Məhkəmə qərarları › İş №e-2(019)-849/2022

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-849/2022

07.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-849/2022 07.10.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlu, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i m: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh İddiaçı (“ERA Electronics”-in) xeyrinə 270 (AZN) manat məbləğində əsas borcun və 30 (AZN) manat məbləğində ödənilmiş dövlət rüsumunun, ümumilikdə 300 (AZN) manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı (VÖEN:**********02) “ERA Electronics” mağazası arasında imzalanmış xx.xx.2013-cü il tarixli, 06172 saylı müqaviləsinə əsasən borclu “ERA Electronics”dən 500 (AZN) manat məbləğində məişət avadanlığını kreditlə aylar üzrə 69 (AZN) manat məbləğ ödəmək şərtilə əldə etmiş və müqaviləyə əsasən üzərinə düşən borcu 6 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Borclu ödəməli olduğu borcu ödəməkdən yayınmış və beləliklə “ERA Electronics” ilə bağlamış olduğu xx.xx.2013-cü il tarixli, 06172 saylı müqavilənin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Borclunun “ERA Electronics”-ə olan borcunun ödənilməsi barədə ona dəfələrlə şifahi və bir dəfə də rəsmi xədərdarlıq edilməsinə baxmayaraq o “ERA Electronics”-ə olan borcunu xeyli müddətdir ki ödəməmişdir. Borclu ümumilikdə 230 (AZN) manat məbləğ ödəniş etsə də, o vaxtdan bu günə qədər heç bir ödəniş etməmişdir. Hazırda borclunun yuxarıdakı müqavilə üzrə müvafiq olaraq “ERA Electronics”-ə olan əsas borcu 270 (AZN) manat təşkil edir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, ərizə 01 sentyabr 2022-ci il tarixdə məhkəməyə daxil olmuş və 02 sentyabr 2022-ci il tarixdə Cavabdeh iddia ərizəsi və mülki prosessual hüquq və vəzifələri barədə rəsmi qaydada bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. İş materiallarında olan “Poçt göndərişinin verilməsi haqqında” xəbərnamədən görünür ki, Cavabdeh 07 sentyabr 2022-ci il tarixində məhkəmə bildirişini qəbul etmiş, lakin həmin tarixdən 10 (on) iş günü müddət keçməsinə baxmayaraq iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Məhkəmə, Cavabdeh prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu, qarşılıqlı iddia verilməməsini, üçüncü şəxsin işə daxil olması barədə vəsatəti olmamasını, tərəflərin təqdim etdiyi sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etməsini, iş üzrə əlavə araşdırmanın, o cümlədən sübutların yerində müayinəsi, tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti olmamasını nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməsinə zərurət yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2013-cü il tarixli 06172 nömrəli borc müqaviləsindən görünür ki, Cavabdeh ilə İddiaçı (VÖEN:**********02) “ERA Electronics” mağazası arasında imzalanmış xx.xx.2013-cü il tarixli, 06172 saylı müqaviləsinə əsasən borclu “ERA Electronics”dən kreditlə 500 (AZN) manat məbləğində məişət avadanlığını kreditlə-nisyə almışdır. İşdə olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, borclu Cavabdeh xx.xx.2013-cü il tarixli 06172 nömrəli müqavilə üzrə ödənilməmiş 270 manat əsas borcu qalmışdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, işin araşdırılan hallarından müəyyən olunur ki, Cavabdeh ilə İddiaçı (VÖEN:**********02) “ERA Electronics” mağazası arasında imzalanmış xx.xx.2013-cü il tarixli, 06172 saylı müqaviləyə əsasən Cavabdeh “ERA Electronics”dən 500 (AZN) manat məbləğində məişət avadanlığını kreditlə aylar üzrə 69 (AZN) manat məbləğ ödəmək şərtilə əldə etmiş və müqaviləyə əsasən üzərinə düşən borcu 6 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Borclu ödəməli olduğu borcu ödəməkdən yayınmış “ERA Electronics” ilə bağlamış olduğu xx.xx.2013 -ci il tarixli, 06172 saylı müqavilənin tələblərini pozmuş, üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Cavabdeh ümumilikdə 230 (AZN) manat ödəniş etmiş, hazırda onun iddiaçıya olan borcu 270 (AZN) manat təşkil edir.Borc ödənilmədiyindən iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Borc müqaviləsi üzrə hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, Cavabdeh 270 manat əsas borc alınıb İddiaçı xeyrinə ödənilməlidir. İddia təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən dövlət rüsumu olaraq ödənilmiş 30 manat Cavabdeh tutulub İddiaçı xeyrinə ödənilməlidir. Beləliklə məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq iddiaçının təqdim etdiyi mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 270 manat əsas borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu-cəmi 300 manat alınıb İddiaçı xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 222-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 270 manat əsas borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumucəmi 300 manat alınıb iddiaçı “İddiaçı xeyrinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar