Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-522/2025 05.06.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh İB-nə qarşı iddia ərizəsi ilə müraciət edərək "Azəriqaz" İB-nin X1 İstismar İdarəsinin əməkdaşları tərəfindən hesablanmış 4104 kub metr itirilmiş qaz sərfi müəyyən edilərək hər kub metri 12 qəpik olmaqla 492.48 manat qazdan istifadə etməyə görə yaranmış cərimənin abonent hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, ünvan 1i ünvanında yaşayır. Uzun müddətdir ki, yaşadığı ev təbii qazla təmin olunmuşdur. "Azəriqaz" İB-nin X1 İstismar İdarəsi ilə aralarında qazın alqı-satqısı ilə bağlı müqavilə bağlanmışdır. xx.xx.2024-cü il tarixdə "Azəriqaz" İB-nin X1 İstismar İdarəsinin əməkdaşları tərəfindən yaşadıqları evin qaz sayğacına baxış keçirilmiş, növbəti yoxlamaya göndərilməsi ilə bağlı sayğacı yenisi ilə əvəz etmişlər. Lakin onlar köhnə sayğacı özləri ilə götürmüş və laboratoriyaya aparacaqlarını bildirmişlər. Həmin vaxt qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında AKT tərtib olunmuş, həmin aktı o imzalamışdır. 16 dekabr 2024-cü ildə "Azəriqaz" İB-nin X1 İstismar İdarəsi İddiaçı adına Təbii qazdan istifadə qaydalarının pozulması haqqında AKT tərtib etmiş və onun 4104 kub metr qazdan istifadə etməyinə görə 492.48 manat borcunun yarandığı qeyd edilmişdir. AKT-da göstərilir ki, guya kənar təsir nəticəsində sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzildiyi və daxili qulaqcıqlarında əzik-cızıq izləri olduğu, buna görə də sayğacın istismara yararsız olduğu aşkar olunmuşdur. İddiaçının istifadə etdiyi sayğac həyətində deyil, evdən 30-40 metr aralıda küçədədir və onun qorunması iddiaçının vəzifəsi deyildir. xx.xx.2024-cü il tarixdə qaz sayğacı yenisi ilə əvəz edilərkən də, belə bir pozuntu aşkarlanmamışdır. Ehtimal edilir ki, sayğac laboratoriyaya təqdim edilərkən qaz əməkdaşları tərəfindən qəsdən sayğaca fiziki müdaxilə etmişlər ki, onun barəsində cərimə tətbiq olunsun. İddiaçı iddia edir ki, sayğaca onun tərəfindən heç bir müdaxilə olunmamışdır. Müntəzəm olaraq da qaz idarəsinin işçiləri tərəfindən sayğaca hər ay nəzarət edilmişdir. Cərimə olunmağı qanunsuzdur. Cərimənin silinməsini Cavabdeh İB Zaqatala idarəsindən tələb etmişlər. Lakin orada onlara mübahisə ilə bağlı Məhkəməyə müraciət etməli olmaları izah edilmişdir. Buna görə də iddiaçı barəsində tərtib edilmiş borcun silinməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Cavabdeh iddia ərizəsinə etiraz vermiş, etirazı onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdehnə qarşı tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Qeyd etmişlər ki, İddiaçı adına rəsmiləşdirilmiş **********03060 saylı qaz hesabında xx.xx.2025-ci il tarixə 761.53 manat borc vardır. Həmin borcun 269.05 manat hissəsi sayğac üzrə, 492.48 manat hissəsi isə itirilmiş qaz sərfiyyatı kimi hesablanmış borc məbləğidir və iddiaçı məhz həmin hissədə borcu mübahisələndirməkdədir. Mübahisə predmeti ilə bağlı bildirmişdir ki, Zaqatala RQİİ-nin mütəxəssisləri tərəfindən İddiaçı istifadəsində olan G4 markalı ******* nömrəli qaz sayğacına istehlakçının nümayəndəsinin iştirakı ilə baxış keçirilmiş, baxış zamanı sayğaca müdaxilə ehtimalı müəyyən edilmişdir. Bununla əlaqədar olaraq istismarda olan G4 markalı ******* nömrəli sayğacı qaz sayğaclarının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2024-cü il tarixli ******* saylı aktla çıxarılaraq xüsusi plomblanmış qutuda möhürlənərək dövlət yoxlamasına göndərilmiş, əvəzində isə GCZ0231833 saylı sayğac quraşdırılmışdır. Dövlət yoxlamasından keçirilmiş qaz sayğacının texniki vəziyyəti ilə bağlı rəy verən ARDNŞ-nin İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin xx.xx.2024-cü il tarixli 1541 saylı aktında göstərilmişdir ki, sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında fiziki təsir nəticəsində əzik-cızıq izləri aşkar olundu, çıxış və giriş yivli birləşmələri deformasiyaya uğrayıb (qaz itkisi, müdaxilə). Bununla əlaqədar iddiaçının iştirakı ilə qaz cihazlarının inventarizasiyası aparılmaqla istehlakçının iştirakı ilə təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2024-cü il tarixli ******* saylı akt tərtib edilmişdir. Qaz cihazlarından PQ-3 qaz piltəsinin maksimal qaz sərfi 0.8 m3/saat orta günlük iş rejimi 12 saat hesabat müddəti 90 gün qəbul edilməklə, Dəmir sobanın maksimal qaz sərfi 1.4 m3/saat orta günlük iş rejimi 12 saat hesabat müddəti 90 gün qəbul edilməklə, Xarici sobanın maksimal qaz sərfi 1.6 m3/saat orta günlük iş rejimi 12 saat hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır, itirilmiş qazın miqdarı isə Zaqatala RQİİ-nin xx.xx.2024-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsi” ilə 4104 m3 (və ya 492.48 manat) həcmində müəyyən edilmişdir. Bildirmişdir ki, mübahisəli qaz sayğacına yerində baxış keçirilərkən və yoxlanışdan keçirilərkən onun sadəcə zədələndiyi deyil, ona qəsdi olaraq müdaxilə olunduğu müəyyən edilmişdir. Abonentin və ya onunla razılıq əsasında digər şəxsin müdaxiləsi olmadan sayğacda baş vermiş həmin zədələnmələrə görə abonent heç bir məsuliyyət daşımır və zədələnmiş sayğacın dəyişdirilməsi fiziki şəxs olan istehlakçılara münasibətdə qaz paylayıcısının hesabına həyata keçirilir. Lakin sayğacın zədələnməsi ona müdaxilə nəticəsində baş vermişsə, bu zaman təqsirli hərəkətin törədilməsi faktı mövcud olur. İstehlakçıya məxsus qaz sayğacına qəsd edilərək onun normal iş prinsipinin pozulması və bunun nəticəsində qazdan qanunsuz, yəni pulsuz istifadə olunmasının istehlakçıdan başqa, heç kimə müsbət təsiri yoxdur və bu hal qazdan istifadənin əsl dəyərinin gizlədilməsinə yönəlmiş qəsddən irəli gəlir. Göstərilənlərə əsasən təyin edilmiş məhkəmə iclasının iştirakları olmadan keçirilməsini, İddiaçı Cavabdehnə qarşı Cavabdeh İB-nin Zaqatala RQİİ tərəfindən tərtib edilmiş təbi qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında hesablanmış 492.48 manat borcun silinməsi tələbi barədə” iddia ərizəsi təmin edilməməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında iddiaçı iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək evdən kənarda quraşdırılmış sayğaca görə ona cərimə yazıldığını, 3 nəfər qaz idarəsinin işçisinin sayğacı söküb apardığını, yerində akt tərtib edildiyini, 4-5 ay sonra bildiriş gəldiyini, heç bir təqsirinin olmadığını bildirmiş, iddiasının əsaslı olmasını nəzərə alaraq təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin təyin edilmiş məhkəmə iclasını iştirakları olmadan keçirilməsini, iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2024-cü il tarixli ******* nömrəli aktdan görünür ki, ünvan 1ində yaşayan İddiaçı məxsus qaz sayğacı çıxarılaraq növbəti dövlət yoxlamasına göndərilmiş, əvəzində isə GCZ0231833 saylı sayğac quraşdırılmışdır. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2024-cü il tarixli ******* nömrəli aktdan görünür ki, 1541 nömrəli akta əsasən sayğaca vizual olaraq ümumi baxış keçirilmiş, sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında fiziki təsir nəticəsində əzik-cızıq izləri aşkar olundu, çıxış və giriş yivli birləşmələri deformasiyaya uğrayıb. Dəymiş ziyanın bərpasına dair xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, 16 dekabr 2024-cü il tarixli ******* nömrəli akta əsasən dəymiş ziyanın həcmi, cəmi 4104 m3 hesablanmışdır. **********03060 saylı abonentin saldosundan görünür ki, İddiaçı 2024-ci ilin dekabr ayına qalıq və aktlar üzrə 492.48 manat borc hesablanmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sübutları tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. 6.5-ci bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı yaşadığı ünvan 1i ünvanında sayğaca müdaxilə edilməsi aşkar edilmiş, dəymiş ziyanın həcmi 4104 m3 (və ya 492.48 manat) hesablanmışdır. Lakin məhkəmə qaz sayğacının iddiaçının evindən kənarda yerləşməsini, sayğaca müdaxilənin iddiaçının təqsiri üzündən baş verməsinə, bunun iddiaçı tərəfindən törədilməsinə dair heç bir sübut təqdim edilməməsini, onun təqsirinin müvafiq orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, iddiaçı cərimənin silinməsini tələb etməkdə haqlıdır. İddia ərizəsinə etirazda qaz sayğacına qəsd edilərək onun normal iş prinsipinin pozulmasının, bunun nəticəsində qazdan qanunsuz, yəni pulsuz istifadə olunmasının istehlakçıdan başqa heç kimə müsbət təsirinin olmaması dəlili əsassızdır. Məhkəmə mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İB tərəfindən İddiaçı hesablanmış 492.48 manat borc silinməlidir. Hazırki iddianın qaldırılması üçün İddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğuna görə 30 manat dövlət rüsumu cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh İB tərəfindən İddiaçı (abonent kodu: **********03060) hesablanmış 492.48 manat borc abonent hesabından silinsin. 30 manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Arifə Cəfərova
Məhkəmə qərarları › İş №e-2(019)-522/2025
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-522/2025
05.06.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver