Məhkəmə qərarları › İş №e-2(019)-722/2025

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-722/2025

16.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-722/2025 16.09.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Cəfərova Arifə Namus qızının sədrliyi, Mirzəyeva Afina Şakir qızının katibliyi Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək Cavabdeh yuxarıda təfərrüatları qeyd edilmiş borc müqaviləsinə (müqavilələrinə) əsasən 2024 manat əsas borc, 41 manat məbləğində ödənilmiş dövlət rüsumunun cəmi olan 2065 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin e-2(019)-722/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadına əsasən İddiaçı Cavabdeh qarşı pul tələbi barədə mülki işə iddia icraatı qaydasında baxılmışdır. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iş üzrə Cavabdeh İddiaçı MMC-dən təfərrüatları aşağıdakı cədvəldə göstərilmiş borc müqaviləsi (müqavilələri) əsasında ümumi dəyəri 2170 manat olan məişət avadanlığı (avadanlıqları) əldə edib. Cavabdehin müqavilə (müqavilələr) üzrə ödənişlər etdikdən sonra iddiaçıya 2024 manat əsas borcu qalıb. Yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh müqavilə (müqavilələr) üzrə 2024 manat əsas borc, 41 manat məbləğində ödənilmiş dövlət rüsumunun cəmi olan 2065 manat pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması zəruridir. Cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək soyuducunu aldıqdan 8 gün sonra soyuducunun mühərrikində güclü səs baş verdiyini, soyuducu xarab olduğundan xx.xx.2024-cü il tarixdə İddiaçı MMC-nin Balakən şəhərində yerləşən mağazasına müraciət edərək malın dəyişdirilməsini xahiş etdiyini, həmin vaxt soyuducuya baxış keçirilməsi üçün usta göndərildiyini, usta da öz rəyində soyuducunun xarab olduğunu qeyd etdiyini, bundan sonra ona soyuducunun mühərriyinin təmir olunacağı bildirildiyini, həmin vaxtdan sonra müqavilə ilə ona satılan malın nə təmir edilmədiyini, nə də yenisi ilə əvəz olunmadığını, buna baxmayaraq o 2 aylıq - 216 manat krediti ödədiyini bildirmişdir. Bundan əlavə olaraq bildirmişdir ki, ona müqavilə üzrə satılmış soyuducunun dəyişdirilməsi və təmiri ilə bağlı müraciətləri hələ də nəticəsiz qalmışdır. Əlavə olaraq məhkəmədə ona qarşı iddia qaldırılmışdır. Ona satılmış əmlakın yararsız olması və mağaza rəhbərliyinin bu barədə tədbir görməməsi barədə sübutları məhkəməyə təqdim edəcəyini bildirmiş, buna görə də işin iddia icraatına keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh etiraz ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, soyuducunu alan zaman yoxlamamış, satıcı heç bir problem olmadığını, narahat olmamasını, əgər problem yaranarsa lazımi tədbir görəcəklərini bildirmişdir. Bir neçə gün sonra soyuducunun mühərrikindən səslər gəldikdə usta çağıraraq problemin nə olduğunu soruşmuşlar, usta isə soyuducunun mühərrikinin nasaz olduğunu bildirmişdir. Bu barədə videogörüntünü məhkəməyə təqdim etmişdir. Dəfələrlə İddiaçı MMC-yə məlumat vermiş, soyuducunun dəyişdirilməsini tələb etmiş, tədbir görəcəklərini desələr də, bir il boyunca hər hansı tədbir görməmişlər. Bir il zəmanət bitdikdən sonra məhkəməyə iddia vermişlər. İddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, lakin iddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək, işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Ona görə də məhkəmə hazırki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iddia ərizəsini, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli BKK6442471 nömrəli müqavilədən görünür ki, Cavabdeh İddiaçındən 2170 manat dəyərində məişət avadanlığı əldə etmiş, məbləği hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh müqavilədə göstərilən malı əldə etmişdir. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə ödənilməmiş borcu 1944 manat təşkil edir. Zəmanət talonundan görünür ki, Soliton mağazası tərəfindən alıcı Cavabdeh xx.xx.2024-cü il tarixdəsatılan LG markalı soyuducunun zəmanət müddəti 12 aydır. Zəmanət - təqdim olunan dövrdə, sıradan çıxmış ehtiyat hissəsinin pulsuz şəkildə yenisi ilə əvəz olunması deməkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 567-cı maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 587.1-ci maddəsinə əsasən əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: 587.1.1. alış qiymətinin mütənasib azaldılması; 587.1.2. əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; 587.1.3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. 587.2-ci maddəsinə əsasən əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. 588.1-ci maddəsinə əsasən əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. 588.2-ci maddəsinə əsasən satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin 589.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsi ilə ayrı qayda müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri bu şərtlə irəli sürə bilər ki, həmin qüsurlar bu maddədə müəyyənləşdirilmiş müddətdə aşkar edilsin. 589.2-ci maddəsinə əsasən əgər əşya üçün qarantiya və ya yararlılıq müddəti müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin əşyanın alıcıya verildiyi gündən iki il ərzində və ya alğı-satqı müqaviləsi ilə nəzərdə tutulmuş daha uzun müddətdə irəli sürə bilər. Daşınmalı və ya poçtla göndərilməli əşyanın qüsurlarının aşkar edilməsi müddəti əşyanın təyinat yerinə çatdırıldığı gündən hesablanır. 589.3-ci maddəsinə əsasən əgər əşya üçün qarantiya müddəti müəyyənləşdirilibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin qüsurları qarantiya müddəti ərzində aşkara çıxardığı halda irəli sürə bilər. 589.7-ci maddəsinə əsasən müqavilədə nəzərdə tutulan qarantiya müddəti iki ildən az olduqda və alıcı əşyanın qüsurlarını qarantiya müddəti bitəndən sonra, lakin əşyanın ona verildiyi gündən iki il ərzində aşkar etdikdə, satıcı bu şərtlə məsuliyyət daşıyır ki, alıcı əşyanın qüsurlarının əşya alıcıya verilənədək əmələ gəldiyini və ya həmin məqamadək yaranmış səbəblərdən əmələ gəldiyini sübuta yetirsin. 600.4-ci maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi dövlət rüsumu tutulur. Məhkəmə əvvəlcə qeyd etməyi zərur hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi kimi ilk addım iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Odur ki, iddia ərizəsinin məzmunundan asılı olmayaraq, məhkəmənin başlıca işi tərəflər arasında yaranmış real hüquq münasibətlərinin müəyyən edilməsi və həmin hüquq münasibətinə uyğun gələn düzgün maddi hüquq normasının tətbiq edilməsindən ibarətdir. İddiaçının məhkəməyə təqdim etdiyi müqavilə “borc müqaviləsi” adlandırılsa da, tərəflər arasında yaranmış hüquq münasibəti nisyə alqı-satqı müqaviləsindən irəli gəlir. Belə ki, Mülki Məcəllənin borc müqaviləsinə və alqı-satqı müqaviləsinə verilən anlayışlarından məlum olur ki, borc müqaviləsinə görə pulu və ya digər əvəz edilə bilən əşyanı mülkiyyətinə almış borc alan müqavilə ilə müəyyən edilmiş müddət başa çatdıqdan sonra aldıqlarını eyni ilə borc verənə qaytarmaq öhdəliyi daşıyır. Borc predmeti yalnız müqavilə müddəti ərzində borc alanın mülkiyyətində qalır. Alqı-satqı müqaviləsi üzrə isə əşyanı alan alıcı yalnız onun dəyərini satıcıya ödəmək (ödəniş əvvəlcədən, əşyanı alan vaxt yaxud sonradan edilməklə) öhdəliyi daşıyır, dəyəri tam ödənildikdə isə əşya birdəfəlik alıcının mülkiyyətində qalır (əşyanın alıcının mülkiyyətinə verilməsi məqamı tərəflər arasındakı razılaşmaya müvafiq müəyyən edilə bilər). Tərəflər arasında bağlanmış müqavilədən də görünür ki, cavabdeh iddiaçıdan məişət avadanlığı almış və onun dəyərini hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Yəni tərəflər arasında nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Ona görə də, hazırkı mübahisəyə nisyə alqı-satqı müqaviləsi ilə bağlı müddəalar tətbiq edilməlidir. İşin mübahisəsiz hallarından görünür ki, müqavilədə nəzərdə tutulmuş məişət avadanlığı cavabdehə təhvil verilmiş və dəyərinin hissə-hissə ödənilməsi müddəti və məbləği müqavilə ilə müəyyən edilərək cavabdeh tərəfindən də imzalanmışdır. Cavabdeh göstərilən müqavilə əsasında aldığı əşyanın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmiş və bununla öhdəliyini pozmuşdur. Odur ki, iddiaçı hazırkı iddianı irəli sürməkdə haqlıdır. İddia ərizəsində iddiaçı ödənilməmiş əsas borcun 2024 manat olduğunu qeyd etməsinə baxmayaraq iş materiallarına əlavə olunan maliyyə arayışından görünür ki, əsas borc 1944 manat təşkil edir, buna görə də iddia qismən təmin edilməlidir. Məhkəmə cavabdehin iddia ərizəsinə etirazının dəlillərini əsassız hesab edir. Belə ki, cavabdeh malın yararsız vəziyyətdə olduğunu, İddiaçı MMC-nin Balakən şəhərində yerləşən mağazasının soyuducuya baxış keçirilməsi üçün göndərdiyi ustanın rəyində soyuducunun xarab olduğunu qeyd etdiyini bildirsə də, bu halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. O, əşyanın qüsurlarının ona verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirə bilməmişdir. Cavabdehin etirazı iddianın rədd edilməsi üçün əsas deyildir. Beləliklə, məhkəmə mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1944 manat ödənilməmiş hissə və 39.44 manat dövlət rüsumu alınıb İddiaçın xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 222-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1944 manat ödənilməmiş hissə və 39.44 manat dövlət rüsumu alınıb İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Arifə Cəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar