Məhkəmə qərarları › İş №e-2(019)-654/2024

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-654/2024

27.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-654/2024 27.09.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 488 (dörd yüz səksən səkkiz) manat pulun alınaraq ona-İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Balakən rayonu Qazma kəndində yaşayır və fiziki şəxs kimi fəaliyyət göstərərək, Balakən şəhəri R.Səmədov küçəsində yerləşən mağazada məişət əşyaları və telefon satışı ilə məşğul olur (VÖEN **********). Cavabdeh xx.xx.2022-ci il tarixdə onun yanına gələrək, ona iki ədəd telefon verməsini xahiş etmişdir. Nisyə satış müqaviləsinə əsasən cavabdehə 550 manat dəyərində bir ədəd telefon, Samsung A23 64 gb İmei:**********64999 markalı telefonu 8 ay müddətinə nisyə satmışdır. Aralarında 10 dekabr 2022-ci il tarixli 469 nömrəli müqavilə və ödəniş qrafiki tərtib edilmişdir. Cavabdeh 26 mart 2023-cü il tarixində onun yanına gələrək, ona ikinci telefonunun verilməsini xahiş etmişdir. Nisyə satış müqaviləsinə əsasən cavabdehə 430 manat dəyərində ikinci telefon Samsung A 14 64 gb İmei:**********84332 markalı telefonu 6 ay müddətinə kreditlə nisyə satmışdır. Aralarında 26 mart 2023-cü il tarixli 706 nömrəli müqavilə və ödəniş qrafiki tərtib edilmişdir. Lakin cavabdeh həmin müqavilələrin və ödəniş qrafiklərinin tələblərinə riayət etməmiş, birinci telefondan ona 350 manat və ikinci telefondan ona 142 manat pul ödəmiş, iki telefona görə ümumi 980 manat borcdan ona cəmi 492 manat pul ödəmişdir. O, cavabdehə dəfələrlə borcu ödəməsi barədə şifahi və yazılı qaydada xəbərdarlıq etməsinə baxmayaraq, cavabdeh öhdəliyini tam yerinə yetirməmiş və borcu ödəməkdən boyun qaçırmışdır. Beləliklə, Cavabdeh 10 dekabr 2022ci il tarixli 469 nömrəli və 26 mart 2023-cü il tarixli 706 nömrəli müqavilələr və ödəniş qrafikləri üzrə ona cəmi 488 (dörd yüz səksən səkkiz) manat borcu yaranmışdır. Ona görə də o, göstərilən tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddiasının təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına təkrarən gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən hazırki işə cavbdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə iddiaçının izahatını dinləyib, işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslıdır və təmin olunmalıdır. Belə ki, işdə olan yazılı sübutlardan-o cümlədən 10 dekabr 2022-ci il tarixli 469 №-li müqavilədən, həmin tarixli əşyaların təhvil-təslim aktından və ödəniş qrafikindən, 26 mart 2023-cü il tarixli 706 №-li alqı-satqı müqaviləsindən, həmin tarixli təhvil-təslim aktından və ödəniş qrafikindən və digər sənədlərdən görünür ki, İddiaçı VÖEN (**********) xx.xx.2019-cı il tarixdə vergi orqanında qeydiyyata alınmışdır. İddiaçı tərəfindən Cavabdeh xx.xx.2022-ci il tarixli 469 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən 550 manat dəyərində bir ədəd Samsung A23 64 gb İmei:**********64999 markalı telefon 8 ay müddətinə hər aya 68,75 manat ödənilməklə nisyə satılmışdır. Həmçinin İddiaçı tərəfindən Cavabdeh xx.xx.2023-cü il tarixli 706 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən 430 manat dəyərində ikinci telefon Samsung A 14 64 gb İmei:**********84332 markalı telefon 6 ay müddətinə hər aya 71,67 manat ödənilməklə nisyə satılmışdır. Lakin cavabdeh həmin müqavilələrin və ödəniş qrafiklərinin tələblərinə riayət etməmiş, birinci telefondan iddiaçıya 350 manat və ikinci telefondan iddiaçıya 142 manat pul ödəmiş, iki telefona görə ümumi 980 manat borcdan iddiaçıya cəmi 492 manat pul ödəmişdir. İddiaçı Cavabdeh dəfələrlə borcu ödəməsi barədə şifahi və yazılı qaydada xəbərdarlıq etməsinə baxmayaraq, cavabdeh öhdəliyini tam yerinə yetirməmiş və borcu ödəməkdən boyun qaçırmışdır. Beləliklə, Cavabdeh 10 dekabr 2022-ci il tarixli 469 nömrəli və 26 mart 2023-cü il tarixli 706 nömrəli müqavilələr və ödəniş qrafikləri üzrə İddiaçı cəmi 488 (dörd yüz səksən səkkiz) manat borcu yaranmışdır. Ona görə də İddiaçı göstərilən tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmış və hazırki iddianın qaldırılması ilə əlaqədar 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Göstərilənlər əsasında məhkəmə hesab edir ki, tərəflər arasında mobil telefonların nisyə alqı-satqı müqavilələri üzrə qarşılıqlı öhdəliklər mövcud olmuş, iddiaçı tərəfindən cavabdehə münasibətdə üzərinə götürülmüş öhdəliklər icra olunmuş, lakin cavabdeh tərəfindən iddiaçı qarşısında götürülmüş öhdəliklər icra olunmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 568.1-ci maddəsinə əsasən satıcı alğısatqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 569.1-ci maddəsinə əsasən satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alqı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 614.1-ci maddəsinə əsasən pərakəndə alqı-satqı müqaviləsinə görə malların pərakəndə satışı üzrə sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan şəxsi, ailə, ev və ya digər istifadə üçün nəzərdə tutulan malı alıcıya verməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 615-ci maddəsinə əsasən əgər pərakəndə alqı-satqı müqaviləsində, o cümlədən alıcının qoşulduğu standart formaların şərtlərində ayrı qayda nəzərdə tutulmayıbsa, pərakəndə alqı-satqı müqaviləsi satıcının alıcıya kassa və ya əmtəə çekini və ya malın ödənildiyini təsdiq edən digər sənədi verdiyi andan lazımi formada bağlanmış sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 618.1-ci maddəsinə əsasən pərakəndə alqı-satqı müqaviləsi alıcının malı müqavilədə müəyyənləşdirilmiş müddətdə qəbul etməsi şərti ilə bağlana bilər. Bu müddət ərzində mal başqa alıcıya satıla bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 622.1-ci maddəsinə əsasən əgər öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı malı pərakəndə alqı-satqı müqaviləsinin bağlandığı an satıcının elan etdiyi qiymətlə ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 622.2-ci maddəsinə əsasən pərakəndə alqı-satqı müqaviləsində malın qabaqcadan ödənilməsinin nəzərdə tutulduğu halda alıcının müqavilədə müəyyənləşdirilmiş müddətdə malı ödəməməsi, əgər tərəflərin razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, alıcının müqavilənin icrasından imtina etməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 622.3-cü maddəsinə əsasən malların pərakəndə nisyə alqı-satqısı müqavilələrinə, o cümlədən alıcı tərəfindən malların hissəhissə ödənilməsi şərti ilə bağlanmış müqavilələrə bu Məcəllənin 600.5-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 622.4-cü maddəsinə əsasən alıcı malın hissə-hissə ödənilməsi üçün müqavilədə müəyyənləşdirilmiş müddət ərzində istədiyi vaxt malı ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 459.1-ci maddəsinə əsasən zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 459.5-ci maddəsinə əsasən əgər ilkin vəziyyətin bərpası yolu ilə zərərin əvəzinin ödənilməsi mümkün deyildirsə və ya bunun üçün tənasübsüz surətdə böyük xərclər zəruridirsə, kreditora pul əvəzi verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan qanun normalarına uyğun hüquqi qiymət verərək, hesab edir ki, Cavabdeh Ramihz qızı İddiaçı ilə bağlanmış xx.xx.2022-cü il tarixli 469 №-li nisyə alqı-satqı müqaviləsi və xx.xx.2023-cü il tarixli 706 №-li nisyə alqı-satqı müqaviləsi üzrə cəmi 488 manatı iddiaçıya ödəməməklə və ödəməkdən boyun qaçırmaqla, İddiaçı 488 manat məbləğdə maddi ziyan vurmuşdur. Ona görə də iddia təmin edilməklə həmin 488 manat məbləğ cavabdehdən alınaraq, iddiaçıya ödənilməli və bununla da iddiaçının pozulmuş hüquqları bərpa edilməlidir. Azərbaycan Respublikası MPM-nin119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan qanun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalı, Cavabdeh 488 (dörd yüz səksən səkkiz) manat pul və 30 manat dövlət rüsumu alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222.2 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin olunsun; Cavabdeh 488 (dörd yüz səksən səkkiz) manat pul və 30 manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar