Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № e-2(020)-1433/2025 04.02.2026 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Səfərov Səbuhi Əlifağa oğlunun sədrliyi, Bərşadlı Məmmədşah Elburus oğlunun katibliyi, İddiaçı, Cavabdeh və onun nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin məcburi qaydada sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Beyləqan Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: TƏSVİRİ HİSSƏ: İşin halları:
1. İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “qanunsuz tikilinin məcburi qaydada sökülməsi” barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir.
İddiaçının əsaslandırması:
2. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında 2012-ci ildə inşa edilmiş və dörd bir tərəfdən mişar daşı ilə hasara alınmış iki mərtəbəli fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. Həm torpaq sahəsi və həm də ev mülkiyyət hüququ ilə ona məxsusdur. Lakin, hazırki iş üzrə Cavabdeh qonşuluq münasibətlərini pozaraq, ara məsafəsini 2 metrdən az saxlamaqla üç mərtəbəli ev inşa etdirmiş, bununla onun öz mənzilinin pəncərə və nəfəsliklərindən istifadəsini tamamilə bağlamış, otaqlara hava daxil olmasının qarşısını kəsmiş, eyni zamanda evinin 3-cü mərtəbəsindən onun evinə doğru açdırdığı pəncərədən onun hamam, ayaqyolu, mətbəx və yataq otağının daxilini görməklə öz mənzilindən rahat istifadə etməsinə maneə yaratmışdır. İddiaçı cavabdehə bu barədə dəfələrlə iradını bildirmiş, etiraz etmiş, lakin cavabdeh iddiaçının iradlarına əhəmiyyət verməmişdir. Faktiki olaraq iddiaçıya məxsus yaşayış sahəsindən rahat istifadə edilməsinə ciddi maneçiliklər yaranmışdır. Odur ki, hazırkı iddia ərizəsi ilə iddiaçı məhkəməyə müraciət etmişdir.
Cavabdehin etirazı:
3. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz məhkəməyə təqdim edilməmişdir.
Tərəflərin izahatları:
4. İddiaçı məhkəmə iclasında iştirak edərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir.
5. Cavabdeh və nümayəndəsi məhkəmə iclasında iştirak edərək, fərdi yaşayış evinin 3-cü mərtəbəsindən hazırki iş üzrə iddiaçının yaşayış evi istiqamətində açılmış pəncərə yerinin daşla bağlanıldını deyərək, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişlər.
6. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir.
ƏSASLANDİRİCİ HİSSƏ:
Faktiki hallar və sübutlar:
7. İş materiallarına əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında 0.0365 hektar torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evi İddiaçı adına rəsmiləşdirilmişdir.
8. İş materiallarına əlavə edilmiş Beyləqan Rayon İcra Hakimiyyəti tərəfindən yazılmış 22 aprel 2025-ci il tarixli, 5-37-2/2-K-8-151/2025 saylı məktubun surətindən görünür ki, iş üzrə Cavabdeh tikinti işlərinin dayandırılması tələb edilmiş və qanunamüvafiq tədbirlər görülməsi üçün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyinə və Beyləqan rayon Polis şöbəsinə müraciət olunmuşdur.
9. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəsi tərəfindən yazılmış 23 aprel 2025ci il tarixli, 3-35-2/2-Kol-117-36-227/2025 saylı məktubun surətindən görünür ki, barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektlərinin tikinti layihəsinin memarlıqplanlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun tikilməsinə nəzarəti Fövqəladə Hallar Nazirliyi həyata keçirir.
10. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyi tərəfindən yazılmış 01 may 2025-ci il tarixli, 3-18-2/2-K- 368-100/SO/2025 saylı məktubun surətindən görünür ki, iş üzrə Cavabdeh tərəfindən həyata keçirilən tikinti işləri Agentliyin tələbi ilə dayandırılmışdır.
11. İş materiallarına əlavə edilmiş “məhkəmə tikinti-texniki” ekspertizasının keçirilməsinə dair 05 dekabr 2025-ci il tarixli, 10/6377 saylı rəydən görünür ki, iş üzrə Cavabdeh Beyləqan şəhəri, S.İmrəliyev küçəsi ev 1 ünvanında inşa etdirdiyi tikilinin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 mart 2014-cü il tarixli, 72 nömrəli qərarı ilə təsdiq edilmiş “Ara məsafəsi ilə bağlı müfəssəl qaydalar”ın tələblərinə uyğun inşa edilmədiyi müəyyən edilmişdir. Belə ki, həmin tikilinin xarici divarının hündürlüyü 9.4 metr olduğundan müvafiq normaların tələblərinə əsasən ara məsafəsi 2.82 metr (9.4x0.3) müəyyən olunur. Lakin, faktiki vəziyyətdə iddiaçı ilə sərhəd istiqamətində 1.7 metr, digər qonşulara münasibətdə isə 0.6 və 0.4 metr məsafə saxlanılmışdır.
12. İş materiallarına əlavə edilmiş 26 yanvar 2026-cı il tarixli “Yerində müayinə protokolu”ndan görünür ki, Cavabdeh tərəfindən ünvan 3 ünvanında inşa edilmiş tikili yalnız daş və beton konstruksiyadan ibarət 3 mərtəbəli olmaqla, birinci mərtəbənin döşəməsindən üçüncü mərtəbənin tavanına qədər olan hündürlüyü 10 metrlik metrə ilə ölçüldü və 9 metr 63 sm, eninin 10 metr 5 sm və uzunluğunun isə 14 metr, İddiaçı məxsus torpaq sahəsində olan fərdi yaşayış evinin divarına qədər olan məsafənin 2 metr 20 sm olduğu müəyyən olundu. Eyni zamanda iddiaçıya məxsus torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin ikinci mərtəbəsinin hamam, mətbəx və yataq otağnının pəncərələrindən Cavabdeh inşa etdirdiyi tikiliyə baxarkən, həmin tikilinin üçüncü mərtəbəsində mövcud olan pəncərə yerindən iddiaçının evinin hamam, mətbəx və yataq otağının pəncərələri tam şəkildə görünür. İddiaçının deməsinə görə, cavabdehin inşa etdirdiyi həmin evin məhz qeyd olunan pəncərəsinin görüntüsü onun normal yaşayışına maneəçilik törədir.
13. İş materiallarına əlavə edilmiş cavabdeh tərəfindən təqdim edilmiş fotoşəkillərdən görünür ki, ünvan 3 ünvanında inşa edilmiş tikilinin 3-cü mərtəbəsindən hazırki iş üzrə iddiaçının yaşayış evi istiqamətində açılmış pəncərə yeri bağlanılmışdır.
14. İş materiallarına əlavə edilmiş 18 iyul 2025-ci il tarixli, 16870 nömrəli qəbzdən görünür ki, iddiaçı məhkəməyə iddia ərizəsil ilə müraciət etmək üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir.
Tətbiq edilən hüquq:
15. Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin İ bəndində göstərilmişdir ki, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 170.1 və 170.2-ci maddələrinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır.
17. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin: 69.8-ci maddəsinə əsasən ara məsafəsi ilə bağlı müfəssəl qaydalar Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilir. 80.1-ci maddəsinə görə mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. 80.2-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. 80.5-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun tikilməsinə nəzarəti müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi) həyata keçirir. 92.4 və 92.4.1-ci maddələrinə əsasən tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyekti belə icazə alınmadan, habelə xüsusi nişanın tikinti işlərinin başlanması üçün əsas olduğu hallarda belə nişan alınmadan, barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyekti isə tikinti işlərinin başlanması üçün bu Məcəllənin 80.4-cü maddəsində müəyyən olunmuş əsas olmadan tikildikdə tikintiyə dövlət nəzarəti çərçivəsində müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi) hər bir pozuntu ayrıca təsvir olunmaqla müvafiq akt tərtib edir və onun əsasında tikinti işlərinin dayandırılması barədə qərar qəbul edir. 95.2-ci maddəsinə görə bu Məcəllənin 95.1.1-ci və 95.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda yan divarlarının və dam örtüklərinin inşası başa çatmamış tikinti obyektinin sökülməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi) tərəfindən qəbul edilir.
18. Plenum qərarları: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında göstərmişdir ki, ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 28 dekabr 2004cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
19. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin: Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
20. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi:
21. Məhkəmə mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia əsassızdır və rədd edilməlidir.
22. Belə ki, qeyd olunan qanunvericilik aktlarının tələblərindən görünür ki, hazırki iş üzrə cavabdeh fərdi yaşayış evinin 3-cü mərtəbəsində inşa etmiş olduğu və iddiaçının evinin hamam, ayaqyolu, mətbəx və yataq otaqlarını görən pəncərəsini bağlamaqla, sonuncunun öz yəşayış evindən istifadəsinə yarada biləcəyi maneəni tam şəkildə aradan qaldırmış, eyni zamanda evlər arasında olan məsafə 2 metrdən artıq olduğuna görə günəş işığının düşməsi və havalanmanın qarşısının alınması praktiki olaraq mümkün deyildir.
23. Bundan başqa, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə görə cavabdeh məlumatlandırma icraatını həyata keçirmədiyinə görə onun tərəfindən yol verilmiş qanunsuzluqların qarşısnın alınmasına nəzarəti Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirdiyinə görə, məhz qanunsuz tikilinin sökülməsini tələb etmək hüququ da qeyd olunan quruma məxsusdur.
24. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
25. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil.
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edilmədiyinə görə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
NƏTİCƏ HİSSƏ: Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88, 216-220, 227, 233, 234, 360-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ:
İddia rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Səbuhi Səfərov