Məhkəmə qərarları › İş №e-2(020)-1101/2025

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(020)-1101/2025

11.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № e-2(020)-1101/2025 11.07.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Mən, Beyləqan Rayon Məhkəməsinin hakimi Cabbarlı Xatın Mahir qızı, İddiaçı “X2 Olmayan Kredit Təşkilatı” MMC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kiçik iddia üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı “X2 Olmayan Kredit Təşkilatı” MMC Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli ONSK08715 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 1123,36 manat məbləğində borcun və 31,23 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh oğlundan tutularaq iddiaçı “X2 Olmayan Kredit Təşkilatı” MMC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, satıcı "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə ONSK08715 nömrəli nisyə alqı-satqı müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən satıcı cavabdehə müqavilənin əlavələsində göstərilən mətbəx mebeli “Samsung A51” markalı telefon cihazını satmağı, cavabdeh isə həmin malın dəyərini satıcıya 12 ay ərzində 56 manat, sonuncu ay isə 63 manat olmaqla, cəmi 696 manat məbləğində pulu ödəmək öhdəliyini üzərinə götürmüşdür. Malların nisyə satış müqaviləsinə 2 saylı əlavədə, təhvil-təslim aktında göstərilən “Samsung A51” markalı telefon cihazı cavabdehə təhvil verilmişdir. Müqavilənin və tərəflər arasında tərtib edilmiş ödəniş qrafikinin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, o, borcun qaytarılmasına dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, o, öhdəliyi yerinə yetirməmişdir. Belə ki, müqavilənin 6.1-ci bəndi və 6.1.1-ci yarımbəndinə əsasən, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü borc öhdəliklərini yerinə yetirmədiyi (lazımınca yerinə yetirmədiyi) təqdirdə, kreditor nisyə mala görə hesablanmış borcu və dəbbə pulunu dərhal tələb etmək hüququna malikdir. Cavabdehin iddiaçı qarşısında xx.xx.2021-ci il tarixli ONSK08715 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə qalıq borcu 599 manat təşkil edir. Müqavilənin 5.6-cı bəndinə əsasən borcun ödənişi gecikdirildikdə hər gecikdirilmiş gün üçün borc məbləğinin 0,3% həcmində cərimə (dəbbə pulu) ödəməyi cavabdeh öhdəsinə götürmüşdür. Borclunun kreditor qarşısında müqavilə üzrə cərimə borcu 524,36 manat təşkil edir. Hazırda cavabdehin iddiaçı qarşısında xx.xx.2021-ci il tarixli ONSK08715 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 599 manat qalıq borcu, 524,36 manat cərimə borcu olmaqla, cəmi 1123,36 manat borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının MPM-nin 284-5.1-ci maddəsinə əsasən, xx.xx.2025-ci il tarixində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdeh tərəfindən iddiaya etiraz məhkəməyə göndərilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İş materiallarını araşdıraraq belə nəticəyə gəlirəm ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: «X2 Olmayan Kredit Təşkilatı» Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə bağlanmış ONSK08715 nömrəli nisyə alqı-satqı müqaviləsindən və ona Əlavə edilmiş Əlavə № 1-dən görünür ki, “X2 Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh ilkin ödənişi 27 manat olmaqla, 12 ay müddətinə, hər ay 56 manat ödəmək şərti ilə, dəyəri 696 manat olan “Samsung A51” markalı telefon cihazı satmışdır. Həmin müqavilədə 5.6-cı bəndinə əsasən, borcun ödənişi gecikdirildikdə hər gecikdirilmiş gün üçün borc məbləğinin 0,3% həcmində cərimə (dəbbə pulu) ödənilməlidir. xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, satıcı tərəfindən “Samsung A51” markalı telefon X1 təhvil verilmişdir. xx.xx.2025-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh xx.xx.2021ci il tarixli müqavilə üzrə «X2 Olmayan Kredit Təşkilatı» Məhdud Məsuliyyətli Cəmiyyətinə 599 manat əsas borc və 524,36 manat cərimə borcu olmaqala, cəmi 1123,36 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; -445.2.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müdəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; -448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; -450.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. -462.1-ci maddəsinə görə dəbbə pulu (faiz, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; -598.3-cü maddəsinə əsasən, əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. -600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; -600.2-ci maddəsinə görə əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. -600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; -601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. İşdə olan sübutlara məcmu halında qiymət verərək hesab edirəm ki, «X2 Olmayan Kredit Təşkilatı» Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmış xx.xx.2021-ci il tarixli müqavilə üzrə Cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən, iddia tələbi Cavabdeh 599 manat əsas borc alınaraq, iddiaçı «X2 Olmayan Kredit Təşkilatı» Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməsi hissəsində təmin edilməlidir. Digər tərəfdən, iddiaçı bağlanmış xx.xx.2021-ci il tarixli, ONSK08715 saylı müqavilənin şərtlərinə əsasən müvafiq olaraq 524,36 manat məbləğində cərimə pulu tələb etmişdir. Hesab edirəm ki, xx.xx.2021-ci il tarixli, ONSK08715 saylı müqavilə üzrə cəmi 599 manat əsas borca görə 524,36 manat məbləğində cərimənin hesablanması ədalətli deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən də, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək cərimə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bu səbəblə məhkəmə, xx.xx.2021-ci il tarixli, ONSK08715 saylı müqavilə üzrə 524,36 manat məbləğində hesablanmış cərimə məbləğinin 50 manat həcmində müəyyənləşdirilməsinin tərəflərin əmlak mənafeləri baxımından ədalətli hesab edir. Beləliklə də yuxarıda göstərilənlərə əsasən hesab edirəm ki, iddia qismən təmin edilməli və cavabdehdən 599 manat məbləğində əsas borc və 50 manat məbləğində cərimə borcu iddiaçının xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən, ödənilmiş 31,23 manat məbləğində dövlət rüsumunun 30 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ M: İddia qismən təmin edilsin. Cavabdeh 599 (beş yüz doxsan doqquz) manat məbləğində əsas borc, 50 (əlli) manat məbləğində cərimə borcu və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 679 (altı yüz yetmiş doqquz) manat məbləğində pul vəsaiti tutularaq, iddiaçı «X2 Olmayan Kredit Təşkilatı» Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Xatın Cabbarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar