Məhkəmə qərarları › İş №e-2(020)-1194/2024

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(020)-1194/2024

07.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № e-2(020)-1194/2024 07.08.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Cabbarlı Xatın Mahir qızı, İddiaçı “X8 Kompleksi” MMC-nin Cavabdeh qarşı pul tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı “X8 Kompleksi” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1050,01 manat əsas borc, 210 manat cərimə borcu və ödənilmiş mediasiya xərcinə görə 40 manat olmaqla, cəmi 1300,01 manat borcun Cavabdeh alınaraq “X8 Kompleksi” MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “X8 Kompleksi” MMC, tədarükçü qismində “X8 Kompleksi” MMC-nin ”X7 və Emalı Zavodu” filialı və fermer (Cavabdeh) Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 474 saylı xam-pambığın alğı-satqı müqaviləsinə əsəsən cavabdeh öhdəsində olan 3.00 hektar torpaq sahəsində öz işçi qüvvəsi ilə pambıq əkməyi və hər hektardan 30 sentnerdən az olmamaqla xam pambıq istehsal etməklə iddiaçıya (Alıcıya) satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan 1515 manat məbləğində avans vəsaitlər (nağd vəsait, dərman, çiyid, gübrə və s.) verilmiş, müxtəlif xidmətlər göstərilmişdir. Müqavilə şərtlərinə əsasən, cavabdeh götürdüyü avansın dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra, təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Lakin cavabdeh yaranmış borcdan 464,99 manat ödəniş etmişdir. Beləliklə, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli, 474 saylı müqavilənin 2.1.1, 2.1.7, 5.2-ci bəndlərini pozaraq götürdüyü avans müqabilində borcunu tam ödəməmişdir. Nəticədə cavabdehin iddiaçıya 1050,01 manat borcu qalmışdır. Bundan əlavə, Müqavilənin 5.2-ci bəndinə əsasən cavabdeh müqavilədə nəzərdə tutulan miqdarda xam-pambıq vermədiyi halda yerinə yetirilməyən öhdəlik üzrə xam-pambığın 1-ci növ qiyməti ilə (1-ci növ xam-pambığın 1 tonunun qiyməti 650 manatdır) 20% həcmində cərimə ödəməlidir ki, bu cərimənin də məbləği 210,00 manat təşkil edir. Qaytarılmamış məbləğin cəriməsi: 1050,01 manat *20%= 210,00 manat. Eyni zamanda borclu Cavabdeh xx.xx.2022-ci il tarixli üzləşmə aktında xx.xx.2022-ci il tarixli, 474 saylı xam-pambığın alqısatqı müqaviləsini pozaraq öhdəliyində olan 1515,00 manat məbləğində borcu qaldığını təsdiq etmişdir. Bununla yanaşı, cavabdehin qeydiyyatda olduğu ünvan üzrə rəsmi pretenziya məktubu göndərilməklə 3 iş günü müddətində borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə isə müqavilə öhdəliyini yetirilməməsinə görə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Buna baxmayaraq məsələnin cavabdeh tərəfindən məhkəmədən kənar həllinə heç bir təşəbbüs göstərilməmişdir. xx.xx.2023-cü il tarixli MŞC/MT-020/2023-01739 reyestr nömrəli mediasiya arayışından da görünür ki, mediasiya mərhələsində cavabdehlə barışıq əldə etmək mümkün olmamışdır. Beləliklə cavabdeh, Müqavilə üzrə borcunu ödəmədiyindən iddiaçı borcu qanunvericiliyə uyğun olaraq məhkəmə qaydasında tələb etmək məcburiyyətindədir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının MPM-nin 284-5.1-ci maddəsinə əsasən, xx.xx.2024-cü il tarixində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdeh tərəfindən iddiaya etiraz məhkəməyə göndərilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz daxil olmamış və məhkəmə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq belə nəticəyə gəlirəm ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir: Belə ki, iş materiallarında olan: Alıcı qismində “X8 Kompleksi” MMC, tədarükçü qismində “X8 Kompleksi” MMC-nin ”X7 və Emalı Zavodu” filialı və fermer Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 474 saylı xam-pambığın alğı-satqı müqaviləsindən görünür ki, Cavabdeh öhdəsində olan 3.00 hektar torpaq sahəsində öz işçi qüvvəsi ilə pambıq əkməyi və hər hektardan 30 sentnerdən az olmamaqla xam pambıq istehsal etməklə iddiaçıya (Alıcıya) satmağı öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 2.1.7-ci bəndinə əsasən, alıcıya məxsus texnikalarla görülmüş şum, mala, disk, ark, kultivasiya, dərmanlanma və s. fermerə göstərilən xidmətlərin , toxumluq çiyidin, zəhərli kimyəvi preparatların, gübrənin və s. dəyərini, həmçinin nağdsız qaydada götürülən vəsaitin məbləğini istehsal etdiyi xam-pambıqla müqavilədə göstərilmiş tarixədək tam ödəyir. Həmin Müqavilənin 2.2.7-ci bəndinə əsasən,fermer xam-pambığın yığımı və təhvili zamanı müqavilə şərtlərini pozduqda və pambığı başqa alıcıya satdığını müəyyən etdikdə bu zaman dəymiş ziyanı hesablayır və satılan pambığın dəyərini, həmçinin onun dəyərinin 20 %-i miqdarında Fermerdən cərimə tələb edilməsi üçün müvafiq sənədləri Alıcıya verir. Həmin Müqavilənin 5.2-ci bəndinə əsasən, fermer üzərinə götürdüyü öhdəlikdən az miqdarda xam-pambıq təhvil verərəsə və götürdüyü avans üzrə borclu qalarsa, təhvil verilməyən xam-pambığın dəyərinin 20 %-i həcmində cərimə ödəyir. “X8 Kompleksi” MMC-nin böyük mühasibi X3, aparıcı aqronom X4, dispetçer X5, aqranom X14, ərazi nümayəndəsi X1, fermer Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli Üzləşdirmə Aktından görünür ki, 2022-ci ilin məhsul ilində fermer X6 “Azərpambıq ASK MMC-non X7 və emalı filialına 01. Sentyabr 2022-ci il tarixinə 1515 manat məbləğində borcu vardır. xx.xx.2024-cü il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, 474 saylı müqavilə üzrə “X8 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinə 1050,01 manat borcu yaranmışdır. xx.xx.2023-cü il tarixli İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə Arayışdan görünür ki, iddiaçı “X8 Kompleksi” MMC-nin nümayəndəsi X2 və Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmişlər, lakin tərəflər mediasiya prosesini davam etdirməyə razılıq verməmişlər. “X8 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 40 manat məbləğində mediasiya xərci ödənilmişdir. xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı tərəfindən pretenziya qaydasına əməl edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən “Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. Bu Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Bu Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə onun icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 448-ci maddəsinə əsasən isə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən “Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Cavabdehin iddiaçı ilə arasında olan müqavilənin şərtlərinə əməl etməməsi və bunun nəticəsində hazırkı borcun yaranması iş materialları ilə kifayət qədər sübuta yetdiyindən iddianın 1050,01 manat məbləğində əsas borcun tutulması hissəsində təmin edilməsini qanunamüvafiq hesab edirəm. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1–ci maddəsin əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinəəsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Mülki qanunverciliklə öhdəliklərin icrasının təminatı üsulu və mülki hüquq məsuliyyət tədbiri olaraq dəbbə pulu borcluya qarşı maliyyə sanksiyası kimi müəyyən edilir və onun məqsədi kreditorun pozulmuş hüquqlarının bərpasıdır. Dəbbə pulu heç bir halda kreditorun varlanma vasitəsi ola bilməz və buna yol verilməməlidir. Bu mənada hesab edirəm ki, 210 manat məbləğində cərimə tənasübsüz surətdə yüksəkdir. Ona görə də cərimənin 100 manat saxlanmasını daha məqəsədə müvafiq hesab edirım. Beləliklə hesab edirəm ki, iddia qiısmən təmin edilməli, cavabdehdən müqavilə üzrə əsas borca görə 1050,01 manat, cərimə borcuna görə 100 manat pulun tutularaq, alınıb iddiaçı təşkilata verilməlidir. Həmçinin iddiaçının “40 manat məbləğində mediasiya xərcinin tutulması” ilə əlaqədar tələbi ilə bağlı isə qeyd edirəm ki,ödənilmiş mediasiya xərcinin 20 manatı cavabdehdən tutulmalıdır. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 36.5-ci maddəsinə əsasən, “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Eyni zamanda “Dövlət rüsumu” haqqında Qanunun 9.1-1. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsi 1150,01 (min yüz əlli manat 01 qəpik) manat olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 31,50 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; -77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 1050,01 (min əlli manat 01 qəpik) manat məbləğində əsas borc, 100 (yüz) manat məbləğində cərimə borcu və 20 (iyirmi) manat məbləğində mediasiya xərci olmaqla, cəmi 1170,01 (min yüz yetmiş manat 01 qəpik) məbləğində pul vəsaiti alınaraq “X8 Kompleksi” MMC-nin hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh dövlət nəfinə 31,50 (otuz bir manat 50 qəpik) manat məbləğində dövlət rüsumu tutulsun. Qətnamədən tərəflərə onun surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xatın Cabbarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar