Məhkəmə qərarları › İş №e-2(019)-601/2022

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-601/2022

08.09.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-601/2022 08.09.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı2, digər İddiaçı1 nümayəndəsi-vəkili Nümayəndə iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, X28 Xidmət Mərkəzində notariat ofisinin Xüsusi X1 və Cavabdeh4 qarşı mirasın qəbulu faktının müəyyən edilməsi və mirasın bölünməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, X28 Xidmət Mərkəzində notariat ofisinin Xüsusi X1 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2019-cu il tarixdə vəfat etmiş mərhum X7 miras qalmış ümumi birgə mülkiyyət hüququ əsasında 0.19 ha həyətyanı torpaq sahəsindən ona məxsus olan 1/6 hissəsinin iddiaçılar tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tərəf nümayəndə vasitasilə iddia tələbinin həcminin artırılması barədə məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.2019-cu il tarixdə vəfat etmiş mərhum X7 qalmış ümumi birgə mülkiyyətdə olan 0.19 ha həyətyanı torpaq sahəsindən ona məxsus olan 1/6 hissədən ibarət mirasın iddiaçılar tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi və miras payının bölüşdürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddialarını onunla əsaslandırmışlar ki, onlar Balakən rayonu İtitala kəndində yaşayırlar. İddiaçı1 xx.xx.1951-ci ildə anadan olmuş, 10 may 1971ci ildə X20 ilə rəsmi nikaha girmişdir. Onunla olan nikahlarından beş övladı olmuşdur. Uşaqlardan İddiaçı2 hal-hazıradək miras əmlak olan 0.19 ha həyətyanı torpaq sahəsi olan fərdi yaşayış evində yaşayır. Digər övladları isə müxtəlif vaxtlarda təsərrüfatdan ayrılaraq özlərinə məxsus evdə yaşayırlar. Yaşadıqları həyət kolxozçu təsərrüfatı olmuşdur. Balakən rayon Aqrar İslahat Komissiyasının 31 iyul 1998-ci il tarixli 09 saylı qərarı ilə onun və ailə üzvləri olan X11, İddiaçı2, Cavabdeh1, X4 və Cavabdeh4 ümumi birgə mülkiyyətlərinə 0.19 ha həyətyanı torpaq sahəsi verilmişdir. Butanın əri olmuş X20 24 may 2019-cu il tarixdə ölmüşdür. Onun ölümündən sonra 0.19 ha həyətyanı torpaq sahəsinin 1/6 hissəsi ondan miras qalmışdır. X3 ölümündən sonra 0.19 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evində o və oğlu İddiaçı2 yaşayırlar. Mərhumdan qalan miras əmlakı da onlar-iddiaçılar faktiki olaraq qəbul etmişlər və hal-hazırda həmin əmlakı idarə edirlər. İddiaçı2 mərhum atasının ölümündən sonra ondan miras qalmış əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün müraciət etmişdir. Lakin Balakən rayon Notariat Ofisinin xüsusi notariusu Səbuhi Məmmədov digər vərəsələrlə aralarında mübahisə olması əsası ilə mirasın məhkəmə qaydasında bölüşdürülməsini tövsiyə etmiş və notariat əməliyyatları aparılmasından imtina etmişdir. Məhkəmə iclasında İddiaçı2 və İddiaçı1 nümayəndəsi-vəkili Nümayəndə iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermis, həmçinin X3 6 vərəsəsi- İddiaçı1, İddiaçı2, Cavabdeh1, Abdullayeva (Rəhimova) Qərənfil Murad qızı, Cavabdeh4 və X8 olduğunu və mirasın onlar arasında hər birinə 1/6 hissə miras payı verilməklə bölünməli olduğunu, həmin vərəsələrin, o cümlədən iddiaçılar İddiaçı1 və İddiaçı2 miras torpaq sahəsini əkib becərməklə mərhum Murad Abdullayevdən qalmış mirası qəbul etdiklərini bildirərək, iddianın təmin edilməsini xahiş etmişlər. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və X28 Xidmət Mərkəzində notariat ofisinin Xüsusi X2, həmçinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına təkrarən gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə cavabdehlərin və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon İtitala kənd soveti tərəfindən 30 sentyabr 1975-ci il tarixdə verilmiş İİİ-JQ 403481 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı2 xx.xx.1975-ci il tarixdə anadan olmuş, atası X20, anası İddiaçı1 yazılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon İtitala kənd soveti tərəfindən 10 may 1971-ci il tarixdə verilmiş İ-İE seriyalı 496237 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X20 ilə X23 arasında nikah Balakən rayon İtitala kənd sovetində 10 may 1971-ci il tarixdə 3 nömrə ilə qeyd edilmiş, nikah bağlanandan sonra arvada Abdullayeva soyadı verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon İtitala kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 09 yiul 2019-cu il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X20 xx.xx.2019-cu il tarixdə ölmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon İcra Hakimiyyəti Başçısının İtitala Kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin xx.xx.2022-ci il tarixli 22 nömrəli arayışında göstərilir ki, İtitala kənd sakini olmuş X3 təsərrüfatında hal-hazırda arvadı X18, qızı X8 və X12 qeydiyyatdadır. Eyni zamanda mərhumun qızı Cavabdeh2 1998-ci ildə ailə həyatı quraraq həmin təsərrüfatdan ayrılmış və həyat yoldaşı X13 məxsus təsərrüfat qeydiyyata alınmışdır. Oğlu Cavabdeh1 oğiu isə 2007-ci ildə mərhum atası X15 məxsus təsərrüfatdan ayrılmış və özünə məxsus təsərrüfatda qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi X28 Xidmət Mərkəzində Notariat Ofisinin xüsusi X2nun Balakən rayonu,İtitala kəndi ünvanında yaşayan İddiaçı2 ünvanladığı 13 iyun 2021-ci il tarixli 1343 nömrəli məktubda göstərilir ki, mərhum atası X11 mirasına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün X28 xidmət mərkəzində notariat ofisinə müraciət etmişdir. Eyni zamanda mirasın bölüşdürülməsi ilə əlaqədar digər vərəsələrlə arasında mübahisə olduğunu bildirir. Bildirilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 -ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi ilə əlaqədar ixtilaflar olduqda mübahisəyə məhkəmə baxır. Odur ki, məhkəməyə müraciət etməyi tövsiyə olunur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon İtitala kənd icra nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 326 nömrəli arayışda göstərilir ki, İtitala kənd (qəsəbə) inzibati ərazi dairəsinin №7 təsərrüfatbaşına kitabın 28-ci səhifəsində X3 adına 1971 ildə tikilmiş, İ mərtəbəli, İİİ otaqlı, 100 kv.m ümumi, 68 kv.m yaşayış sahəsinə malik fərdi yaşayış evinin və 0.19 ha həyətyanı torpaq sahəsinin olduğu qeyd edilmişdir. Qeyd edilmiş daşınmaz əmlak üzərində ailə üzvləri və vərəsələr arasında mübahisə vardır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayonu İtitala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 325 nömrəli arayışdan görünür ki, X14 xx.xx.1998-ci il tarixli qərarına əsasən torpaq sahəsi verilən vətəndaşların adlı siyahısında texniki səhv olaraq adı (soyadı, atasının adı) X6 qeyd olunmuşdur. Odur ki, Cavabdeh2 adlı siyahıda qeyd olunan X6 eyni şəxsdir (özüdür). İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş JN 180A KOD 40100038 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamədən görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 31 iyul tarixli, 09 nömrəli qərarı ilə Balakən rayonu İtitala kəndində 0.19 ha həyətyanı torpaq sahəsi X11, İddiaçı1, İddiaçı2, Cavabdeh1, X4 və Cavabdeh4 ümumi birgə mülkiyyətinə verilmişdir. Məhkəmə İddiaçı2, digər İddiaçı1 nümayəndəsi-vəkilinin izahatlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, JN 180A KOD 40100038 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnaməyə əsasən Balakən rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 31 iyul tarixli, 09 nömrəli qərarı ilə Balakən rayonu İtitala kəndində 0.19 ha həyətyanı torpaq sahəsi X11, İddiaçı1, İddiaçı2, Cavabdeh1, X4 və Cavabdeh4 ümumi birgə mülkiyyətinə verilmişdir. X20 xx.xx.2019-cu il tarixdə ölmüşdür. Onun ölümündən sonra sözügedən 0.19 ha torpaq sahəsindəki onun 1/6 hissə payı miras əmlak olaraq qalmışdır. X3 vərəsələri arvadı İddiaçı1, oğlu İddiaçı2, oğlu Cavabdeh1, qızı Abdullayeva (Rəhimova) Qərənfil Murad qızı, qızı Cavabdeh4 və qızı X8 olmaqla 6 nəfər təşkil etmişlər. X11 vərəsələri ondan qalmış mirasa faktiki sahiblik etməklə onu qəbul etmişlər. Hazırda iddiaçılar onların tərəfindən mirasın qəbulu faktının müəyyən olunması, miras əmlaka vərəsələrin payının müəyyən edilməsini xahiş edir. Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinin tələblərinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 306.2-ci maddəsinin tələblərinə görə xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan İnsan Hüquqlarının və X16 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan Hüquqları Bəyannaməsi” nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Marks Belçikaya qarşı” xx.xx.1979-cu il tarixli iş üzrə qərarında qeyd etmişdir ki, hər bir şəxsin öz əmlakından maneəsiz istifadə etmək hüququnu tanıyan 1-ci maddə mənasına görə mülkiyyət hüququnun qarantiyası rolunu oynayır. Ona görə ki, öz mülkiyyəti üzərində sərəncam vermək hüququ mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 213.1-ci maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.6-cı maddəsinə əsasən ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 223.2-ci maddəsinə əsasən həmin Məcəllənin 223.2-223.4-cü maddələrinə görə birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Yuxarıda sadalanan iki hüququ özündə birləşdirən vərəsəlik hüququ əsasında mülkiyyətçinin ona məxsus əmlaka dair sərəncam vermək imkanı Konstitusiyanın 29-cu maddəsinin İİİ hissəsindən irəli gəlir və bu vəsiyyət etmək azadlığının əsasını təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1 və 1133.2-ci maddələrinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. 1159.1.5. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur. 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. 1159.3. Üçüncü növbədə - həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası. Nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın. 1159.4. Dördüncü növbədə - xalalar və bibilər, dayılar və əmilər. 1159.5. Beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə hesab edir ki, mirasın faktiki qəbul edilməsi vərəsənin miras əmlaka sahiblik, onun istifadəsi və onun üzərində sərəncam verilməsi ilə bağlı hərəkətləri, həmçinin onun lazımi qaydada saxlanması, miras əmlakla bağlı vergilərin və digər ödənişlərin ödənilməsi barədə istənilən hərəkəti ehtiva edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirərək, hesab edir ki, iddia təmin edilməli, xx.xx.2019-cu il tarixdə vəfat etmiş mərhum X7 qalmış ümumi birgə mülkiyyətdə olan 0.19 ha həyətyanı torpaq sahəsindən ona məxsus olan 1/6 hissədən ibarət mirasın iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən qəbul edilməsi faktı müəyyən edilməli, mərhum X7 miras qalmış ümumi birgə mülkiyyətdə olan 0.19 ha həyətyanı torpaq sahəsindən ona məxsus olan 1/6 hissəsindən İddiaçı1, İddiaçı2, Cavabdeh1, Abdullayeva (Rəhimova) Qərənfil Murad qızının, Cavabdeh4 və X5 hər birinin 1/6 hissə miras payı müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallada iddia tələblərindən kənara çıxa bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddəsini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. xx.xx.2019-cu il tarixdə vəfat etmiş mərhum X7 qalmış ümumi birgə mülkiyyətdə olan 0.19 ha həyətyanı torpaq sahəsindən ona məxsus olan 1/6 hissədən ibarət mirasın iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin; mərhum X7 miras qalmış ümumi birgə mülkiyyətdə olan 0.19 ha həyətyanı torpaq sahəsindən ona məxsus olan 1/6 hissəsindən İddiaçı1, İddiaçı2, Cavabdeh1, Abdullayeva (Rəhimova) Qərənfil Murad qızının, Cavabdeh4 və X5 hər birinin 1/6 hissə miras payı müəyyən olunsun. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar