Məhkəmə qərarları › İş №e-2(019)-908/2022

Balakən Rayon Məhkəməsi Qərardad — İş №e-2(019)-908/2022

26.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № e-2(019)-908/2022 26.09.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair kiçik iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, müəyyənetdim: İddiaçı Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh Çingiz oğlundan İddiaçı («ERA Elektroniks»-in) xeyrinə 109 (AZN) manat əsas və 10 (AZN) manat cərimə borcu olmaqla ümumilikdə 119 (AZN) manat məbləğində borcun və 30 (AZN) manat məbləğində ödənilmiş dövlət rüsumunun, ümumilikdə 149 (AZN) manat məbləğində pulun tutulması barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəyə və ona əlavə olunmuş sənədlərə baxaraq, hesab edirəm ki, aşağıda göstərilən əsaslara görə bu ərizənin qəbul olunmasından imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qadada baxılmasına yol verilir. Azərbaycan Respublikası MPM-nin 284-2-ci maddəsinə əsasən kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. Azərbaycan Respublikası MPM-nin 284-3.1-ci maddəsinə əsasən ərizə məhkəməyə ümumi qaydada verilir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə ərizə həmin sistemdə qeydiyyatdan keçmiş mülki işlər üzrə işdə iştirak edən şəxslər, habelə kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslər tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə göndərilir. Azərbaycan Respublikası MPM-nin 284-3.2-ci maddəsinə əsasən ərizədə aşağıdakılar göstərilməlidir: 284-3.2.1. ərizənin verildiyi məhkəmənin adı; 284-3.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər ərizəni nümayəndə verirsə), cavabdehin soyadı, adı, atasının adı, yaşayış yeri (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, həmin şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 284-3.2.3. iddiaçının tələbi və onun əsaslandığı hallar; 284-3.2.4. tələbin əsaslığını təsdiq edən sənədlər, əmlakın verilməsi tələbləri üzrə tələb olunan əmlakın dəyərinə dair sübutlar; 284-3.2.5. əlavə edilən sənədlərin siyahısı. Azərbaycan Respublikası MPM-nin 284-3.3-cü maddəsinə əsasən ərizə ümumi qaydada verildikdə, iddiaçı və ya onun nümayəndəsi tərəfindən imzalanır və iddiaçının əsaslandığı sənədlər ona əlavə edilir. Nümayəndə tərəfindən verilən ərizəyə onun səlahiyyətlərini təsdiq edən sənəd də əlavə edilməlidir. Azərbaycan Respublikası MPM-nin 284-3.4-cü maddəsinə əsasən ərizə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə göndərildikdə iddiaçının və ya onun nümayəndəsinin elektron imzası ilə təsdiq olunur. Ərizəyə əlavə edilən sənədlər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 284-3.5-ci maddəsinə əsasən ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası MPM-nin 284-4.1.3-cü maddəsinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa, məhkəmə kiçik iddialar dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Azərbaycan Respublikası MPM-nin 284-4.2-ci maddəsinə əsasən bu Məcəllənin 284- 4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Azərbaycan Respublikası MPM-nin 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. İş materiallarından görünür ki, hazırki tələbin əsasını təşkil edən xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi «Satıcı» «ERA Elektroniks» mağazası ilə «Alıcı» Cavabdeh arasında bağlanmış və həmin müqavilədə İddiaçı «Satıcı» «ERA Elektroniks»i təmsil edən şəxs kimi göstərilmişdir. Hazırki iddia ərizəsində də Cavabdeh xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə pulun «ERA Elektroniks»in xeyrinə tutulması xahiş olunur. «ERA Elektroniks»in də hüquqi subyekt olmaması və iddiaçı kimi qeyd olunan İddiaçı xüsusi mülkiyyətində olması barədə iddia ərizəsinə heç bir sənəd əlavə olunmamışdır. Eyni zamanda İddiaçı «ERA Elektroniks»i təmsil etmək, o cümlədən onun adından məhkəməyə iddia ərizəsi ilə müraciət etmək və bu iddia ərizəsini imzalamaq səlahyyətini təsdiq edən etibarnamə iddia ərizəsinə əlavə olunmamışdır. Halbuki qanunun tələbinə görə (MPM-nin 284-3.3-cü maddəsi) iddia ərizəsi nümayəndə vasitəsilə verildikdə nümayəndə tərəfindən imzalanır, həmçinin nümayəndə tərəfindən verilən ərizəyə onun səlahiyyətlərini təsdiq edən sənəd də əlavə edilməlidir. Lakin İddiaçı «ERA Elektroniks»i təmsil etmək, o cümlədən onun adından məhkəməyə iddia ərizəsi ilə müraciət etmək səlahyyətini təsdiq edən etibarnamə iddia ərizəsinə əlavə olunmamışdır. Həmçinin Cavabdeh «ERA Elektroniks»ə 109 manat əsas borc və 10 manat cərimə borcu tələbini təsdiq edən sənədlər ərizəyə əlavə edilməmişdir. Tərəflər dinlənilmədən ərizəyə əlavə edilmiş sənədlər əsasında Cavabdeh göstərilən məbləğdə borcu olması barədə dəqiq nəticəyə gəlmək mümkün deyildir. Qeyd olunanlara əsasən hesab edirəm ki, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair kiçik iddia ərizəsinin qəbul olunmasından imtina edilməli və İddiaçı (və ya «ERA Elektroniks»ə) ərizənin qaytarılmasının həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmaması və ya ərizənin qəbul edilməsindən imtina olunmasının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmaması və bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun ödənilməli olan dövlət rüsumuna hesablanması izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264, 266, 284-1, 284-2, 284-3 və 284-4-cü maddələrini rəhbər tutub, q ə r a r a a l d ı m: İddiaçı Cavabdeh qarşı borc tələbinə dair kiçik iddia ərizəsinin qəbul olunmasından imtina edilsin; İddiaçı (və ya «ERA Elektroniks»ə) ərizənin qaytarılmasının həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmaması və ya ərizənin qəbul edilməsindən imtina olunmasının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmaması və bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun ödənilməli olan dövlət rüsumuna hesablanması izah edilsin. Bu qərardaddan şikayət verilə bilməz. Hakim: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar