndində anadan olmuş, halhazırda Balakən rayonunun Katex kəndində yaşayır. Ərizəçi 1982-1995-ci illərdə Balakən rayonunun “Katex” (Orjenikidze) adına kolxozunda kolxozçu işləmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən ərizəçinin yaşa görə əmək pensiyası almaq hüququ yaranmış, buna görə sənədlərini Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına təqdim etmişdir. Ərizəçinin qeyd etdiyi “Katex” (Orjenikidze) kolxozunda işlədiyi illər adına tərtib edilmiş 117527 saylı əmək kitabçasında qeyd edilməmişdir. Buna görə də Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi Filialı tərəfindən ona əmək pensiyasının təyin olunmasından imtina olunmuşdur. İmtinanın səbəbi də kolxozda işlədiyi illərin əmək kitabçasında qeyd olunmaması göstərilmiş, qeyd etdiyi müddətdə kolxozda işlədiyi dövrün sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə Məhkəmənin qanuni qüvvəsini almış qətnaməsinin filiala təqdim edilməsinin vacib olması bildirilmişdir. Ərizəçi qeyd olunan tələblə Azərbaycan Respublikası Şəki İnzibati Məhkəməsinə müraciət etmiş, Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(116)-1454/2021 saylı Qərardadı ilə ərizə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Məhkəmə baxışında müəyyən olunmuşdur ki, Balakən rayon Dövlət Arxivi tərəfindən ərizəçinin adına verilmiş 16 iyun 2021-ci il tarixli 84 saylı Arxiv Arayışında onun soyadı həm “Qalayçiyeva”, həm də “Qoqolova”, adı isə “Patimat” kimi qeyd edilmişdir. Ərizəçi bu uyğunsuzluğu başqa qaydada aradan qaldıra bilmədiyindən hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 305.1.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, hüquqmüəyyənedici sənəd hesab edilən Balakən rayon Dövlət Arxivi tərəfindən verilmiş 16 iyun 2021-ci il tarixli 84 nömrəli Arxiv arayışının Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ət etdi : Ərizə təmin edilsin. Hüquqmüəyyənedici sənəd hesab edilən Balakən rayon Dövlət Arxivi tərəfindən verilmiş 16 iyun 2021-ci il tarixli 84 nömrəli Arxiv arayışının Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə Apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №e-2(019)-501/2022
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-501/2022
28.07.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver