Məhkəmə qərarları › İş №e-2(019)-995/2021

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-995/2021

02.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-995/2021 02.12.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 qızının katibliyi,Cavabdeh iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı borc pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək borcludan müqavilə üzrə 566 manat qalıq, 61.27 manat cərimə borcu olmaqla, cəmi 627.27 manat borcun, həmçinin ərizə verilməsi üçün ödənilmiş 20 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC məhkəmə baxışı dövründə məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək Cavabdeh müqavilə üzrə 67 manat qalıq, 15,47 manat cərimə borcu olmaqla, cəmi 82,45 manat borcun, həmçinin ərizə verilməsi üçün ödənilmiş 20 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. İddiaçı MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, kreditor ilə borclu arasında bağlanmış 26.06.2020-ci il tarixli BLLK00079 saylı nisyə alqı-satqı müqaviləsinə (‘‘müqavilə’’) əsasən, borcluya 599 manat (borclu tərəfindən edilmiş ilkin ödəniş məbləği daxil olmaqla) dəyərində məişət məhsulu nisyə satılmışdır və məhsul borcluya təhvil verilmişdir. Müqavilənin və tərəflər arasında tərtib edilmiş “ödəniş qrafikinin şərtlərinə borclu tərəfindən əməl edilməmiş, o, borcun qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Borcluya dəfələrlə tərəflərindən yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, öhdəliyini yerinə yetirməmişdir. Müqaviləsinin 6.1-ci bəndi və 6.1.1 -ci yarımbəndinə əsasən, borclu müqavilə üzrə üzərinə götürdüyü borc öhdəliklərini yerinə yetirmədiyi (lazımınca yerinə yetirmədiyi) təqdirdə, kreditor nisyə mala görə hesablanmış borcu və dəbbə pulunu dərhal tələb etmək hüququna malikdir. Borclunun kreditor qarşısında müqavilə üzrə qalıq borcu 566 manat təşkil edir. Müqavilənin 5.6-cı bəndinə əsasən, borcun ödənişi gecikdirildikdə, hər gecikdirilmiş gün üçün gecikdirilmiş borc məbləğinin 0,3 %-i həcmində cərimə (dəbbə pulu) pulu ödəməyi borclu öhdəsinə götümüşdür. Borclunun kreditor qarşısında müqavilə üzrə cərimə borcu 612.68 manat təşkil edir (bax əlavə olunan maliyyə arayışı). Hazırda borclulara qarşı güzəşt siyasəti tətbiq etdiyi üçün hesablanmış cərimə məbləğinin yalnız 10%-ini ödəməyi borcludan tələb edir. Həmin məbləğin isə 10%-i 61.27 manat təşkil edir. İddiaçı MMC məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Nümayəndə məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, o, 26.06.2020-ci il tarixdə İddiaçı MMC-dən nisyə alqı-satqı müqaviləsinə əsasən 599 manat dəyərində soyuducu almışdır. Aldığı soyuducu nasaz olduğu üçün elə həmin ayda geri qaytarmışdır. Bununla bağlı müdiriyyətə də məlumat vermişdir.Buna baxmayaraq ona qarşı belə bir tələblə çıxış ediblər. İddiaçı MMC tərəfindən ona qarşı irəli sürülən tələbi tam əsassızdır. Ona görə də iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İşdə olan və məhkəmə iclasında tədqiq edilən 26.06.2020-ci il tarixli BLLK00079 №-li Nisyə alqı-satqı müqaviləsindən görünür ki,İddiaçı MMC ilə Cavabdeh arasında 26.06.2020ci il tarixli BLLK00079 №-li Nisyə alqı-satqı müqaviləsi bağlanmış və İddiaçı MMC Cavabdeh 599 manat məbləğinə məişət məhsulunu 18 ay müddətinə kreditlə-nisyə satmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 11 noyabr 2021-ci il tarixli maliyyə arayışında göstərilmişdir ki, Cavabdeh 26.06.2020-ci il tarixli BLLK00079 №-li Nisyə alqısatqı müqaviləsi üzrə borcu 67 manat əsas borc və 15,47 manat cərimə borcu olmaqla cəmi 82,47 manat təşkil edir. Məhkəmə cavabdehin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı MMC ilə bağladığı 26.06.2020-ci il tarixli BLLK00079 №-li Nisyə alqısatqı müqaviləsinə əsasən İddiaçı MMC-dən dəyəri 599 manat məbləğində məişət məhsulunu 18 ay müddətinə kreditlə-nisyə almışdır. Hal-hazıra Cavabdeh 26.06.2020-ci il tarixli BLLK00079 №-li Nisyə alqı-satqı müqaviləsi üzrə 67 manat borcu vardır. Ona 15,47 manat cərimə hesablanmışdır. Cavabdeh borcu ödəməmişdir. Ona görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Borc müqaviləsi üzrə hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda,işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Sadalanan hüquq normalarının tələblərini, işin hallarını nəzərə alan məhkəmə bu nəticəyə gəlir ki, iddia tələbi əsas borca aid hissədə əsaslıdır. Bununla yanaşı məhkəmə bu nəticəyə gəlir ki, cərimə borcu yüksək göstərilmişdir. Belə ki, əsas borcun miqdarı 67 manat olduğu halda, 15,47 manat məbləğində cərimə hesablanması tənasübsüz dərəcədə yüksək hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək penya pulunu azalda bilər. Məhkəmə kreditorun həm əmlak mənafeyini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq hesab edir ki , cərimənin miqdarı tənasübsüz dərəcədə yüksək hesablandığından azaldılaraq 02 manat həcmində müəyyən edilməlidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 67 manat məbləğində əsas borc, 02 manat məbləğində cərimə, ümumilikdə 69 manat borc və 20 manat məbləğində ödənilmiş dövlət rüsumu xərcinin 16,80 manatı alınaraq İddiaçı MMCnə ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 67 manat məbləğində əsas borc, 02 manat məbləğində cərimə, ümumilikdə 69 manat borc və 20 manat məbləğində ödənilmiş dövlət rüsumu xərcinin 16,80 manatı alınaraq İddiaçı MMC-nə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar