Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № e-2(020)-1402/2024 06.12.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Cabbarlı Xatın Mahir qızının sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, İddiaçı MMC-nin cavabdeh Cabbarova (Allahverdiyeva) Gültəkin Ədil qızına qarşı borcun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: xx.xx.2024-cü il tarixdə İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 18 may 2020-ci il tarixli, 8MKK5827331 saylı borc müqaviləsinə əsasən 561 manat əsas borc, müqavilə üzrə hesablanmış 100 manat cərimə borcu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun cəmi 691 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iş üzrə Cavabdeh İddiaçı MMC ilə müddəti 12 ay olmaqla 18 may 2020-ci il tarixli borc müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 651 manat olan məişət avadanlığı əldə edib. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 561 manat əsas borcu qalıb. Qeyd edilən borc müqaviləsinə əsasən borcalan (cavabdeh) müqavilə müddəti bitdikdən sonra qaytarılmayan məbləğ üçün əlavə olaraq hər gün 1% cərimə ödəməlidir. Belə ki, cavabdehin iddiaçıya əsas borcdan əlavə olaraq 6563 manat cərimə borcu yaranmışdır (561 manat x 1170 gün x 1%=6563 manat). İddiaçı cərimə borcunu cavabdehdən cəmi 100 manat məbləğində tələb edir. Yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh 18 may 2020-ci il tarixli, 8MKK5827331 saylı borc müqaviləsinə əsasən 561 manat əsas borc, müqavilə üzrə hesablanmış 100 manat cərimə borcu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun cəmi 691 manat pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması zəruridir. Müqavilədə tərəflər arasında yaranmış mübahisənin pretenziya qaydasında həll olunmağı nəzərdə tutulmadığından cavabdeh tərəfə pretenziya məktubu göndərilməmişdir. İddiaçı MMC məhkəməyə ərizə göndərərək, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, lakin xx.xx.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək, tələb üzrə iddia müddətinin keçdiyini, onlar arasında müqavilənin 18 may 2020-ci il tarixdə 12 ay müddətinə bağlandığını və 3 illik iddia müddətinin 18 may 2024-cü il tarixdə bitdiyini bildirərək, mülki iş üzrə iddia müddətinin tətbiq edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir: Belə ki, iş materiallarında olan: İddiaçı ilə Cavabdeh arasında xx.xx.2020-cü il tarixdə bağlanmış 8MRK5827331 nömrəli borc müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh ilkin ödəniş 39 manat olmaqla, 12 ay müddətinə, hər ay 51 manat ödəmək şərti ilə, dəyəri 651 manat olan məişət avadanlığı satmışdır. Həmin müqavilədə qeyd edilir ki, Borcalan borc üzrə əsas borc məbləğini şirkətə qaytarmadıqda, əlavə olaraq Şirkətə vaxtında qaytarılmayan (müqavilə müddəti bitdikdən sonra) məbləğ üçün hər gün 1 %-dək faiz dərəcəsi ilə hesablanan cərimə faizləri ödəyir. xx.xx.2023-cü il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh xx.xx.2020-ci il tarixli müqavilə üzrə İddiaçınə 561 manat əsas borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; -445.2.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müdəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; -448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; -450.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. -598.3-cü maddəsinə əsasən, əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 361-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. -600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; -600.2-ci maddəsinə görə əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. -600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; -601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edildi ki, tərəflər arasında bağlanmış 18 may 2020-ci il tarixli 8MKK5827331 nömrəli alqı-satqı müqaviləsinə əsasən cavabdeh Cabbarova (Allahverdiyeva) Gültəkin Ədil qızına ilkin ödəniş 39 manat olmaqla, 12 ay müddətinə hər ay 51 manat ödəmək şərtilə 651 manat məbləğində məişət əşyası satılmış, sonuncu isə həmin məbləği müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh Cabbarova (Allahverdiyeva) Gültəkin Ədil qızı müqavilə ( ilə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Lakin cavabdeh məhkəmə iclasında məhkəməyə ərizə təqdim edərək, iddia müddətinin tətbiq edilərək, iddianın rədd edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Göründüyü kimi tərəflər arasında qanunla müəyyən edilmiş qaydada alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmışdır. Tərəflər arasında 18 may 2020-ci il tarixdə bağlanmış müqavilənin icra müddətinin son tarixi isə xx.xx.2021-ci ildir. İcra müddəti xx.xx.2021-ci il tarixdə bitmiş alqı-satqı müqaviləsi ilə bağlı iddia müddətinin axımı həmin tarixdən başlansa da, cavabdehə qarşı həmin öhdəliklər üzrə iddia xx.xx.2024-cü il tarixdə, başqa sözlə müqavilə tələbləri üzrə qanunla müəyyən edilmiş 3 illik iddia müddəti bitdikdən sonra irəli sürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Qeyd olunanlara qiymət verərək məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Cabbarova(Allahverdiyeva) Gültəkin Ədil qızına qarşı “pul” tələbinə dair iddiası iddia müddəti keçdiyi üçün təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-ce maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia rədd edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Cabbarova (Allahverdiyeva) Gültəkin Ədil qızına qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1 (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Xatın Cabbarlı
Məhkəmə qərarları › İş №e-2(020)-1402/2024
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(020)-1402/2024
06.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver