Məhkəmə qərarları › İş №e-2(019)-890/2022

Balakən Rayon Məhkəməsi Qərardad — İş №e-2(019)-890/2022

22.09.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № e-2(019)-890/2022 22.09.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlu, İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, m ü ə y y ə n e t d i m: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xüsusi mühafizə olunan təbiət ərazisinə aid olan X2 Qoruğunun Axkimal sahəsinin 03 saylı dolayının 07 saylı kvartalında tikmiş olduğu 3m x 4m ölçüsündə çoban sığınacağının qanunsuz olduğundan qanuna müvafiq qaydada sökülərək X2 Qoruğuna təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəyə və ona əlavə olunmuş sənədlərə baxaraq, hesab edirəm ki, aşağıda göstərilən əsaslara görə bu ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 151-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası MPM-nin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Azərbaycan Respublikası MPM-nin 149.2.2-ci maddəsinə əsasən ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda-iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinə əsasən ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 149.2.5-ci maddəsinə əsasən iddia ərizəsində ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 150.1.2-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsi haqqında iddia ərizəsinə əlavə edilməlidir. Lakin hazırki ərizədə iddiaçı kimi X2 Qoruğu qeyd edilməmiş, həmçinin iddiaçı kimi X2 Qoruğunun adından onu təmsil edən şəxs kimi İddiaçı iddia ərizəsini imzalaması və onun xidməti vəziyyəti göstərilməmiş, bununla bağlı müvafiq sənəd iddia ərizəsinə əlavə edilməmiş, ərizədə iddiaçı kimi X2 Qoruğunun adı, olduğu yer (rəsmi qeydə alındığı ünvan), telefon nömrələri, elektron poçt ünvanı və cavabdehin elektron poçt ünvanı və poçt ünvanı, eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN) göstərilməmişdir. Həmçinin nəzərə çatdırılır ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına əsasən dövlət mülkiyyətində olan ərazilərdə inşa edilmiş qanunsuz tikililərin sökülməsi haqqında iddialar Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən qaldırılmalıdır (qaz kəmərlərinin mühafizə zolağında tikilmiş qanunsuz tikililərin söküliməsi haqqında iddialar «Azəriqaz» İstehsalat Birliyi tərəfindən qaldırılır). Göstərilənlər onu deməyə əsas verir ki, hazırki iddia ərizəsinin Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsilə müəyyən olunmuş formasına və məzmununa riayət edilməmişdir. Qeyd olunanlar da hazırki ərizənin qaytarılması üçün əsasdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-nin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüquqi olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Məhkəmə qeyd olunanları, mülki prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı və İddiaçı ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-152,263-264 və 266-268-ci maddələrini rəhbər tutub, q ə r a r a a l d ı m: İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın; İddiaçı ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar