Məhkəmə qərarları › İş №e-2(020)-1562/2024

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(020)-1562/2024

04.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № e-2(020)-1562/2024 04.11.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx xxxxxx 1997-ci il təvəllüdlü Cavabdeh 23 iyul 2020-ci il tarixli, MRK5746446-0 saylı borc müqaviləsinə əsasən 1154 manat əsas borc, müqavilə üzrə hesablanmış 250 manat cərimə borcu və 35 manat məbləğində ödənilmiş dövlət rüsumunun cəmi 1439 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC nümayəndəsini məhkəmə iclasına göndərməmişdir. Həmin təşkilatın nümayəndəsi məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılıb iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı MMC ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı MMC ilə müddəti 18 ay olmaqla 23 iyul 2020-ci il tarixli borc müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 1429 manat olan məişət avadanlığı əldə etmişdir. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 1154 manat əsas borcu qalmışdır. Qeyd edilən borc müqaviləsinə əsasən borcalan (cavabdeh) müqavilə müddəti bitdikdən sonra qaytarılmayan məbləğ üçün əlavə olaraq hər gün 1% cərimə ödəməlidir. Cavabdehin iddiaçıya əsas borcdan əlavə olaraq 10732 manat cərimə borcu yaranmışdır (1154 manat x 930 gün x 1%=10732 manat). Cərimə borcuna görə cavabdehdən 250 manat məbləğində tələb edilir. Müqavilədə tərəflər arasında yaranmış mübahisənin pretenziya qaydasında həll olunmağı nəzərdə tutulmadığından cavabdeh tərəfə pretenziya məktubu göndərilməmişdir. Ona görə də xx xxxxxx 1997-ci il təvəllüdlü Cavabdeh 23 iyul 2020-ci il tarixli, MRK5746446-0 saylı borc müqaviləsinə əsasən 1154 manat əsas borc, müqavilə üzrə hesablanmış 250 manat cərimə borcu və 35 manat məbləğində ödənilmiş dövlət rüsumunun cəmi 1439 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Cavabdeh ilə telefon əlaqəsi saxlanılmış, cavabdeh iddianı qəbul etdiyini və işə onun iştirakı olmadan baxılmasını bildirmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlmədiyindən məhkəmə cavabdehin iştirakı olmadan işə baxmağı mümkün hesab edir. İş materiallarına əlavə edilmiş alqı-satqı müqavilələrindən görünür ki, Cavabdeh İddiaçı MMC ilə müddəti 18 ay olmaqla 23 iyul 2020-ci il tarixli borc müqaviləsi bağlamışdır. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh ilə xx.xx.2020-ci il tarixində bağlanmış MRK5 746446-0 saylı müqavilə üzrə ödənilməmiş 1154,00 əsas (qalıq) borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən “Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. Bu Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Bu Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə onun icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 448-ci maddəsinə əsasən isə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən “Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir.” 449.4-cü maddənin tələblərinə görə “Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur.” Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən: “Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur”. Məhkəmədə cavabdehin iddiaçı təşkilatla müqavilə bağlayaraq hər ay pulunu hissihissə ödəmək şərti ilə məişət avadanlıqları götürməsii, müqavilə şərtinə əməl etməyərək iddiaçı təşkilata borclu qalması kifayət qədər sübuta yetmişdir. Ona görə də məhkəmə iddianın təmin edilməsini əsaslı hesab edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırılmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respubaliksı MPM-nin 212-220, 227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 23 iyul 2020-ci il tarixli, MRK5746446-0 saylı borc müqaviləsinə əsasən 1154 manat əsas borc, müqavilə üzrə hesablanmış 250 manat cərimə olmaqla cəmi 1404 (min dörd yüz dörd) manat borc və 35 (otuz beş) manat məbləğində ödənilmiş dövlət rüsumu alınıb İddiaçı MMC-yə ödənilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar