Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-585/2025 24.06.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh İB-nə qarşı iddia ərizəsi ilə müraciət edərək Cavabdeh İB X1 İstismarı idarəsinin mütəxəssisləri tərəfindən 23 noyabr 2022-ci tarixdə ******* saylı Akta əsasən hesablanmış 1036.80 manat cərimənin silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Balakən şəhərində ailəsi ilə birlikdə yaşayır. Ailələri qaz istehlakçısıdır. Bütün qaz istifadəçilərində olduğu kimi onların da yaşadıqları evə qaz qaz sayğacından gəlir. Qaz sayğacı rayon Qaz İstismarı idarəsinin işçiləri tərəfindən yaşayış evinin yol tərəfində hasarın üzərində yerləşdirilmişdir. 20 iyun 2022-ci tarixdə Cavabdeh İB X1 İstismarı idarəsinin mütəxəssisləri tərəfindən istifadələrində olan G-4 markalı ******* nömrəli qaz sayğacı götürülərək əvəzinə yeni qaz sayğacı quraşdırılmışdır. Qaz sayğacı quraşdırılan zaman mütəxəssislər tərəfindən istifadəmizdə olmuş sayğacın istifadə müddətinin bitdiyi üçün götürüldüyü bildirilmişdir. Qaz sayğacı dəyişdirilərkən Akt tərtib olunub. 26 oktyabr 2022-ci il tarixdə qaz sayğacına baxış keçirilmiş, 31 oktyabr 2022-ci il tarixdə istifadəmdə olmuş G-4 markalı ******* nömrəli qaz sayğacına dair laboratoriya rəyi verilmişdir ki, sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izləri var, sayğac istismara yararsızdır. Bu barədə 23 noyabr 2022-ci tarixdə ******* saylı Akt tərtib edilmişdir. Həmin akta əsasən onu 1036.80 manat cərimə etmişdirlər. Cərimə olunması barədə 18 mart 2025-ci il tarixdə Cavabdeh İB tərəfindən onun mobil telefonuna məlumat gəlmişdir. Cərimə olunduğunu bildikdən sonra o qaz idarəsinin məsul işçilərinə məlumat vermişdir ki, qaz sayğacına onun və ailə üzvləri tərəfindən heç bir müdaxilə olunmamışdır. Müntəzəm olaraq o, qaz ödənişlərini etmişdir. Məhkəməyə bildirmişdir ki, qaz sayğacı yaşayış evinin yol tərəfində hasarın üzərində yerləşdirilmişdir. Onun mühafizəsinə o və ailə üzvləri cavabdeh deyillər. Cərimə olunması qanunsuzdur. O, həmin cəriməni ödəmədiyi üçün yaşayış evinə gələn qaz xəttini kəsmək istəyirlər. Cərimənin silinməsini Cavabdeh İB Balakən rayon şöbəsindən tələb etsə də, bu mümkün olmamışdır. Buna görə də cərimənin ləğv edilməsi ilə bağlı Məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək evdən kənarda quraşdırılmış sayğaca görə ona cərimə yazıldığını, sayğac aparıldıqdan sonra cərimə yazıldığını, çıxarılanda sağlam vəziyyətdə olmasını, sayğacın onun iştirakı olmadan çıxarılmasını, heç bir təqsirinin olmadığını bildirmiş, iddianın əsaslı olmasını nəzərə alaraq təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 20 iyun 2022-ci il tarixli ******* nömrəli aktdan görünür ki, ünvan 1i ünvanında yaşayan İddiaçı məxsus qaz sayğacı çıxarılaraq növbəti dövlət yoxlamasına göndərilmiş, əvəzində isə **********0 saylı sayğac quraşdırılmışdır. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 23 noyabr 2022-ci il tarixli ******* nömrəli aktdan görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh İB-nin 29/1710-03215-1 nömrəli akta əsasən sayğaca ümumi baxış keçirilmiş, sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izləri var. Sayğacın istismara yararsız vəziyyətdə olduğu qeyd edilmişdir Dəymiş ziyanın bərpasına dair 28 noyabr 2022-ci il tarixli tələbnamədən görünür ki, 23 noyabr 2022-ci il tarixli ******* nömrəli akta əsasən dəymiş ziyanın həcmi, cəmi 8640 m3 hesablanmışdır. İddiaçı məxsus **********00000 saylı abonentin saldosundan görünür ki, 2022-ci ilin noyabr ayına qalıq və aktlar üzrə 1036.80 manat borc hesablanmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sübutları tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. 6.5-ci bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı yaşadığı ünvan 1i ünvanında sayğaca müdaxilə edilməsi aşkar edilmiş, dəymiş ziyanın həcmi 8640 m3 (və ya 1036.80 manat) hesablanmışdır. Lakin məhkəmə qaz sayğacının iddiaçının evindən kənarda yerləşməsini, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısının daşımasını, sayğaca müdaxilənin iddiaçının təqsiri üzündən baş verməsinə, bunun iddiaçı tərəfindən törədilməsinə dair heç bir sübut təqdim edilməməsini, onun təqsirinin müvafiq orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, iddia əsaslıdır. Məhkəmə mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İB tərəfindən İddiaçı hesablanmış 1036.80 manat borc silinməlidir. Hazırki iddianın qaldırılması üçün İddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğuna görə 30.37 manat dövlət rüsumu cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh İB tərəfindən İddiaçı (abonent kodu: **********00000) 23 noyabr 2022-ci tarixdə ******* saylı akta əsasən hesablanmış 1036.80 manat borc abonent hesabından silinsin. 30.37 manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Arifə Cəfərova
Məhkəmə qərarları › İş №e-2(019)-585/2025
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-585/2025
24.06.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver