Məhkəmə qərarları › İş №e-2(019)-791/2024

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-791/2024

09.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-791/2024 09.10.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı lizinq müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən xx.xx.2023-ci il tarixli İF/06100 saylı saylı X5 müqaviləsi üzrə 5239.90 AZN (beş min ik yüz otuz doqquz manat 90 qəpik) borcun, 6367.00 AZN (altı min üç yüz altmış yeddi manat) lizinq obyektinin ehtiyyat hissələrinin və təmir xərclərinin ümumi məbləğinin, avtomobilin qalıq dəyərinin qiymətlədirilməsi zamanı tərəflərindən müstəqil ekspertə ödənilən 50 AZN (əlli manat) məbləğin və dövlət rüsumu olaraq ödədikləri 124.97 AZN (yüz iyirmi dörd manat doxsan yeddi qəpik) məbləğin iddiaçı "xxxx" MMC-nin xeyirinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə təşkilat arasında xx.xx.2023-ci il tarixli İF/06100 saylı 36 ay müddətli X5 müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən TOYOTA COROLLA minik markalı 77AD631 dövlət nömrə nişanlı avtomobil lizinq alan kimi onun istifadəsinə verilmişdir. Cavabdeh iki aylıq ödəniş etməsinə baxmayaraq sonrakı aylarda öhdəliklərini yerinə yetirməmişdir. 17 may 2023-cü il tarixindən başlayaraq 17 fevral 2024-cü il tarixinə qədər hər ay 654.99 AZN (altı yüz əlli dörd manat 99 qəpik) olmaqla 6549.90 AZN (altı min beş yüz qırx doqquz manat 90 qəpik) ödəniş etməli olduğu halda, cəmi 1310.00 AZN (bir min üç yüz on manat) ödəniş etmişdir. Cavabdehin qalıq borcu 5239.90 AZN-dir (beş min iki yüz otuz doqquz manat 90 qəpik) ( 6549.90 AZN-1310.00 AZN). Avtomobilin qalıq dəyərinin qiymətlədirilməsi aktına əsasən lizinq obyektinin ehtiyyat hissələrinin və təmir xərclərinin ümumi məbləği 6367.00 AZN (altı min üç yüz altmış yeddi manat) təşkil edir. Avtomobilin qalıq dəyərinin qiymətlədirilməsi zamanı müstəqil ekspertə ödənilən xidmət haqqı 50 AZN (əlli manat) təşkil edir. İddiaçı "xxxx" MMC məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək məhkəmə iclasını iştirakları olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında məhkəmə bildirişi sifarişlixəbərnaməli poçt vasitəsi ilə göndərilsə də o, Balakən rayonu Püştətala kəndində yaşamadığından məhkəmə sənədlərinin ona təqdim edilməsi mümkün olmamışdır. Göstərilən sənədlərin Cavabdeh təqdim edilməsi üçün həmin sənədlər sifarişlixəbərnaməli poçt göndərişi ilə Balakən rayon İHB-nın Püştətala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə göndərilmişdir. Balakən rayon İHB Püştətala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 25 sentyabr 2024-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, Bələmədov X1 inzibati ərazi dairəsinin Qaravəlli yaşayış məntəqəsində qeydiyyatda olmasına baxmayaraq uzun müddətdir ki, ailəsi ilə birlikdə Bakı şəhərində yaşayır. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə görə cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli İA/06100 saylı “X5” müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında “X5” müqavilə bağlanmış, TOYOTA COROLLA minik markalı 77FD631 dövlət nömrə nişanlı avtomobil Cavabdeh istifadəsinə verilmişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən Lizinq verən Lizinq alan tərəfindən seçilmiş və onun istəyinə əsasən alınmış əmlakın dəyərini ödəyib öz mülkiyyətinə əldə etməyi və lizinqi obyekti qismində lizinq alana müəyyən haqq müqaibilində müvəqqəti sahiblik və istifadəyə verməyi öhdəsinə götürür. Müqavilənin 2.2-ci bəndinə əsasən lizinq alan bu müqavilədə müəyyən edilmiş şərtlərlə lizinq obyektini lizinqə qəbul etməyi və bu müqavilənin ayrılmaz hissəsi olan əlavə №1-ə (lizinq ödənişləri cədvəli) olaraq lizinq ödənişlərini Lizinq verənə mütəmadi olaraq ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.3-cü bəndinə əsasən lizinq müddəti bitdikdən və liziqin ödənişləri liziq alan tərəfindən tam ödənildikdən sonra Lizinq alan Lizinq obyektinin qalıq dəyərini (əgər varsa) ödəmək şərti ilə lizinq verən lizinq obyektinə mülkiyyət hüququnun Lizinq alana verməyi, Lizinq alan isə mülkiyyət hüququnu əldə etməyi öhdəsinə götürür. Müqavilənin 3.1-ci maddəsinə əsasən bu müqavilə imzalandığı və lizinq obyekti lizinq alana təhvil aktına əsasən təhvil verildiyi gündən qüvvəyə minir. Lizinq obyekti 36 (otuz altı) ay müddətinə lizinqə verilir. Müqavilənin 4.1-4.3-cü maddəsinə əsasən Lizinq obyektinin balans uçotu və amortizasiya hesablanması lizinq alan tərəfindən aparılır. Lizinq obyektinin saxlanmasına, cari və əsaslı təmirinə dair bütün xərcləri lizinq alan ödəyir. Bu xərclər lizinq ödəmələrinə daxil edilə bilməz. Lizinq verən tərəfindən lizinq obyekti ilə əlaqədar göstərilən əlavə xidmətlərə görə ayrıca xidmət haqqı tutulur və bu barədə lizinq alan qabaqcadan məlumatlandırılır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən "xxxx" MMC ilə X2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli İF/06100 nömrəli Lizinq Obyektinin alqı-satqı müqaviləsindən görünür ki, həmin müqaviləyə "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış, müqaviləyə əsasən Satıcı, Lizinq alan tərəfindən seçilmiş və bu müqavilədə təsvir edilən nəqliyyat vasitəsini Alıcı-Lizinq verənə satır. Alıcı-Lizinq verən isə həmin nəqliyyat vasitəsini Lizinq alana lizinq vermək üçün əldə edir və razılaşdırılmış məbləği Satıcıya ödəyir.Nəqliyyat vasitəsinin təsviri;-Marka model; TOYOTA-COROLLA minik; Tip: SEDAN; ,Mühərrik 1ZR0086190;, Ban: JTNBM58E40202730; ,Buraxılış ili 2007; ,Mühərrik həcmi-1600sm3; ,rəngi boz göy metallik. Lizinq alan bu müqavilənin 1.1 bəndində təsvir edilən nəqliyyat vasitəsinin onun sifariş etdiyi liznq obyekti olduğunu təsdiq edir və həmin əmlakı lizinqə almağı öz öhdəsinə götürür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 17 aprel 2023-cü il tarixli təhvil təslim aktından görünür ki,xx.xx.2023-cü il tarixli İF/06100 nömrəli Daxili Lizinq müqaviləsində göstərilən lizinq obyekti (18000AZT dəyərində TOYOTA COROLLA minik, boz göy metallik, 2007.Ban: JTNBV58E********) Satıcı tərəfindən lizinq alana təhvil verildi. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli avtomobilin qalıq hissəsinin qiymətləndlirilməsi barədə 028/24 nömrəli Aktdan görünür ki, avtomobilin qalıq hissəsinin dəyəri 6 633.00 ( altı min altı yüz otuz üç) manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Cavabdeh ilə iddiaçı "xxxx" MMC arasında xx.xx.2023-ci il tarixli İF/06100 saylı X5 müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən TOYOTA COROLLA minik markalı 77AD631 dövlət nömrə nişanlı avtomobil lizinq alan kimi 36 ay müddətinə onun istifadəsinə verilmiş,cavabdeh hər ay 654.99 AZN (altı yüz əlli dörd manat 99 qəpik) ödəniş etməyi öhdəsinə götürmüşdür. Cavabdeh iki ay ödəniş etdikdən sonra, ödənişlər etməyərək öhdəliklərini yerinə yetirməmişdir. 17 may 2023-cü il tarixindən başlayaraq 17 fevral 2024-cü il tarixinə qədər hər ay 654.99 AZN (altı yüz əlli dörd manat 99 qəpik) olmaqla 6549.90 AZN (altı min beş yüz qırx doqquz manat 90 qəpik) ödəniş etməli olduğu halda, cəmi 1310.00 AZN (bir min üç yüz on manat) ödəniş etmişdir. Cavabdehin qalıq borcu 5239.90 AZN-dir (beş min iki yüz otuz doqquz manat 90 qəpik) ( 6549.90 AZN - 1310.00 AZN) təşkil edir. Avtomobilin qalıq dəyərinin qiymətlədirilməsi aktına əsasən lizinq obyektinin ehtiyyat hissələrinin və təmir xərclərinin ümumi məbləği 6367.00 (altı min üç yüz altmış yeddi ) manatdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə görə lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüquqununu verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyən dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748.1-ci maddəsinə görə Lizinq müqaviləsi yazılı formada bağlanılır. Həmin Məcəllənin 748-1.5-ci maddəsinə görə lizinq müqaviləsi qanuni qüvvəyə mindikdə lizinq alanın (müvafiq olaraq lizinq verənin lizinq verəndən (müvafiq olaraq lizinq alandan) lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək və onların yerinə yetirilmədiyi təqdirdə lizinq obyektinin qəbuluna hazırlıq zamanı vurulmuş zərərin, əgər bu hazırlıq üçün bilavasitə xərc çəkilibsə, lizinq verən (müvafiq olaraq lizinq alan) tərəfindən ödənilməsini məhkəmə yolu ilə tələb etmək hüququ vardır. Həmin Məcəllənin 748-1.12-ci maddəsinə görə lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 748-1.12 və 748-1.12.4-cü maddələrinə görə Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verən pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bunula da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Mülki Məcəllənin 748-13.3-cü maddəsinə əsasən lizinq verənin maliyyə nəzarətini həyata keçirməyə lazım olan məlumatı almaq üçün lizinq alana yazılı sorğu göndərmək hüququ vardır, lizinq alan isə bu sorğulara cavab verməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-13.4-cü maddəsində göstərilmişdir ki, lizinq alan lizinq ödənişləri üzrə öhdəliklərini yerinə yetirmədikdə, lizinq verənin bu Məcəllə və lizinq müqaviləsi ilə nəzərdə tutulmuş və öhdəliklərin təmin edilməsinə yönəldilmiş hərəkətləri həyata keçirmək hüququ vardır. Mülki Məcəllənin 748.3-cü maddəsinə əsasən lizinq müqaviləsində tərəflərin öhdəliklərinin mübahisəsiz və aşkar pozuntular sayılan və lizinq müqaviləsinin ləğvinə səbəb olan hallar müəyyənləşdirilməli, tərəflər arasında hesablaşma və lizinq obyektinin geri götürülməsi proseduru hökmən qeyd olunmalıdır. Həmin Məcəllənin 750-ci maddəsinə görə lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı geçikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2023-ci il tarixli İF/06100 saylı X5 müqaviləsi üzrə 5239.90 AZN (beş min ik yüz otuz doqquz manat 90 qəpik) borc, 6367.00 AZN (altı min üç yüz altmış yeddi manat) lizinq obyektinin ehtiyyat hissələrinin və təmir xərclərinin ümumi məbləği, avtomobilin qalıq dəyərinin qiymətlədirilməsi zamanı müstəqil ekspertə ödənilən 50 AZN (əlli manat) məbləğ və dövlət rüsumu olaraq ödənmiş 124.97 AZN (yüz iyirmi dörd manat 97 qəpik) məbləğ alınıb iddiaçı "xxxx" MMC-nə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qə t e t d i : İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-ci il tarixli İF/06100 saylı X5 müqaviləsi üzrə 5239.90 AZN (beş min ik yüz otuz doqquz manat 90 qəpik) borc, lizinq obyektinin ehtiyyat hissələrinin və təmir xərclərinin ümumi məbləği-6367.00 AZN (altı min üç yüz altmış yeddi manat), avtomobilin qalıq dəyərinin qiymətlədirilməsi zamanı müstəqil ekspertə ödənilən 50 AZN (əlli manat) və dövlət rüsumu olaraq ödənmiş 124.97 AZN (yüz iyirmi dörd manat 97 qəpik) alınıb iddiaçı "xxxx" MMC-nə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar