Məhkəmə qərarları › İş №e-2(019)-797/2025

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-797/2025

02.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-797/2025 02.10.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, Mirzəyeva Afina Şakir qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı QSC-nin xeyrinə BLLK02007 saylı xx.xx.2022-ci il tarixli Nisyə Alqı-satqı müqaviləsi üzrə 168.38 AZN borcun, 0 AZN cərimə borcunun, 30 AZN məbləğində dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin e-2(019)-797/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadına əsasən iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbi barədə mülki işə iddia icraatı qaydasında baxılmışdır. İddiaçı QSC iddia tələbini onunla əsaslandırmışdır ki, OPTİMAL ELEKTRONİKA MMC ilə Cavabdeh arasında bağlanmış BLLK02007 saylı xx.xx.2022-ci il tarixli Nisyə Alqı-satqı müqaviləsinə əsasən cavabdeh 510.38 manat dəyərində nisyə aldığı malın dəyərini müqaviləyə əlavə olan Ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərti ilə 24 ay müddətində ödəməyi öhdəsinə götürüb. İddiaçı MMC ilə OPTİMAL ELEKTRONİKA MMC arasında imzalanan Faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan Sazişə əsasən OPTİMAL ELEKTRONİKA MMC-nin Cavabdeh qarşı olan 510.38 manat məbləğindəki tələb hüququ İddiaçı MMC-yə keçmişdir. Eyni zamanda tələb hüququnun İddiaçı MMC-yə keçməsi barədə Nisyə alqı satqı müqaviləsi üzrə Alıcıya müvafiq bildiriş təqdim edilmişdir. Ferrum Kapital MMC xx.xx.2020-ci il tarixində təşkilati hüquqi formasını dəyişərək QSC-yə çevrilmişdir. Tərəflər arasında bağlanmış Nisyə alqı-satqı müqaviləsinin 3-cü maddəsinə görə satıcı alıcıya Təhvil - təslim aktında (Əlavə 2) qeyd olunan malı satır və alıcı isə həmin malı qəbul edib tərəflər arasında razılaşdırılmış nisyə alqı-satqı müqaviləsi üzrə malın dəyərini satıcıya ödəyir. Tərəflər arasında bağlanan nisyə alqı-satqı müqaviləsinə əsasən alıcı həmin müqavilənin 1 saylı əlavəsində müəyyənləşdirilmiş müddətdə və qaydada pul məbləğini ödəməyi öhdəsinə götürür. Eyni zamanda həmin müqavilənin 5.6-cı maddəsinə əsasən alıcı borcu vaxtında ödəmədikdə, satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 0.3 % miqdarında dəbbə pulu ödəməlidir. Əlavə olaraq tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinin 6.1-ci maddəsinə əsasən alıcı müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etmədiyi halda, satıcı mala görə hesablanmış borcu və dəbbə pulunu dərhal tələb edə bilər. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq ödəniş cədvəli üzrə dövri оlaraq ödəməli оlduğu ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtmir. Belə ki, cavabdehin bugünə 168.38 manat əsas borcu, 0 manat cərimə borcu yaranıb. Yaranmış borc məbləğinin ödənilməsi ilə bağlı cavabdehə bildiriş göndərilmiş, lakin borclu tərəfindən ödənilməli olan vəsait ödənilməmişdir. Bu səbəbdən də, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək Ferrum Kapital” QSC-nin 168.38 manat borcun və digər xərclərin tutulması barədə iddiasının rədd edilməsi barədə qərar verilməsini və müqavilənin şərtlərinin satıcı tərəfindən pozulması və məhsulun geri qaytarılması faktlarının nəzərə alınmasını xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, OPTİMAL ELEKTRONİKA MMC-nin Balakən şöbəsi ilə onun arasında bağlanmış BLLK02007 saylı xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən o 510.38 manat dəyərində nisyə aldığı malın dəyərini müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərti ilə 24 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC ilə OPTİMAL ELEKTRONİKA MMC arasında imzalanan Faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan Sazişə əsasən OPTİMAL ELEKTRONİKA MMC-nin Balakən şöbəsi Cavabdeh qarşı olan 510.38 manat məbləğindəki tələb hüququ İddiaçı MMC-yə keçmişdir. Eyni zamanda tələb hüququnun İddiaçı MMC-yə keçməsi barədə Nisyə alqı satqı müqaviləsi üzrə ona müvafiq bildiriş təqdim edilmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, OPTİMAL ELEKTRONİKA MMC-nin Balakən şöbəsindən nisyə alqı-satqı müqaviləsi ilə tozsoran və ət çəkən maşın götürmüşdür. Aldığı məhsula OPTİMAL ELEKTRONİKA MMC-nin Balakən şöbəsi tərəfindən 899367 nömrəli zəmanət talonu ilə iki il müddətinə zəmanət verilmişdir. Həmin məhsulları alıb evə apardıqdan sonra Samsung VCC4520S36/XEV markalı tozsoranda nasazlıq yaranmışdır. Həmin nasazlıq səbəbindən iki gün sonra xx.xx.2022-ci il tarixdə Samsung VCC4520S36/XEV markalı tozsoranı OPTİMAL ELEKTRONİKA MMCnin Balakən şöbəsinə qaytararaq yenisi ilə əvəz olunmasını, yenisi ilə əvəz olunmadığı təqdirdə kredit məbləğindəki ödəniləcək məbləğdən tozsoranın qiymətinin çıxılmasını xahiş etmişdir. Mağaza müdiri tərəfindən ona məhsulun geri qaytarılacağını və yoxlanışdan sonra yenisi ilə əvəzlənəcəyini bildirmişdirlər. Məhsulu qaytardığı tarixdən sonra müntəzəm olaraq OPTİMAL ELEKTRONİKA MMC-nin Balakən şöbəsinə yaxınlaşaraq məlumat almışdır. Mağaza müdüri ona məhsulun keyfiyyətsizliyi ilə bağlı OPTİMAL ELEKTRONİKA MMC-ni məlumatlandırdığını yaxın günlərə məsələnin həll olunacağını bildirmişdirlər. Daha sonra OPTİMAL ELEKTRONİKA MMC-nin əməkdaşı tərəfindən ona zəng vurularaq Samsung VCC4520S36/XEV markalı tozsoranın müəyyən bir hissəsinin pulunun onun tərəfindən verilməklə müqavilədə göstərilən məbləğdən tozsoranın pulunun çıxılacağını bildirmişdir. Əməkdaşa tozsoranı işlətmədiyini nasazlıq səbəbindən iki gün sonra geri qaytardığını xatırladaraq heç bir ödəniş etməməli olduğunu və Samsung VCC4520S36/XEV markalı tozsoranın pulunu kredit məbləğindən çıxmalarını xahiş etmişdir. Balakən rayon məhkəməsinin icraatında olan e-2(019)-797/2025 nömrəli iş üzrə iddiaçının iddiasını əsassız hesab edir. Belə ki, OPTİMAL ELEKTRONİKA MMC-nin ona satdığı Məhsul keyfiyyətsiz və istifadəyə yararsız olmuşdur. Eyni zamanda məhsul geri qaytarılmış, lakin əvəz olunmamışdır. Malı təhvil alan OPTİMAL ELEKTRONİKA MMC müqavilə üzrə əsas öhdəlik olan “istifadəyə yararlı məhsulun təqdim olunması” yerinə yetirilməmişdir. Bu hallarda müqavilənin davamı mənasız sayılır və ödəniş öhdəliyi yarana bilməz. İddiaçı QSC onunla birbaşa müqavilə bağlamamış, sadəcə tələb hüququnu əldə etmişdir. Əgər ilkin tələb - yəni OPTİMAL MMC-nin tələbi - əsassızdırsa, bu halda İddiaçı QSC-nin də tələbi hüquqi əsasa malik deyil. Bu müddəalardan görünür ki, müqavilədə malların qüsurlu olduğu hallar hüquqi risk kimi OPTİMAL MMC-nin üzərində saxlanılıb, FAKTOR (yəni Ferrum Kapital) bu halda tələb hüququnu itirir. İddiaçı Ferrum Kapital yalnız tələb hüququ əldə etmişdir və bu tələb mövcud olmayan əsas (qüsurlu məhsul) üzərində qurulmuşdur. İddiaçı QSC məhkəməyə etiraza münasibət barədə ərizə göndərərək göstərmişdir ki, iddiaçı “Ferrum Kapital" QSC-nin Cavabdeh qarşı borcun ödənilməsinə dair iddia ərizəsi üzrə e-2(019)-797/2025 saylı mülki iş icraata verilmişdir. Qeyd olunan məhkəmə mübahisəsi ilə bağlı qeyd etmişdir ki, Cavabdeh xx.xx.2022-ci il tarixində bağladığı BLLK02007 saylı nisyə alqı-satqı müqaviləsi üzrə "xxxx" MMC-dən ümumi dəyəri 510.38 AZN olan BOSCH MFW66020 markalı ətçəkəni və Samsung VCC4520S36/XEV markalı tozsoranı 24 ay müddətində, hər ay 21 AZN ödəmək şərti ilə əldə etmişdir. İddiaçı QSC ilə "xxxx" MMC arasında bağlanmış R-16/19 saylı, xx.xx.2019-cu il tarixli faktorinq müqaviləsi və həmin müqaviləyə əlavə edilmiş R-xx/xx-0194 saylı, xx.xx.2022-ci il tarixli saziş üzrə "xxxx" MMC Cavabdeh qarşı pul tələbini İddiaçı QSC-yə güzəşt etmişdir. Bu barədə Cavabdeh tələbin “Ferrum Kapital QSC”-yə keçdiyini göstərən bildiriş verilmişdir. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərini icra etmədiyi üçün iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Cavabdeh məhkəməyə etiraz ərizəsi ilə müraciət etmiş, "xxxx" MMCdən nisyə əldə etdiyi Samsung VCC4520S36/XEV markalı tozsoranın 2 gün sonra nasaz vəziyyətə düşməsi səbəbindən məhsulun mağaza tərəfindən ondan geri götürüldüyünü bildirərək iddia tələbini qəbul etməmişdir. Cavabdehin tozsoranın texniki qüsuru ilə bağlı fikirlərinə münasibət olaraq, qeyd etmişdir ki, alıcı bütün bunları təsdiq edən hər hansı əsaslı sübut (servis, ekspert rəyi, təhvil- təslim aktı və s.) məhkəməyə təqdim etməmiş, tərəflərinə rəsmi şəkildə müraciət ünvanlanmamışdır. Belə ki, cavabdeh tərəfindən əldə edilmiş məhsulun qüsurlu olması, qüsurlu olduğu halda həmin qüsurun nə vaxt yaranması və yaranma səbəbi barədə heç bir qüsur aktı təqdim edilməmişdir. Əlavə olaraq, cavabdehin bildirdiyi kimi məhsulun satıcı tərəfindən götürülməsi halı da təhvil-təslim aktı ilə təsdiqlənməli olduğu halda, buna dair də heç bir sübut təqdim edilmir. Əlavə olaraq qeyd etmişdir ki, İddiaçı QSC ilə ‘‘Optimal Elektronika” MMC arasında bağlanmış R-16/19 saylı, xx.xx.2019-cu il tarixli faktorinq müqaviləsinin 3.2-ci maddəsinin “k” bəndinə əsasən “Faktor müştəri ilə borclu arasında hər hansı bir razılaşmadan irəli gələn mübahisəli məsələlərə görə məsuliyyət və öhdəlik daşımır”. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, nümayəndəsi məhkəməyə ərizə göndərərək, mülki işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh etiraz ərizəsinin məzmununa uyğun izahat verərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış BLLK02007 saylı xx.xx.2022-ci il tarixli Nisyə Alqı-satqı müqaviləsinin 3-cü maddəsinə əsasən müqaviləyə əsasən “Satıcı” “Alıcı”ya siyahısı Təhvil-Təslim aktında (əlavə 2) göstərilən Mal(lar)ı satır, “Alıcı” isə həmin Malı qəbul edir və bu müqavilə ilə razılaşdırılmış qaydada Malın dəyərini “Satıcı”ya ödəməyi öhdəsinə götürür. Müqavilənin 5.6-cı maddəsinə əsasən alıcı borcu vaxtında ödəmədikdə, satıcının xeyrinə hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin 0.3 % miqdarında dəbbə pulu ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh BLLK02007 saylı xx.xx.2022-ci il tarixli Nisyə Alqı-satqı müqaviləsində nəzərdə tutulan 1 ədəd ətçəkən BOSCH MFW66020 və 1 ədəd Tozsoran Samsung VCC4520S36/XEV təhvil almış, satılmış malların texniki göstəricilərinə və yararlığına dair irad bildirilməmişdir. xx.xx.2019-cu il tarixli R-16/19 nömrəli Faktorinq müqaviləsinin və faktorinq müqaviləsinə əlavə olunan xx.xx.2022-ci il tarixli Sazişin surətindən görünür ki, "xxxx" MMC Cavabdeh qarşı pul tələbini İddiaçı QSC-yə güzəşt etmişdir. Bu barədə nisyə alqısatqı müqaviləsi üzrə alıcıya müvafiq bildiriş təqdim edilmişdir. xx.xx.2025-ci il tarixli hesabdan çıxarışda göstərilmişdir ki, BLLK02007 saylı xx.xx.2022-ci tarixli alqı-satqı müqaviləsi üzrə borclu Cavabdeh xx.xx.2025-ci il tarixə İddiaçı QSC-ə borcu 168.38 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 567-cı maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 587.1-ci maddəsinə əsasən əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: 587.1.1. alış qiymətinin mütənasib azaldılması; 587.1.2. əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; 587.1.3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. 587.2-ci maddəsinə əsasən əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. 588.1-ci maddəsinə əsasən əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. 655.1-ci maddəsinə əsasən faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, OPTİMAL ELEKTRONİKA MMC ilə Cavabdeh arasında nisyə alqı-satqı müqaviləsi bağlanmış, müqavilədə nəzərdə tutulmuş 1 ədəd ətçəkən BOSCH MFW66020 və 1 ədəd Tozsoran Samsung VCC4520S36/XEV cavabdehə təhvil verilmiş və müqavilə hissə-hissə ödənilməsi müddəti və məbləği müqaviləyə əlavə edilmiş ödəniş cədvəli ilə müəyyən edilərək cavabdeh tərəfindən imzalanmışdır. OPTİMAL ELEKTRONİKA MMC tərəfindən tələb hüququ İddiaçı QSC-yə güzəşt edilmişdir. Cavabdeh nisyə alqı-satqı müqaviləsi əsasında aldığı əşyanın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmiş və bununla öhdəliyini pozmuşdur. Odur ki, iddiaçı hazırkı iddianı irəli sürməkdə haqlıdır. Məhkəmə Cavabdeh iddia ərizəsinə etirazının dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, etiraz əsassızdır. Belə ki, o, Samsung VCC4520S36/XEV markalı tozsoranı nasaz olduğundan OPTİMAL ELEKTRONİKA MMC-yə geri qaytardığını bildirsə də, məhkəməyə istinad etdiyi halları təsdiq edən mötəbər sübut təqdim etməmişdir. Bundan başqa xx.xx.2022-ci il tarixdə Cavabdeh əşyaları təhvil alarkən satılmış malların texniki göstəricilərinə və yararlığına dair irad bildirməmişdir. Göründüyü kimi cavabdehin etirazı iddianın rədd edilməsi üçün əsas deyildir. Beləliklə, məhkəmə mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh BLLK02007 saylı xx.xx.2022-ci tarixli müqaviləyə əsasən 168.38 manat borc, 30 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı İddiaçı QSC-nin xeyrinə ödənilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh BLLK02007 saylı xx.xx.2022-ci tarixli müqaviləyə əsasən 168.38 manat borc, 30 manat dövlət rüsumu və 0.40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqı alınıb İddiaçı QSC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Arifə Cəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar