Məhkəmə qərarları › İş №e-2(019)-793/2024

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-793/2024

23.12.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-793/2024 23.12.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi, Ərizəçi, maraqlı şəxs Balakən Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi Nümayəndə iştirakları ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək qardaşı-26 iyul 1963-cü il tarixdə doğulmuş X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Balakən rayonunun Talalar kəndində yaşayır. 26 iyul 1963-cü il tarixdə doğulmuş qardaşı X4 şizofreniya paranoid formada hallüsinator paranoid sindromu əlamətləri F20.0 diaqnozu ilə xəstədir. O, Balakən rayon Mərkəzi Xəstəxanasının psixiatriya kabinetində qeydiyyatdadır. Xəstəliyi ilə bağlı ona xx.xx.2024-cü il tarixdən 2-ci qrup əlillik və təqaüd təyin edilmişdir. Lakin qardaşı Kamaldin xəstə olduğundan onun təqaüd kartının alınması mümkün olmamışdır. Uzun müddətdir ki, qardaşı Kamaldinə o, baxır, ona qulluq göstərir və onun müntəzəm olaraq kənar şəxsin qulluğuna ehtiyacı var. Qardaşı Kamaldinin təqaüd kartının alınması və dövlət tərəfindən əlillər üçün müəyyən edilmiş digər imtiyazlardan istifadə edilməsi üçün müvafiq təşkilatlara müraciət olunur.Lakin o xəstə olduğundan sənədləri imzalamaq iqtidarında deyil. Kamaldinin əvəzinə lazımi sənədlərin imzalanması səlahiyyəti başqa şəxsə verilmir. Buna görə də onun fəaliyyət qabiliyyətinin olmaması barədə qərar qəbul olunmalı və ona qəyyum təyin olunmalıdır. Bu səbəbdən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur.Qeyd edilənləri nəzərə alaraq ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək ərizənin məzmununa uyğun izahat verərək ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs Balakən Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi Nümayəndə ərizəyə etiraz etməyərək izahatında göstərdi ki, X4 şizofreniya paranoid formada hallüsinator paranoid sindromu əlamətləri F20.0 diaqnozu ilə xəstədir. 26 iyul 1963-cü ildə doğulmuş X4 xəstəliyi, yəni psixi qüsurları ilə əlaqədar olaraq fəaliyyət qabiliyyətinin olmaması səbəbindən, ona qəyyum təyin olunması zərurəti yaranmışdır. Qeyd edilənləri nəzərə alaraq ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi . İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Zaqatala rayonu Talalar kənd soveti tərəfindən 08 avqust 1963-cü ildə verilmiş AZ seriyalı 453970 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 26 iyul 1963-cü ildə anadan olmuşdur. X1, anası X6 qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş, Balakən RMX-sı tərəfindən verilmiş xəstənin ambulator stasionar tibbi kartasından çıxarışdan görünür ki, xx.xx.1963-cü il təvəllüdlü X4 şizofreniya paranoid formada hallüsinator paranoid sindromu əlamətləri F20.0 diaqnozu ilə xəstədir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2024-cü il tarixli Tibbi-Sosial Ekspert komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, xx.xx.1963-cü il təvəllüdlü X4 ikinici dərəcəli əlildir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X12 X9 Şöbəsinin xx.xx.2024-cü il tarixli 820 nömrəli rəyindən görünür ki,26 iyul 1963-cü il tarixdə Balakən rayonunda doğulmuş X4 ŞİZOFRENİYA PARANOİD FORMA,TERAPEVTİK REMİSSİYA VƏZİYYƏTİ XBT-10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı-10-cu baxış) F20.0-keçirməsinə baxmayaraq həmin xəstəlik halhazırda terapevtik remissiya vəziyyətində olması səbəbindən o, hal-hazırda öz əməlinin faktiki xarakterini dərk etmək və öz hərəkətlərini idarə etmək iqtidarındadır. X4 hal-hazırda FƏALİYYƏT QABLİYYƏTİ OLAN şəxs hesab edilir.. Məhkəmə ərizəçini və maraqlı şəxsi dinləyib, işdə olan sənədlərə baxaraq hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Ərizəçi 26 iyul 1963-cü il tarixdə doğulmuş qardaşı- X2 paranoid şizofreniya paranoid formada hallüsinator paranoid sindromu əlamətləri F20.0 diaqnozu ilə xəstə olması, xəstəliyi ilə əlaqədar olaraq öz hərəkətlərinin mənasını anlaya və onları idarə edə bilməməsini, X3 xəstəliyi, yəni psixi qüsurları ilə əlaqədar olaraq fəaliyyət qabiliyyətinin olmaması səbəbindən, ona qəyyum təyin olunması zərurəti yaranmasını göstərərək,onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X12 X9 Şöbəsinin xx.xx.2024-cü il tarixli 820 nömrəli rəyi ilə müəyyən olunmuşdur ki, 26 iyul 1963-cü il tarixdə Balakən rayonunda doğulmuş X4 hal-hazırda öz əməlinin faktiki xarakterinin dərk etmək və öz hərəkətlərini idarə etmək iqtidarındadır, o, FƏALİYYƏT QABLİYYƏTİ OLAN şəxs hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Həmin Məcəllənin 305.1.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, X4 hal-hazırda öz əməlinin faktiki xarakterini dərk etmək və öz hərəkətlərini idarə etmək iqtidarında olduğundan və o, FƏALİYYƏT QABLİYYƏTİ OLAN şəxs hesab edildiyindən Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edilmədiyindən 100 manat dövlət rüsumu xərci Ərizəçi özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi təmin edilməsin. 100 manat dövlət rüsumu xərci Ərizəçi özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar